Saakaşvili iqtidara qayıdır... - Gürcüstandan reportaj

Saakaşvili iqtidara qayıdır...    - Gürcüstandan reportaj

24-01-2015 00:32 / Bu xəbər 1167 dəfə oxundu

Gigi Tsereteli: “Bu hakimiyyət getməlidir”


Martın 21-də Tiflisin baş meydanında eks-prezident Mixeil Saakaşvilinin lideri olduğu Milli Birlik partiyasının təşəbbüsü ilə mitinq keçirilib. Yerli medianın verdiyi xəbərə görə, əsas tələbi hakimiyyətin istefası olan aksiyaya 38 min vətəndaş qatılıb. Mitinqdə çıxış edən müxalifət liderləri bildirib ki, Bdzina İvanişvili seçki yolu ilə hakimiyyətdən getsə də, ölkəni qeyri-rəsmi idarə edir, onun rəhbərliyi altında fəaliyyət göstərən komanda ölkəni uşuruma aparır, nə siyasi, nə sosial-iqtisadi sahədə heç bir irəliləyiş yoxdur, əksinə, milli valyutanın ucuzlaşması ilə vətəndaşların maddi durumu gündən günə pisləşir. Milli Birlik Pariyasının liderlərindən, partiyanın parlament qrupunun sədri Gigi Tsereteli “Yeni Müsavat”-ın  Gürcüstandakı siyasi durumala bağlı suallarını cavablandırıb.

- Cənab Tsereteli, partiyanızın əsas tələbi hakimiyyətin istefasıdır. Tələbin əsas səbəbləri hansılardır?

- İndiki hakimiyyət ötən 2 ildə göstərdi ki, o, effektiv fəaliyyət göstərə bilmir. Onlar iqtisadi islahatları həyata  keçirə, vətəndaşlar üçün yeni iş yerləri aça, ölkədə investisiya mühitini yaxşılaşdıra bilmədilər. İşsizlik baş alıb gedir, lari sürətlə dəyərdən düşür, bu səbəbdən də yoxsulluq həddi durmadan artır. Bütün bu acınacaqlı durum hökumətin 2 illik fəaliyyətsizliyinin nəticəsində yaranıb.

“Hökumət vətəndaşın onu özünə, dövlətinə, ölkəsinə layiq bilmədiyini anlamalı və istefa verməlidir” 


- Vətəndaşlar eks-prezident Saakaşvili haqqında qaldırılan cinayət işinin bağlanmasını, onun ölkəyə qayıdışına şərait yaradılmasını da tələb edir. Belə ehtimallar səslənir ki, əgər Tiflisdə 200 min insan etiraz aksiyalarına qoşulsa hökumət geri çəkilməyə məcbur olacaq. Siz nə düşünürsünüz – Saakaşvili yaxınlarda Gürcüstana qayıda biləcəkmi?

- Söhbət nə qədər insanın küçələrə çıxmasında deyil. Hakimiyyət yaxşı bilir ki, bu gün onun əleyhdarları sırasında Saakaşvilini hakimiyyətdən endirib ona meydan verənlər də çoxdur. Yəni bu gün Gürcüstanda böyük çoxluq hakimiyyətdən narazıdır. Biz hökuməti dəfələrlə vətəndaşlarla kommunikasiyanı yaxşılaşdırmağa çağırmışıq. Eyni zamanda müxalifətlə dialoq, müzakirələr təklif etmişik. Ancaq qarşılığında adekvat olmayan çıxışlar eşitmişik. Rəqəmlər, reallıq tam əksini göstərsə də hökumət iddia edir ki, ölkə iqtisadiyyatı inkişaf edir, səslənən iradlar müxalifətin, medianın uydurmalarıdır. Tutarlı heç  bir arqumentləri yoxdur. 2 ildir pensiyalar və müavinətlər 1 lari belə artırılmayıb, əksinə, milli valyuta dəyərdən düşərək insanların daha ağır sosial şərtlər altında yaşamasına yol açıb. İndiki komanda iqtidara gələndə xalqa maaş və pensiyaların artacağı, kredit faizlərinin aşağı salınacağı, ölkəyə xarici investisiya axınını gücləndiriləcəyi, sənayenin inkişaf etdiriləcəyi, yeni iş yerləri açacaqları haqqında vədlər vermişdi. Bunların heç biri yerinə yetirilməyib. Ona görə də xalq bu iqtidara çox qəzəblidir. Martın 21-də keçirən aksiya zamanı bu qəzəb aşkar göründü.

