Şahin Cəfərli: “ABŞ-ın Türkiyəyə ehtiyacı yaranacaq”
16-12-2020 20:02 / Bu xəbər 931 dəfə oxundu
"Toplum TV” politoloq Şahin Cəfərliylə ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsinin mümkün nəticələri haqda danışıb.
Sanksiyaların ilkin paketi Türkiyənin Müdafiə Sənayesi Katibliyinin yüksək rəsmilərinin ABŞ-dakı əmlaklarının dondurulmasını və onlara səfər vizasının verilməməsini nəzərdə tutur.
İkinci sanksiya paketində isə Türkiyə Müdafiə Sənayesi Katibliyinə ABŞ-dan ixracat lisenziyalarının verilməməsi, eləcə də ABŞ və beynəlxalq maliyyə qurumlarından kredit ala bilməməsi kimi qadağalar yer alıb.
- NATO-nun silahlarına sahib olan Türkiyənin "S-400” raketlərinə ehtiyacı vardımı? Yoxsa bu anlaşma Rusiya ilə yaxınlaşmanın göstəricisidir sadəcə?
- Türkiyənin hava və raket hücumundan müdafiə sisteminə çoxdan ehtiyacı vardı. Hələ Obamanın prezidentliyi dövründə Türkiyə və ABŞ arasında bununla bağlı danışıqlar olmuşdu. Türkiyə ABŞ-dan "Patriot” kompleksləri satın almaq istəyirdi, lakin o vaxt bu, müəyyən səbəblərdən mümkün olmadı. İndi Türkiyə ABŞ-ı buna görə ittiham edir. Amerika rəsmiləri isə bildirirlər ki, Türkiyənin bu tələbinə rədd cavabı verilməyib, sadəcə müəyyən texniki məsələlərlə bağlı fikir ayrılıqları olub. Hətta Türkiyə ABŞ-dan sadəcə "Patriot”u deyil, yerli istehsalını təşkil etmək üçün onun texnologiyalarını da tələb edirdi. Amerika bu tələbə soyuq yanaşdı. Türkiyənin Rusiyayla yaxınlaşması 2016-cı ilin 15 iyulundakı hərbi çevriliş cəhdindən sonra baş verdi. "S-400” məsələsi məhz o vaxt gündəmə gəldi və ABŞ-ın etirazlarına baxmayaraq tərəflər anlaşdılar. Türkiyə-ABŞ münasibətlərində soyuqluq həmin dövrdə də müşahidə olunurdu. Xüsusilə Türkiyədə şübhələr var idi ki, hərbi çevriliş cəhdinin arxasında ABŞ-dakı bəzi dairələr dayanır. Fətullah Gülən orada yaşadığı üçün Türkiyə Amerikadan onun təhvil verilməsini tələb etdi. ABŞ isə bu tələbi rədd etdi. Nəticədə münasibətlərdə soyuqluq yarandı. Daha sonra Türkiyənin Rusiya ilə daha da yaxınlaşması baş verdi, "S-400” məsələsi ilə bağlı anlaşma əldə olundu.
- ABŞ kimi super gücü qarşısına almaq Türkiyə üçün hansı itkilərə səbəb ola bilər? Tərəfdaş olaraq Rusiyanı seçmək doğru addım idimi?
