Şahin Cəfərli: "2010-cu ildə imzalanan müqavilə Şuşa Bəyannaməsindən üstün sənəddir"

Şahin Cəfərli:

16-06-2021 13:21 / Bu xəbər 727 dəfə oxundu

Tofiq Zülfüqarov: "Sənəddə Azərbaycana ciddi müdafiə təminatları verilib”

"İki dövlət arasında olan hüquqi baza çox genişdir və daim inkişafdadır. Bu baxımdan dövrün yekunlarını götürərkən Şuşa bəyannaməsi gələcək üçün cizgiləri də əhatə edir. 

Bəyannamədə çox maraqlı istinad var: 1921-ci ildə imzalanan Qars müqaviləsinə görə, Türkiyə Cümhuriyyəti Naxçıvanın Azərbaycana məxsusluğunun təminatçısıdır. Ona görə müttəfiqlik mövcud idi. 15 iyunda isə genişləndirilərək Azərbaycana aid oldu. Yəni sənəddə Türkiyə tərəfindən Azərbaycana ciddi müdafiə təminatları verilib”.

Bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Şuşa Bəyannaməsini Meydan TV-yə şərh edərkən deyib.

Tofiq Zülfüqarov bildirib ki, bəyannamədə Türkiyənin Azərbaycana verdiyi müdafiə təminatları Kollektiv Təhlükəsizlik səviyyəsindədir: "Məsələ ondadır ki, Türkiyə NATO üzvüdür, dövlət başçısı Ərdoğan da Şuşaya hərbi-siyasi blokun sammitindən gəlib. Sammitdə də Türkiyənin rolu barədə çox ciddi bəyanatlar səslənib. Beləliklə, Ankara Qərbin dəstəyini alıb və Ərdoğan Şuşaya gəlib. Onun Bəyannaməyə imza qoyması ciddi geopolitik dəyişikliklərə işarə edən hadisələr toplusudur”.

Şuşa Bəyannaməsinə Moskvanın münasibətinə gəlincə, sabiq nazir Rusiya-Qərb münasibətlərinin böhran səviyyəsində olduğunu vurğulayıb.

Tofiq Zülfüqarov
Mənbə: axar.az

O əlavə edib ki, Rusiya-Türkiyə münasibətlərində problemləri həll etmək təcrübəsi var: "Bu baxımdan Cənubi Qafqaz bölgəsində Türkiyə-Rusiya tərəfdaşlığı daha əlverişlidir, nəinki başqa Qərb ölkəsi. Ona görə ciddi problemlərin yaşanacağını görmürəm. Sadəcə, Türkiyə-Rusiya tandemində Ankara NATO-nun dəstəyini alandan sonra öz maraqlarını daha çox müdafiə etmək imkanları qazanıb”.

Siyasi şərhçi Şahin Cəfərli isə hesab edir ki, 2010-cu ildə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqavilə hüquqi baxımdan Şuşa Bəyannaməsindən daha üstün sənəddir.

O bildirib ki, həmin sənəd parlamentlərin ratifikasiyasından keçmiş dövlətlərarası müqavilədir: "Şuşa Bəyannaməsinin qarşılıqlı hərbi yardım barədə müddəası həmin müqavilənin 1-ci, 2-ci və 3-cü maddələrinin təkrarıdır”.

Şahin Cəfərli
Mənbə: Şahin Cəfərlinin şəxsi arxivindən

Onun fikrincə, bəyannamədə əsas yenilik iki ölkə Təhlükəsizlik Şuralarının birgə toplantılarının keçirilməsi barədə razılıqdır: "Bu, o deməkdir ki, müdafiə və təhlükəsizlik sahəsində siyasət əlaqələndiriləcək. Digər yeni və önəmli məqam malların sərbəst hərəkətinin təmin edilməsi üçün mexanizmlərin işlənib hazırlanmasıdır. Belə başa düşdüm ki, söhbət gömrük rüsumları olmadan (ya da müəyyən kateqoriya mallar və yük daşımaları üzrə rüsumlar qaldırılaraq) idxal-ixrac fəaliyyətlərinin həyata keçirilməsindən gedir. Yəni iki ölkənin vahid iqtisadi məkana çevrilməsi istiqamətində siyasət aparılır. Bəyannamədə hərbi bazaların yaradılması barədə müddəa yoxdur, amma razılaşmalarda mütləq "hərbi baza” ifadəsinin qeyd olunması vacib deyil. Hamı bilir ki, Azərbaycanda müəyyən sayda Türkiyə hərbçiləri var (atəşkəsə nəzarət üzrə mərkəzi nəzərdə tutmuram), ehtiyac olarsa, bunların sayının müəyyən dövr üçün artırılması iki ölkə qərarvericilərinin müstəsna səlahiyyətidir. Yəni məcbur deyil ki, hansısa hərbi hissə olsun və onun qapısına "Türkiyə hərbi bazası” yazılsın”.

Cəfərli Şuşada Türkiyə Konsulluğunun açılmasını tarixi əhəmiyyətli və bir növ təhlükəsizlik qarantiyası hesab edir: "Ümumilikdə Türkiyə-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə qaldırılır və konfederativ münasibətlərə bənzər əməkdaşlıq qurulur”.

İyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentləri birgə bəyannamə imzalayıblar.