Sahildə ölən gələcək nəsil və Steven Paul Jobs... - Natiq Cəfərli

Sahildə ölən gələcək nəsil və Steven Paul Jobs... - Natiq Cəfərli

04-09-2015 23:03 / Bu xəbər 2400 dəfə oxundu

Natiq Cəfərli 
REAL-ın İcraçı katibi, iqtisadçı

Bütün dünya Afrikanın şımalından və ərəb ölkələrindən Avropa axın edən qaçqınlardan, onların problemlərindən danışır. Təəssüf ki, hamı nəticələri müzakirə edir, səbəblər haqqında danışan yoxdur, məlumdur ki, səbəblər aradan qalxmasa, nəticələri həll etmək qeyri-mümkündür. 

Tarixi və coğrafi səbəblər: 
1) Həm Afrika qitəsinin, həm də yaxın və orta Şərqin xəritəsini çizən ingilislər, avropalılar yüz il bundan öncə sərhədləri xətkeşlə çəkiblər, gizli minalar basdırıblar, həm etnik, həm də məzhəb qarışıqlığı yaradıblar ki, sonradan bundan istifadə etsinlər, 

2) Tarixən bu bölgələrdə ciddi dövlətçilik ənənləri olmadığından süni dövlət modellərinə, maryanet rejimlərin yaradılmasına üstünlük veriblər, bu rejimlər də legitimliyini Qərbdən, onların tanımasından alıblar, 

3) 20-ci əsr neft əsri olduğundan, bu amil də dövlətlərin tarixində, idarəetmə modelində önəmli rol oynayıb. Qərb dövlətləri üçün neftlə zəngin ölkələrdə özlərindən asılı olan rejimlərin olması, demokratik təsisatların, parlamentin olmamağı çox maraqlı model idi. Hər ölkədə bir "hakimi-mütləqlə” danışmaq, onlarla biznes müqavilələri bağlamaq daha rahat və qazanclı idi. Əgər həmin dövlətlərdə demokratiya, azad mətbuat, parlament olsaydı, müqavilələri daha çox siyasi qüvvə ilə, həm də həmin ölkələrin xalqlarının marağına uyğun uzlaşdırmaq lazım idi. Tək adam rejimlərində isə bir nəfərin, bir nəslin maraqlarını təmin edirsən – vəssalam, müqavilələr həmən bağlanır və icra edilirdi. Ölkələrdə həmkarlar, media, seçki yoxdur ki, Qərbə və onların yerli rejimlərinə mane olsun, 

4) Bütün bu səbəblər Afrikada və Şərqdə illərdir despoyik, məntiqsiz, axmaq rejimlərin yaranmasına və onillər boyu ayaqda qalmasına xidmət etdi. Məhz buna görə Gaddafinin, Mübarəkin, Ben Alinin getməsinin Qərbə bağlanması tam məntiqsizlikdir: Liviyanın neft müqavilələrinin 87%-i Qərb şirkətlərinə aid idi, cəmi bir "dəli” var idi, onun da əlini öpüb pulunu alırdılar. İndi Liviyada 700 qəbilə başçısı, yəni, 700 "dəli” var ki, onların hər biri ilə ayrıca anlaşmaq lazımdır. Ben Alinin Tunisi Avropa birliyinin ən sevimli tərəfdaşı idi, Avropanın bütün maraqlarını təmin edirdi, onu niyə qovsunlar ki? Ya da, Mübarək ABŞ və İsrail nə deyirdilər yerinə yetirirdi, Fələstinə zülm edirdi, İsrailin təhlükəsizliyində əsas rol oynayırdı, onu ABŞ niyə yıxsın ki?! Bu təsbitlərin məntiqi yoxdur, 

5) Baş verən üsyanlar tarixin spiralvari inkişafının məntiqi nəticəsi idi. Heç bir azğın rejim, ədalətsiz rejim, daimi ayaqda qala bilməzdi, cəmi bir qığılcımdan alov doğdu, bütün Afrikaya, Şərqə yayıldı. Amma illərdir bu ölkələrin despotik və vəhşi rejimləri vətəndaş cəmiyyətinin formalaşmasına, institutlaşmasına imkan vermədikləri üçün, sivil siyasətin qarşısını qapatdığı üçün, yeganə işlək və cazibəli ideologiya din oldu. Yəni, baş verənlərin əsas günahkarı onillər boyu ölkələri, xalqları idarə edən ədalətsiz və vizionu olmayan rejimlərdir.

