Sabirabadda 12 yaşlı qızı 32 yaşlı kişi ilə nişanlayıblar

Sabirabadda 12 yaşlı qızı 32 yaşlı kişi ilə nişanlayıblar

29-12-2023 14:34 / Bu xəbər 910 dəfə oxundu

Dövlət qurumlarının müdaxiləsindən sonra toy planlarının təxirə salındığı bildirilir

Sabirabadın Məmişli kəndində 12 yaşlı qız özündən 20 yaş böyük kişi ilə nişanlandırılıb. 

Kənd sakinləri bildiriblər ki, ailələr arasında razılıq olub, nişan mərasimi keçirilib. Lakin dövlət qurumları şə qarışandan sonra toy dayandırılıb. Halbuki yaxın bir-iki ilə toyla bağlı planlar olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb.

"Məlumat daxil olan kimi Komitənin Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və polis əməkdaşları ailə ilə görüşüblər”, - Mərdanoğlu deyib.

Komitə sözçüsünün sözlərinə görə, ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onlara izah edilib. Ailə başçıları bildiriblər ki, qız 18 yaşına çatandan sonra toy mərasimi baş tutacaq. 

Ailələr məcburetmə olmadığını, qızın öz istəyi ilə nişanlandığını deyiblər: "Ailə aidiyyatı orqanlar tərəfindən nəzarətdə saxlanılacaq, azyaşlı təhsilini davam etdirir. Qızla psixoloji söhbətlər aparılacaq”.

DİN Mətbuat Xidmətinin Şirvan Regional Qrupundan isə bildiriblər ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur. Araşdırmalar zamanı qızın 12 yaşlı olduğu məlum olub: "Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilə davam etməsinə, dərsə davamiyyətinə mütəmadi nəzarət olunacaq”.