Sabir Rüstəmxanlı İsa Qəmbərdən inciyib: “Vəfa Nağını müdafiə etdiyi üçün...”

Sabir Rüstəmxanlı İsa Qəmbərdən inciyib: “Vəfa Nağını müdafiə etdiyi üçün...”

11-01-2025 02:16 / Bu xəbər 61 dəfə oxundu

Sabiq deputat Sabir Rüstəmxanlı Müsavat Partiyasının başqanı İsa Qəmbərdən gileylənib və incidiyini vurğulayıb.

S.Rüstəmxanlı "Modern.az"a müsahibəsində İsa Qəmbərin hərəkətlərinin onu heyrətləndirdiyini deyib. 

Onun sözlərinə görə, Müsavat başqanı ilə hələ hərəkatdan əvvəl uzun müddət dost olub: "Amma parlament seçkisində kimliyini bildiyi birini deyil, özünü normal aparmayan, sonda da əsl üzü açılan Vəfa Nağını müdafiə etdi. Ona Müsavat Partiyasında mətbuat konfransı üçün yer verdi. Mən elə şey etməzdim. İsa Qəmbəri müdafiə edərdim, axı ailəsini də, özünü də tanıyıram. Heç vaxt digər alternativlərə yer verməzdim. Bu, mənim prinsiplərimə uyğun gəlməzdi. Görünür, bunlar həddindən artıq demokratdır. İncimişəm və bu incikliyi gizlətmirəm. Ola bilsin, haradasa səhv etmişəm, gəlib dostcasına, yoldaşcasına demək olar ki, belə olmaz, elə olar. Amma bunlar erməni tərəfdarlarına salonlarını açdılar. Müsavat Azərbaycan tarixində önəmli partiya idi. Orada Rəsulzadə var idi”. 

Sayt S.Rüstəmxanlının iradları ilə bağlı İsa Qəmbərin mövqeyini öyrənmək istəsə də, mümkün olmayıb. 

Əvəzində İ.Qəmbərin müavini Gülağa Aslanlı açıqlama verib. Bildirib ki, Müsavat Partiyası seçki zamanı rəsmən hansısa namizədi dəstəkləməklə bağlı qərar verməyib: "Əvvəla, biz partiya olaraq rəsmi şəkildə hansısa namizədi dətəkləmək barədə heç bir qərar verməmişik. Sadəcə olaraq seçki kampaniyasında iştirak edən onlarla adama öz etirazlarını bildirmək üçün qərargahımızda yer vermişik. Burada onlar öz işlərini görə mətbuat konfransı keçirə bilərdilər. Bu, hər hansı rəsmi dəstək anlamına gəlmir”.

Sabir Rüstəmxanlının iradlarına Neftçaladan deputatlığa namizəd olan Vəfa Nağı da reaksiya verib. 

Bu barədə Vəfa Nağı "Fecebook" hesabında yazıb. 

""Müsavat başqanı ilə hələ hərəkatdan əvvəl uzun müddət dost olub.Amma parlament seçkisində kimliyini bildiyi birini deyil, özünü normal aparmayan, sonda da əsl üzü açılan Vəfa Nağını müdafiə etdi”, - bu sözləri Sabir Rüstəmxanlı, Müsavatın qərargahında keçirdiyim mətbuat konfransına görə, İsa Qəmbər haqqında deyib.
Sabir Rüstəmxanlı və onun ailəsinin səs oğurluğunda ittiham edilməsi, rejimin əlaltısı olanlar üçün əlbəttə ki, "normal” hesab olunmur", - deyə Vəfa Nağı bildirib. 

"Rejimə xidmət Sabir üçün yalnız şəxsi mənfəət deyil, həm də ailəvi maraqlarının genişlənməsi üçündür: oğlunun biznesinin böyüməsi, həyat yoldaşının xalqın səsin oğurlayıb "deputat” olması, özünün isə müstəqil partiya adı altında rejimə xidmət etməsi… 
Beləcə, həm dövlət büdcəsindən maliyyə dəstəyi alır, həm də partiya ofisi ilə təmin olunur. Bu kimi hallara qarşı çıxmaq isə onlar üçün "normal" deyil. Sabirə xatırladım ki, bu cür oğru və quldur təfəkkür ilə mübarizə aparmaq ədalətə və xalqın maraqlarına xidmət etməkdir. Sizinki isə anormallığı da keçib, vicdan yoxsulluğudur", - deyə o vurğulayıb.