İsrailin mövcudluğundan doğan səbəblər: Bütün Qərb dünyası əsrlər boyu, əsasən də son 100 ildə yəhudi xalqına zülm ediblər, indi də, güya, vicdan əzabı çəkdiklərinə, etdiklərinin əvəzini vermək istəklərinə görə, İsrailin bölgədə etdiyi bütün qanunsuzluqlara, vəhşiliklərə göz yumurlar. İsrail dövlətinin ətrafında olan ərəb dünyasından qorunmaq haqqını Qərb onlara tanıyıb, bütün etdiklərinə göz yumub, bu da ərəb-müsəlman dünyasında ədalətsizlik hissini, Qərbin müsəlman düşməni olduğu fikrini böyüdüb təhlükəli hədda çatdırıb. Yaxın və Orta Şərqin sakitləşməsi üçün Fələstin probleminin ədalətli həlli mühim şərtdir: Fələstin dövləti tanınmalıdır, sərhədlər 1968-ci ilə qayıtmalıdır, bütün dünya Fələstində normal, sivil, demokratik dövlətin qurulmasına yardım etməlidir. Bu addım bölgədə gərginliyi xeyli salacaq.

Daha çox səbəb yaza bilərdim, amma, keçək çözüm yollarına: ABŞ və Avropa ölkələri 20-ci əsrin ortalarında Yaponiyada, Cənubi Koreyada və məğlub olmuş Almaniyada tədbiq etdikləri "Marşall” planına bənzər plan qəbul etməli, həmin coğrafiyada yaşayan ölkələrdə zorunlu, hətta zorla islahatlar aparmalı, normal, istehsala köklənən, ixracata köklənən ölkələr qurmalıdır. 

İlkin illərdə həmin ölkələr demokratik olmaya da bilər, amma mütləq ədalətli, rəqabətli rejimlər qurmalıdırlar. Bu özlərinə də xeyirdir, təqribən 500 milyon əhalisi olan "ac bazar” yaratmaqla, gələcəkdə öz inkişaflarına da təsir göstərə biləcəklər. Heç kim mənə "ərəb düzəlməz”, "müsəlmanla çətin” bəhanələri gətirməsin, millətləri, onların davranış tərzlərini siyasi sistemlər formalaşdırır. İki Koreya misalı bu mübahisələrə çoxdan nöqtə qoyub, Şimal və Cənubda yaşayan eyni millətdir, eyni dindəndir, eyni dildə danışır, amma hər iki ölkənin inkişaf səviyyəsinin fərqinə baxın. Yəni, Qərb yerni "Ərəb Marşall” planı qəbul etməli, təcili həyata keçirilməsinə başlamalıdır, yoxsa nə Qərb qalacaq, nə dünya düzəni.

Son 2 gündə bütün dünyanı sarsan o suriyalı çocuğun dəniz kənarındakı rəsmi məni də məhv etdi, çox sarsıldım, qaçqınların niyə məhz Avropaya üz tütmasını dərk etmək üçün köməyimə Apple şirkətinin qurucusu Steven Jobs gəldi. Jobsun bioloji atası Suriyadan olan ərəb Abdulfattah Jandali idi. Tələbə olarkən alman əsilli bir qadınla görüşür, rəsmi nigahları olmadan dünyaya uşaq gətirirlər. Bioloji anası Joanne Simpson varlı ailədən olub, valideyinləri bu izdivaca icazə verməyiblər, həm atası, həm anası oğlanlarından imtina ediblər. Pol və Klara Jobs ailəsi uşağı övladlığa götürülər, amma maraqlı budur ki, Stivenin doğma atası Suriya ərəbi olan Abdulfattah Jandali əvvəl uşağı alıb Suriyaya aparmaq istəyib, sonra fikrini dəyişib. 

Bir anlığa düşünün ki, Abdulfattah Stiveni Suriyaya aparardı, adı, yəqin ki, Abdulaziz olacaqdı, bəlkə də, bu günlərdə Avropaya qaçan insanların arasında, Suriyalı Abdulaziz və onun ailəsi, övladları, nəvələri də olacaqdı. Ola bilərdi ki, Bodrumda batan o məzlum uşaq Abdulazizin nəvəsi ola bilərdi. Yəni, Jobsu Apple şirkətinin qurucusu, milyarder edən ABŞ-dakı sistem oldu – rəqabətli və ədalətli, elmə dəyər verən bir sistem. Abdulfattah Jandali tərsliyinə salıb Stiveni Suriyaya aparsaydı, indi dəyəri 700 mlrd. dollar olan Apple şirkəti olmazdı. Məhz buna görə ərəblər Avropaya, ABŞ-a qaçırlar, onlar ədalətli, rəqabətli, elmə dəyər verən sistem istəyirlər, yaxşı yaşamaq, pul qazanmaq istəyirlər. Onların bu istəklərini öz ölkələrindəcə həyata keçirmək Dünyanın boynunun borcudur, həm də gələcəyi dənizdə boğulan o körpə qarşısında olan borcudur...