Saakaşvili Gürcüstanda hakimiyyət dəyişikliyi anonsu verdi
30-04-2024 23:07 / Bu xəbər 959 dəfə oxundu
"Xarici agentlər haqqında” Qanun Gürcüstanda hakimiyyət dəyişikliyinə səbəb olacaq”
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili "Dojd” kanalına müsahibə verib.
Saakaşvili "Xarici agentlər haqqında” Qanunun Gürcüstanda hakimiyyət dəyişikliyinə gətirib çıxaracağına işarə edib: "İstənilən halda hakimiyyət dəyişikliyi baş verəcək, lakin bu qanun hakimiyyətin dəyişdirilməsi prosesini dərinləşdirəcək və sürətləndirəcək”.
O, Bidzina İvanişvilini Gürcüstanda Putinin siyasətinin davamçısı sayıb: "Bununla bağlı sübutlar var. İvanişvili hakimiyyətə gəldikdən sonra gürcü rusdilli kanal olan "Birinci Qafqaz” kanalını dərhal bağladı. Ancaq "Sputnik Rusiya”nın Gürcüstanda fəaliyyətinə imkan verdi. İvanişvili Amerika Texnologiya Universitetini və Amerika Müəllimlər Proqramını bağladı. Moskvanın fərmanı ilə iki mühüm infrastruktur layihəsi – Lazika-Anaklia limanı və Batumidəki Kral Karib dənizi terminalı ləğv edildi”.
"Nəhayət, Rusiyaya casusluq ittihamı ilə saxlanılan şəxslər siyasi məhbus kimi azadlığa buraxılıb. Həmçinin 2008-ci il müharibəsinin gürcü iştirakçılarının siyahıları Rusiya xüsusi xidmət orqanlarına təhvil verilib, Gürcüstan ərazisində ruslara qarşı xüsusi əməliyyatların bir çox iştirakçısı öldürülüb və bir çoxuna qarşı Baş prokuror tərəfindən cinayət işi açılıb. Son illərdə Gürcüstan hökuməti kəskin anti-Ukrayna mövqeyi tutaraq Rusiya pullarının yuyulması məkanına çevrilib və ötən həftə bu istiqamətdə ayrıca qanun qəbul edilib", – deyə Saakaşvili vurğulayıb.
Keçmiş Prezident deyib ki, "Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası oktyabr seçkilərini saxtalaşdırmağa çalışsa da, sarsıdıcı hesabla uduzacaq.
Saakaşvili indiki Prezident "Salome Zurabaşvilidən əfv gözləyirsinizmi?" sualına sualla reaksiya verib: "Onun bu hərəkəti etməyə cəsarəti varmı, bilmirəm. Axı, Ukrayna kəşfiyyatına görə mən Putinin şəxsi məhbusuyam".
Müxalifətin fəaliyyətinə təsirinə gəldikdə, Saakaşvili bildirib ki, onun bu birliyin təmin olunmasında rolu ola bilər.
Keçmiş dövlət başçısı səhhətinin yaxşı olmadığını deyib: "İki ildən artıqdır ki, nə günəş görürəm, nə də təmiz hava uduram. Ağır metal zəhərlənməsinin izləri hələ də qalmaqdadır. Mən Vladimir Kara-Murza ilə yazışıram və simptomlarımız çox oxşardır. Mən işləməyə çalışıram. Gürcü və Ukrayna dilli kanallara baxıram. Deputatlara qanunazidd olaraq mənimlə görüşə icazə verilmir. Mənə də qeyri-qanuni olaraq hər hansı telefon danışığı qadağan edilib".
Mixali Saakaşvili "Gürcüstana qayıtdığınız üçün peşmansınız?” sualına konkret cavab verməyib: "Təəssüf edirəm ki, hələ də Prezident Zelenskinin yanında Milli İslahat Şurasının sədri olduğum Ukraynaya daha fəal kömək edə bilmirəm. Digər tərəfdən, mənim Gürcüstanda olmağım ölkədəki bir çox insanı çox ruhlandırır".
O, Aleksey Navalnını "dünya tarixinin böyük qəhrəmanı" adlandırıb: "Aleksey Navalnının kamerasından mənimlə həmrəylik ifadə etməsi məni çox təsirləndirdi. Mənim üçün o, dünya tarixinin böyük qəhrəmanıdır. Putin dəfələrlə məni öldürməklə hədələyib. Deyə bilərsiniz ki, Putinin öldürməklə hədələdiyi, lakin hələ də sağ olduğu yeganə insan mənəm".
Ukrayna savaşı barədə suala Saakaşvili belə cavab verib: "Putin qoşunlarla Kiyevə yürüş edən kimi dərhal onun işinin bitdiyini dedim. Və xüsusilə indi – Vaşinqtonda və Avropada son qərarlardan sonra".
2004-2013-cü illərdə Gürcüstanın Prezidenti olan Mixail Saakaşvili 2021-ci ilin sentyabrında Tbilisiyə qayıdıb və elə həmin vaxt da həbs olunub.
O, iki cinayət işi üzrə qiyabi şəkildə azadlıqdan məhrum edilmişdi.
M.Saakaşvili həbs olunandan sonra üç dəfə aclıq elan edib; birincisi 2021-ci ilin oktyabr-noyabr aylarında 50 gün, ikincisi – 2022-ci ilin fevral-mart aylarında 20 gün davam edib.
M.Saakaşvili üçüncü dəfə aclığı 2022-ci il dekabrın 14-ü elan edib. Lakin elə həmin gün Avropa Parlamentinin deputatları onu aclıqdan imtina etməyə inandıra bilib.
Saakaşvilinin vəkilləri dəfələrlə onun sağlamlığının təhlükədə olduğunu bəyan edib.(Meydan TV)