Sahib Alıyev: "Arif Hacılı göstərdi ki, siyasətdə dibin dibi də varmış”

Sahib Alıyev:

08-06-2021 16:41 / Bu xəbər 925 dəfə oxundu

Deputatlar Müsavat başqanının fikirlərini tənqid ediblər

"Arif Hacılı düşmənlə sinxron çalışır, iyunun 4-də jurnalistlərin minaya düşməsinə görə Ermənistan rəhbərliyini günahlandırmır”.

Milli Məclisin iclasında deputat Sahib Alıyev Müsavat başqanı Arif Hacılı haqqında belə çıxış edib.

"Minsk Qrupunun həmsədrləri minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təzyiq göstərməlidir. Əksinə, həmsədr Fransa Azərbaycan keçən hərbi diversantları da hərbi əsir adlandırır. Arif Hacılı da həmin çevrələrə yarınır. Son vaxta qədər heç kəs Əli Kərimli ilə Cəmil Həsənli qədər aşağı düşməmişdi. Arif Hacılı göstərdi ki, siyasətdə dibin dibi də varmış”.

Deputat Bəhruz Məhərrəmov da bildirib ki, Azərbaycan dövlətinin vətəndaşları minalanmış ərazilərə buraxmamaqda günahlandırılması absurddur:

"Beynəlxalq təcrübədə də milli təhlükəsizlik, ərazi bütövlüyü kimi halların müdafiəsi naminə bəzi azadlıqların məhdudlaşdırılması normaldır. Təklif edirəm ki, bu partiya rəhbəri hüquqi yollara baş vursun. Bunu edə bilməz. Yerli məhkəmələr bir yana, beynəlxalq məhkəmələrdən də onlara gələcək cavab bəllidir. Sadəcə xalqın hissləri ilə oynayırlar”.

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə deputatın tapşırıq əsasında danışdığını söyləyib.

Onun sözlərinə görə, Sahib Alıyevin söylədiklərinin heç bir əsası yoxdur: "Görünür, belə bir kampaniyanın aparılması barədə tapşırıq verilib. Çünki mən açıq şəkildə yazmışam ki, Qarabağda olan bütün uğurlara görə İlham Əliyev göstərilirsə, əhalinin, jurnalistlərin təhlükəsizliyinə də o cavabdeh olmalıdır. Aydın məsələdir ki, terror hadisəsini Ermənistan həyata keçirib. Partiyamız da bu barədə bəyanat verib. Ancaq vətəndaşların təhlükəsizliyinin qorunması, 7 ayda ərazinin minadan təmizlənməsi və digər məsələlərlə bağlə heç kəsin üzərinə məsuliyyət qoyulmayıbsa, hətta nazirlərə "bura gəlməyin, gedin yerinizdə oturun" deyilirsə, bu, bütün məsuliyyətin Əliyevin üzərində olduğuna əsas verir. Hesab etmirəm ki, Sahib Alıyev burada olan aydın məntiqi anlamayacaq qədər səviyyəsiz şəxs olsun".