Saatlı sakini: Uşaqların baxışlarından gizlənməyə çalışıram

Saatlı sakini: Uşaqların baxışlarından gizlənməyə çalışıram

18-07-2019 13:55 / Bu xəbər 344 dəfə oxundu

Elnur Səfərov həm xəstəlikdən, həm də səfalətdən əziyyət çəkdiyini deyir

"Səhərdən axşama kimi evdən çıxıb çörək axtarıram, axşam əlimi-qolumu sallayıb evə girəndə hiss edirəm ki, uşaqlar məndən küsüb. Hərdən az qalıram öz canıma qəsd eləyim, uşaqların ac baxışlarından gizlənməyə çalışıram, yenə olmur”.

Saatlının Qara Nuru kənd sakini, 36 yaşlı Elnur Səfərov deyir bunları… O, ailə başçısıdır, ancaq işsizlik və xəstəliyinə görə ailəsinin yanında özü demişkən, boynu bükük qalıb.

Elnur Səfərovun iki azyaşlı övladı var. Qızı 14 yaşındadır, məktəblidir. Ancaq ata deyir, imkansızlıqdan çox vaxt Vüsaləni məktəbə yollaya bilmir. Oğlunun 6 yaşı var, məktəbə getməlidir, nə məktəb ləvazimatlarını, nə də geyimini almağa imkanı var. Oğlunun da məktəbə getməsi sual altına düşüb. Ata deyir, hələ bunlar sonranın işidir, bu uşaqlar heç qarnıdolusu yemək də yemirlər.

"Çox vaxt ac yatırlar”

"Uşaqlar çox vaxt ac yatırlar. Artıq buna öyrəşiblər. Vaxtilə daş daşımışam, belimdə qrija əmələ gəlib. Brüselyoz xəstəliyindən əziyyət çəkirəm. Brüselyoza görə dəfələrlə yüksək hərarətdən huşumu itirmişəm, müalicə ala bilmədiyim üçün hərarət nəticəsində ciyərlərim, böyrəklərim sıradan çıxıb, nə brüselyozdan, nə də o xəstəliyin sıradan çıxardığı orqanlardan müalicə imkanım var. Uşaqların ikisi də burun-boğaz əməliyyatı olunmalıdır, gecələr yatanda boğulurlar, həyat yoldaşım kəskin anemiyadan əziyyət çəkir. Dərin müalicə, güclü qidalanmaq lazımdır. Heç nəyə gücüm çatmır, artıq kasıbçılıqla mübarizə apara bilmirəm, hərdən özümü öldürmək istəyirəm,”- Elnur Səfərov belə deyir.

Ünvanlı sosial yardım ala bilmir

Elnur Səfərov ünvanlı sosial yardım üçün müvafiq quruma müraciət edib. Deməsinə görə, ondan pay torpağıın Çıxarışı tələb olunur. O isə deyir, bu Çıxarışı əldə etmək üçün 500 manat xərc çəkməlidir:

"Elə sənədlər tələb olunur ki, o sənədləri əldə etmək mümkün deyil. Çıxarışa görə məndən 500 manat istənilir. Mənim körpələrim acından köpük qusur, bunlar məndən rüşvət istəyir. Halsız, xəstə canımla xeyli idarə qapılarında qaldım, bir-birlərinin üstünə ötürdülər. Axırda dedilər, 500 manat xərci var. Hələ bununla da iş bitmir. 500 manatım olsaydı, gedib müalicə alardım, ayaq üstə dayana bilərdim, hamballıq eləyib bir tikə çörək qazanardım”.

Səfərovun evi
Mənbə: meydan.tv

Bəzi məlumatları dəqiqləşdirmək üçün Elnur Səfərovla növbəti dəfə telefon əlaqəsi saxlayanda, o, daş daşımaq üçün başqa kənddə idi. Ancaq hiss olunurdu ki, xəttin o başında qəhər boğazında düyünlənmişdi:

"Eşitdim bu kənddə daş daşımaq lazımdır, birtəhər canımı dişimə tutub gəlmişəm. İşi verən adam deyir, sənə qıymaram daş qaldırasan, hərarətdən yanırsan, halsızsan… Uşaqlarsa evdə məni gözləyir, on manat aparmalıyam, çörək, qənd almalıyam…”

"Ona qanunvericiliyin tələbləri izah edilib”

Saatlı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Elnur Səfərov iş və ünvanlı sosial yardımın təyin olunmasına kömək olunması üçün quruma müraciət edib. Onu başçının müavinləri və Aparatın şöbə müdirləri qəbul edib, dinləyib: "Vətəndaşa qanunvericiliyin tələbləri izah edilib. Ona bildirilib ki, işsizlik üçün rayondakı Məşğulluq Mərkəzinə, ünvanlı sossial yardım üçün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir. Vətəndaşlar elə düşünürlər ki, bütün problemlərin həlli yerli icra hakimiyyətindədir. İcra hakimiyyətinin elə bir büdcəsi yoxdur ki, vətəndaşları mütəmadi maddi yardımla, işlə təmin etsin. Bununla məşğul olmalı müvafiq qurumlar var”.

Saatlı Rayon Sosial Müdafiə Mərkəzindən bildirilib ki, Elnur Səfərova ünvanlı sosial yardım üçün müraciətlə bağlı tələb olunan sənədlərin siyahısı verilib. "Vətəndaşa izah olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış VEMTAS Proqramına elektron qaydada müvafiq sənədlər təqdim edilməlidir. Ancaq vətəndaş hələ də bu əməliyyatı həyata keçirməyib. Tələb olunan sənədlər təqdim olunduqdan sonra araşdırmaların nəticəsindən asılı olaraq ünvanlı sosial yardım təyin edilir və ya imtina olunur”.

Elnur Səfərovsa deyir, rəsmi qurumların bu cavablarına necə deyərlər, "qarnı toxdur”. Ancaq müalicə, iş, ünvanlı sosial yardım üçün üz tutduğu qurumlardan eşitdiyi nağılları azyaşlı övladlarına danışa bilmir. Bu nağıllar hər gün ac baxışları ona zillənən azyaşlı balalarının qarnını doydurmağa yetərli deyil.

Ev
Mənbə: meydan.tv