Şabranda bir gündə 2 tender udan şirkətin sahibi: "227 min rüşvət vermişəm"

Şabranda bir gündə 2 tender udan şirkətin sahibi:

18-12-2020 00:14 / Bu xəbər 1245 dəfə oxundu

Şabran Rayon İcra Hakimiyyəti ötən gün 2 tender keçirib.

"Qaynarinfo" xəbər verir ki, hər iki tenderin qalibi "Şabran D” MMC olub.
 
Belə ki, Şabran şəhərinin küçə yollarının təmir işləri üçün 447 min 22 manat 35 qəpik, Şabran şəhərində abadlıq işlərinin aparılması üçün isə 395 min 412 manat 69 qəpik "Şabran D” MMC-yə ödəniləcək.

Bu MMC-nin direktoru Cəlal Bədəlovla Şabran İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov arasında isə maliyyə konflikti baş verib. 

Məlumatlara görə, tərəflər arasında 227 min manatlıq məhkəmə mübahisəsi də yaşanır. 

Cəlal Bədəlovun mediaya açıqlamasında qeyd edir: "Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov rayonda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderindən iştiraka razılıq vermək məqsədi ilə məndən pul istəmiş və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq 227.000 (iki yüz iyirmi min) manat pul verdim. Sonradan bu şəxs tərəfindən aldandığımı görüb pulları geri istədim. Mehdi Balabəyov çox get-gəldən sonra 5 nəfərin iştirakı ilə məndən aldığı puldan 50.000 (əlli min) manat qaytardı və yenə də gözləməyi təklif etdi. Lakin qalan pulumu qaytarmadı. Onun bu hərəkətləri ilə bağlı dəfələrlə hüquq mühafizə qrqanlarına, məhkəməyə müraciət etmişəm, lakin müdafiə edilən Mehdi Balabəyov məndən aldığı pulları qaytarmaq istəmir".

Cəlal Bədəlov deyir ki, onda Mehdi Balabəyovun rüşvət qalmaqalı ilə bağlı səs yazılarını və videogörüntülərini əks etdirən disklər də var və bunları hüquq mühahizə orqanlarına da təqdim edib.

O, icra başçısının müavinin əməllərini araşdırmağı tələb edir: "Hüquq mühafizə orqanlarına yazmışam ki, Şabran Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyovun əməllərinə hüquqi qiymət verilməsi və mənimsədiyi pulların mənə qaytarılmasına köməklik göstərsinlər…"

Şabran İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov onunla bağlı səsləndirilən iddilara aydınlıq gətirməyib.