Sahibkarlar polisə çağırıldı - Mikayıl Cabbarova müraciət olundu

Sahibkarlar polisə çağırıldı - Mikayıl Cabbarova müraciət olundu

30-08-2024 16:42 / Bu xəbər 664 dəfə oxundu

20 Yanvar" yeraltı keçidinin ticarət köşklərində fəaliyyət göstərən sahibkarlar Prezident İlham Əliyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ediblər. 

Demokrat.az xəbər verir ki, müraciət "20 Yanvar” stansiyasının yeraltı keçidində ticarət fəaliyyəti göstərən "Klassik Aİ” şirkətinin  fəaliyyətinə törədilən əngəllərlə bağlıdır. 

Sahibkarlar qeyd edirlər ki, Bakı Metropoliteninin razılığına və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin təsdiq olunmuş layihəsinə əsasən fəaliyyət göstərən ticarət şirkəti hazırda müvəqqəti olaraq fəaliyyətini dayandırıb. 

Buna səbəb isə 29 avqust 2024-cü il tarixdə  şirkətin direktor müavini Sənan İsmayılovun Bakı şəhəri Baş Polis İdarəsinə çağırılması və ona polis əməkdaşları tərəfindən işin dayandırılması və xəbər verilənə qədər  bərpa olunmaması barədə şifahi xəbərdarlıq edilməsi olub: 

"Müəmmalı odur ki, sahibkarlara yaxın ərazidə yeni açılmış ticarət mərkəzlərinə getməsi bildirilir. Bu da 25 ildən artıq daimi iş yeri kimi fəaliyyət göstərən sahibkarların sərbəst seçim hüquqlarına müdaxilə olunması anlamına gəlir. Biz də belə bir dövlət qurumuna qarşı getməmək üçün müvəqqəti olaraq ticarət fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışıq”. 

Sahibkarlar onu da əlavə ediblər ki, bir müddət əvvəl "20 Yanvar" keçidində fəaliyyət göstərdikləri sahədə xəbərdarlıq olunmadan qanunsuz olaraq elektrik enerjisinin verilməsi dayandırılıb: "Bir aydan artıq müddətdə elektrik enerjisi olmadan şirkət bir çox çətinliklər yaranmasına baxmayaraq fəaliyyət göstərdi. Şirkətin daxili imkanları hesabına yeni mənbədən elektrik enerjisi bərpa olunduqdan sonra isə yenidən belə bir halla üzləşdik”, - deyə müraciətdə vurğulanır.  

Sahibkarlar üzləşdikləri problemin aradan qaldırılması üçün müvafiq qurumlara göstəriş verilməsini xahiş edirlər. 

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədovla əlaqə saxlanılıb. 

Qurum rəsmisi bu barədə məlumatsız olduğunu bildirib: "Əgər onların fəaliyyətinin dayandırılması faktı varsa, bu, vergi öhdəlikləri ilə bağlı deyil. Onu da mən  bilmirəm”.

Nazirlikdən bildirilib ki, qeyd olunan məsələ İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə aid deyil.