Sahibkar Prezidentə şikayət etdi: “Rəis deyir ki, gəlib məni görsün...”

Sahibkar Prezidentə şikayət etdi: “Rəis deyir ki, gəlib məni görsün...”

21-05-2022 22:15 / Bu xəbər 1805 dəfə oxundu

Cəlilabad sakini, sahibkar Şəmsəddin Bünyatov ona yaradılan süni maneələrdən şikayət edir. 

Sahibkar "Arqument.az"a deyir ki, rayon ərazisində "Dəyirman” adlı kafesi var. 

Yay aylarında kartof sezonu zamanı Cəlilabaddan Rusiyaya kartof daşıyan "TIR” sürücüləri onun kafesinin həyətində park edirlər. 

Yeməklərini də kafedə yeyirlər və kim istəsə kafenin ikinci mərtəbəsində olan qonaq otağında istirahət edir: "Bir müddətdir ki, "Dəyirman” kafesini almışam və şəxsi mülkümdir. Burada bir neçə rayon sakini işləyib ailəsini dolandırır. Problemim isə Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis bölməsiylədir. Göytəpə Polis bölməsinin rəisi Asif İmanov bir neçə dəfə obyektimə polis əməkdaşı göndərib və deyib ki, yanıma gəlib məni "görsün”. Mən isə getməmişəm”.

Ş.Bünyatov deyir ki, bundan sonra rəis onunla qərəzli davranmağa qərar verib.

Göstəriş verib ki, kafenin həyətində olan "TIR”lar ərazidən çıxarılsın və Muğan kəndi ərazisində olan qanunsuz "TIR” parkında park edilsin: "Rəisin çağırışına getmədiyim və onu "görmədiyim” üçün obyektimə "post patrul" xidmətinin əməkdaşları gəldi. Onlar öz şəxsi ərazimdə olan "TIR”ları çıxarmaq üçün sürücülərə təzyiq göstərdilər. Onlar da məcbur olub ərazimi tərk edərək "TIR” parkına getdilər. İndi isə obyektimə bir sürücünün ayaq basmağa ixtiyarı yoxdur, çünki polis buna imkan vermir. Məsələylə bağlı bir neçə dəfə Daxili İşlər Nazirliyinin "102” xidmətinə də şikayət etmişəm”.   

Ş.Bünyatov bildirib ki, "TIR” parkı həbsdə olan keçmiş icra başçısına məxsus imiş: "TIR” parkının fəaliyyəti isə tam qanunsuzdur. Bu park Cəlilabadın hazırda həbsdə olan sabiq icra başçısı Namiq Zeynalov tərəfindən tikilmişdi. Parkı isə Fuad Xudaverdiyev adlı rayon sakini idarə edir. Fuad Xudaverdiyevin qardaşı Qalib Xudaverdiyev isə Cəlilabad rayon icra başçısı Rafiq Cəlilovun birinci müavinidir”. 

Sahibkar ona qarşı edilən bu özbaşınalığa görə ölkə başçısına və daxili işlər nazirinə şikayət edib: "Mən bu özbaşınalığa son qoyulması üçün  Cənab Prezident İlham Əliyevdən və daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdan kömək istəyirəm. Xahiş edirəm bu özbaşınalığa son qoysunlar”.

Cəlilabad Rayon İcra Hakimiyyəti və Polis İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.