Sahil Babayev Baş nazirə “yol” göstərir?

Sahil Babayev Baş nazirə “yol” göstərir?

10-05-2020 20:01 / Bu xəbər 1293 dəfə oxundu

Pandemiyanın qızğın çağında, milyonlarla vətəndaşın "çıraqla” axtardığı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Sahil Babayev mayda 9-da "REAL” TV-yə açıqlama verərək öz aləmində cəmiyyətin qəzəbindən (daha çox ölkə başçısının) özünü "sığortalayıb”, ölkədə real işsizlərin sayının milyonlarla olmadığını inandırmağa çalışıb. 

Nazir qeyd edib ki, deməmiş bizlərə "190 manatın fəlsəfəsi təhrif olunmuş şəkildə çatdırılır”. 

Ondan sonra deyir: "Bu 600 min insan ümumilikdə birdəfəlik müavinət üçün müraciət etmiş şəxslərdir. Bunu işsizliyin göstərici kimi təqdim etmək faktların təhrif edilməsidir. Çünki bu zaman müraciət edən şəxs işsiz statusu almaq üçün müxtəlif mərhələlərdən keçməlidir. O şəxsə münasib iş təklif edilir. Münasib işə 2 dəfə razılıq vermədiyi təqdirdə artıq onun işsiz statusu formalaşdırılır. Dövlət o vətəndaşa iş təklif edə bilmədikdə onun işsiz statusu formalaşdırılır”. 

Daha sonra nazir 190 manatlıq birdəfəlik ödəmənin 3 kateqoriya üzrə vətəndaşlara verildiyini söyləyib: "190 manatlıq müavinətə müraciət edənlərin böyük əksəriyyəti işsizlərlə yanaşı, iqtisadi qeyri-fəal əhalidir və qeyri-formal şəxslərdir".

Bu açıqlamaları oxuduqda açığı çaşıb qalıram. Görəsən, həqiqətənmi, mənim kimi 5 mln ölkə əhalisi də Prezindentin sərəncamını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını səhv başa düşmüşük, bu fəlsəfəni bizə təhrif olunmuş şəkildə çatdırıblar. 

Dözmürəm və dərhal baş vururam bunula bağlı qanunvericilik aktlarına. İlk olaraq qabağıma Prezidentin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı və həmin sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı (Tədbirlər Planının təsdiq edilməsi ilə bağlı) qabağıma çıxır.

"Tədbirlər Planı”nı ələk-vələk edirəm (artıq neçənci dəfə) və görürəm ki, Planın II hissəsinin 4-cü bəndində açıq-aşkar yazılıb: "Məhz Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub".  

Yenə də fikirləşirəm: bəlkə, nəsə başqa bir qanun-qayda var, mən bilmirəm. O boyda kişi yalan deməz. 

Araşdırmamı davam etdirirəm və Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli qərarı ilə rastlaşıram.  Bu qərarı da açıb oxuyuram və gözlərimə inanmıram. 

Qərarın helə birinci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya 2 sisteminin "Məşğulluq” altsistemində İŞSİZ KİMİ QEYDİYYATDA OLAN ŞƏXSLƏRƏ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilir. 

Bəli, birdəfəlik ödəməni məhz İŞSİZ KİMİ QEYDİYYATDA OLAN ŞƏXSLƏRƏ verilməsi nəzərdə tutulub. İqtisadi qeyri-fəal əhaliyə yox, qeyri-formal şəxslərə yox, məhz işsiz kimi qeydiyyatda olan şəxslərə...

Burada başqa fəlsəfə axtarmaq lazım deyil, buna heç lüzum da yoxdur cənab nazir. Sizin belə fəlsəfəniz ölkə başçısının "narahat" suallar verilərkən lazım olacaq.  

Nizami Bağırov
Arqument.Az