“Bütün araşdırmalar göstərir ki, Gürcüstan vətəndaşının sosial durumu son 2 ildə 80 faiz pisləşib”


- Mitinqə nə qədər insan gəlmişdi?

- Bir neçə qaynaq, o sıradan çoxsaylı media orqanları aksiyaya 50 minə yaxın insanın gəlməsi haqqında xəbər yayıb. Bizim hesablamalarımıza görə, mitinqdə ən azı 40 min insan vardı. Bu ölkə miqyaslı mitinq idi. Digər regionlarda da xeyli vətəndaş aksiyada iştirak etdi. Ancaq iştirak arzusunda olan xeyli vətəndaş hökumətin basqısına görə aksiyaya gələ bilmədi. Yerli icra orqanları prosesə müdaxilə etdilər, insanlara hədə-qorxu gəlindi, yollar bağlandı, müxalifətçiləri Tiflisə gətirəcək avtobus sürücülərinin sürücülük vəsiqələri əllərindən alındı. Buna baxmayaraq biz gözlədiyimiz nəticəni əldə etdik. 2 il bundan öncə bu hakmiyyət həmin meydanda aksiya keçirərkən iddia edirdi ki, meydanda 100 min insan var. Şəkillərlə müqayisə etmək daha asandır. 21 mart mitinqi hakimiyyətin “100 minlik” adlandırdığı mitinqlərdən daha qələbəlikdir. Etiraz aksiyalarının keçirilməsini vacib saysam da, mitinqlərə nə qədər insanın gəlməsinin prinsipial məsələ olduğunu düşünmürəm. Çünki ölkədə yaşayışından, sosial durumundan narazı olan 1 nəfər belə varsa, hökimətin borcu onun çətinliyini aradan qaldırmaqdır. Saakaşvilinin ölkəyə dönüşünün də mitinq iştirakçılarının sayından asılı olduğunu düşünmürəm. Bu iqtidarın taleyini 50 min insanla da həll etmək olar. Biz bütün hallarda dinc aksiyaların tərəfdarıyıq. Hökumət vətəndaşın onu özünə, dövlətinə, ölkəsinə layiq bilmədiyini anlamalı və istefa verməlidir. Bu ölkədə insanlar rahat deyil, özlərini pis hiss edirlər.

- Hakimiyyət təmsilçilərinin 21 mart aksiyasından sonra müxalifətin tələbləri ilə bağlı hər hansı açıqlamaları olubmu?

- Sadəcə bir-neçə cümlə ilə bildiriblər ki, iradların hamısı əsassızdır, Gürcüstan inkişaf edir. Hakimiyyət yalnız müxalifətin tələblərini deyil, sosioloji sorğuların nəticələrini, media araşdırmalarını da görməzdən gəlir. Düşünürəm ki, indiki iqtidarın hakimiyyətdən getməsi prosesi başlanıb.

- Növbədənkənar seçkilərə gediləcəyi nə qədər realdır? 

- Təbii, böhran dərinləşsə, növbədənkənar seçkilər qaçılmaz olacaq. Əgər cəmiyyətimizə xeyir verəcəksə, biz erkən seçkiyə getməyə hazırıq. Gürcüstan konstitusyon metodlarla hakmiyyəti devirməyi bacarır. Bu artıq ölkənin siyasi həyatının ənənəsidir. Düşünürəm ki, xalq yenə də öz sözünü deyəcək. Biz indi parlamentdə hökumətin impiçmenti məsələsinin qoyulması üçün imzalar toplamağa başlamışıq. Bu da sadə proses deyil. Ancaq biz bütün sivil yolları sınaqdan keçirməyi düşünürük.

- Milli Birlik Partiyasının bu təşəbbüsünü parlament partiyaları arasında dəstəkləyənlər varmı?

- Biz indi bir neçə partiya ilə danışıqlar aparırıq.Fikrimcə, biz yeni koalisiyada birləşərək, hökuməti istefaya göndərə biləcəyik.

Aygün Muradxanlı, Tiflis 
Musavat.com