Sahil Babayevə sual: "DSMF-nin 1 mlrd. 50 mln. manat sərbəst vəsaiti hardandır?"

Sahil Babayevə sual:

03-02-2024 14:56 / Bu xəbər 808 dəfə oxundu

Natiq Cəfərli: "Adını yekə-yekə "investisiya fəaliyyəti” qoyub"

Dünyada özəl təqaüd fondları böyük gücə, çoxşaxəli investisiya portfelinə malikdirlər. Vətəndaşlarla birbaşa və fərdi müqavilə bağlayan özəl təqaüd fondları öz yatırımlarından əldə etdikləri qazancı da fərdi müqavilələrdə nəzərdə tutulmuş qaydada vətəndaşlarla bölüşürlər. Bu fondlar səhm bazarında aktiv olurlar, hətta birbaşa yatırımlarla istehsal və xidmət sahələri, yüzminlərlə insanın çalışdığı iş yerləri yaradırlar. Çox sadə izah edim: fondlar vətəndaşdan vəsait toplayır ki, təqaüdə çıxanda onlara xidmət etsin, toplanan vəsaitdən Fondlar yatırım edirlər, pul qazanırlar, yəni təqaüd fondları faktiki investisiya fondlarıdırlar. Yatırımdan qazandıqları vəsaitdən fond üzvü olan vətəndaşa da pay düşür, bu məqamlar fərdi müqavilələrdə öz əksini tapır". 

Bunu iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb. 

O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məsuliyyətsiz qurum sayıb: "Bizdə dövlətin əlində olan bir DSMF var, icbari qaydada bizdən vəsait toplayır, birimizlə heç fərdi müqavilə bağlamayıb, biz vəsaiti ödəməsək məsuliyyətimiz var, cərimə və digər cəzalar ala bilərik, amma DSMF-nin vətəndaşlar qarşısında heç bir fərdi məsuliyyəti yoxdur. İndi məlum olur ki, DSMF-nin 1 mlrd. 50 mln. manat sərbəst vəsaiti varmış (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) və Fond bu vəsaiti ölkənin 5 böyük bankına depozit kimi yerləşdirib, adını da yekə-yekə "investisiya fəaliyyəti” qoyub". 

Natiq Cəfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) bir sıra suallar ünvanlayıb: 

"Bir neçə vacib sual yaranır: 
1) DSMF hər il büdcədən dotasiya alır, yaxşı, sərbəst vəsaiti varsa, dotasiyanı niyə alır?! Məsələn, 2024-cü ildə DSMF büdcədən 1 mld. 392 mln. manat dotasiya alacaq;
2) DSMF məndən (vətəndaşdan) topladığı vəsaiti banka depozitə qoyub faiz qazanır, bunun adını "investisiya” qoyur, yaxşı, bəs mənim (vətəndaşın) pulunu banka qoyub faiz qazanırsa, ondan mənə (vətəndaşa) niyə pay ayırmır?! 
3. Şəxsən mənim DSMF-də 30 mindən çox vəsaitim var. Fond mənim pulumu, tutalım, 7-8%-lə depozitə qoyub ildə ən azı 2000-2500 arası pul qazanır, bəs mənə niyə bu vəsaitdən pay vermir?!"

O hesab edir ki, fond bununla da vətəndaşları aldadır: "DSMF normal investisiya Fondu olsaydı, zavod-fabrik, xidmət sahələrinə vəsait, investisiya qoyub yeni iş yerləri, iqtisadi fürsətlər, qazanc mənbəələri yaratsaydı dərd-yarı, amma adamlar primitiv üsulla camaatdan yığdığı vəsaiti banka depozitə qoyub faizə görə pul qazanırlar, bundan fonda vəsait ödəyənlərə pay vermirlər – bunun adı investisiya deyil e, vətəndaşı dolamaqdır..."

Fevralın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İnvestisiya Şurasının növbəti iclası keçirilib

Bildirilir ki, bu ilin əvvəlinə Fondun formalaşmış sərbəst vəsaitinin 1 milyard 50 milyon manatı investisiyaya yönəldilib.

İclasda vurğulanıb ki, fondun sərbəst vəsaiti (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda depozitə qoyulmaqla investisiya fəaliyyətinə cəlb edilir. 

Bu da qeyd olunan sərbəst vəsaitin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasına xidmət edir. İnvestisiya fəaliyyətindən əldə olunan gəlirlərin isə sosial müdafiə ilə bağlı islahatlar, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması və s. istiqamətlərdə sərf olunması nəzərdə tutulur.

İclasda həmçinin "Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə dair 2024-cü il üzrə İnvestisiya Siyasəti” sənədi təsdiq edilib, 2024-cü ildə bu sahədə görüləcək işlər müzakirə olunub.