- Burada tam olaraq "qarşısına aldı” demək düzgün deyil. Münasibətlərdə müəyyən mərhələdə soyuqluq və gərginlik yaranır. Son illər Ərdoğan Azərbaycanın xarici siyasətinə bənzər balans siyasəti yürütməyə çalışır. Bəzən Rusiyaya yaxınlaşaraq ABŞ-dan müəyyən güzəştlər qoparmağa cəhd edir, bəzən də əksini. Düşünürəm ki, bu siyasət qismən uğurla nəticələndi. Məsələn, Türkiyə Suriyada ”Fərat qalxanı”, "Zeytun budağı” kimi bir neçə hərbi əməliyyat keçirdi. Həmin əməliyyatlar məhz Ərdoğanın bu manevrləri nəticəsində baş tutdu. Digər tərəfdənsə Türkiyə NATO-nun üzvüdür, Avropa Birliyinə namizəd ölkədir. Eyni zamanda, həmişə Qərb blokunda yer alan dövlətdir. Türkiyənin ikibaşlı siyasəti Qərb tərəfindən məhz buna görə narazılıqla qarşılanır və onlar hər zaman Türkiyəyə yerinə yetirməli olduğu şərtləri xatırladırlar. Əslində, Türkiyə də Qərbdən qopmaq niyətində deyil. Nə qədər münasibətlərdə problemlər olsa belə, Qərbdən ayrılmağa, ABŞ-la münasibətlərini bitirməyə, NATO-dan çıxmağa hazırlaşmır. Qərb dövlətləri və NATO ilə hər sahədə kifayət qədər dərin inteqrasiyaya gedir və əlaqələri qırmaq elə də asan deyil. Xüsusilə indiki mərhələdə Türkiyənin yenidən Qərblə yaxınlaşmaq istədiyi hiss olunur. Bayden przedent seçiləndən sonra Ərdoğan ABŞ-la yaxınlaşmaq, xüsusilə də bu sanksiyaları əngəlləmək üçün bir sıra addımlar atdı. Məsələn, ABŞ-dakı səfiri dəyişdirib yerinə qərbyönlü birini - Murat Mərcanı təyin etdi, hüquqi dövlət prinsiplərini təmin etmək üçün islahatlar aparacağını bildirdi. Eyni zamanda, İsraillə yaxınlaşma siyasəti apardı. Yəni açıq şəkildə hiss olunur ki, Türkiyə rəhbərliyi Qərblə yenidən dil tapmağa çalışır.
- Sizcə, Baydenin hakimiyyətə gəlişi ilə bu sanksiyalar aradan qaldırıla bilərmi? Nəzərə alsaq ki, yeni prezident Rusiyaya qarşı daha sərt mövqedədir, bu durumun Türkiyə üçün nəticələri necə olacaq?
- Əslində, sanksiyaların Trampın dövründə tətbiq olunması müsbət haldır. Çünki bu, Türkiyə ilə yeni prezident arasında dialoqlara yol açacaq. Baydenin prezidentliyinə təsadüf etsəydi və o, vəzifəsinin icrasına başlayan kimi Türkiyəyə qarşı bu sanksiyaları tətbiq etmək məcburiyyətində qalsaydı, iki ölkənin münasibətlərində çox ciddi böhran yarana bilərdi. Amma bu gün Türkiyə hökuməti bilir yeni hökumətlə bu məsələri danışmaq mümkün olacaq. İndiki halda sanksiyaların ləğvi elə də asan məsələ deyil. "S-400”-lərlə bağlı ABŞ-ın konkret tələbi ondan ibarətdir ki, Türkiyə bu sistemdən tamamilə imtina etsin. Türkiyə məsələnin texniki detallarının müzakirəsini təklif etsə də, ABŞ bunu qəbul etmir və birmənalı şəkildə o sistemlərdən imtana edilməsini istəyir. Bu səbəbdən anlaşmaq asan olmayacaq, amma mən yenə də hər iki tərəfin konstruktiv mövqe nümayiş edəcəyini düşünürəm. Sizin də qeyd etdiyiniz kimi, Baydenin hakimiyyətə gəlməsilə Rusiyaya qarşı müəyyən sərtləşmə müşahidə olunacaq. Eləcə də Orta Şərq, Qafqaz, Balkan regionlarında, xüsusilə də Qara dənizdə Rusiyanın fəallığının qarşısının alınması üçün ABŞ-ın Türkiyəyə ehtiyacı yaranacaq. Ona görə də hər iki tərəf konstruktiv yanaşma ilə masaya oturacaq və çalışacaq ki, bu məsələləri həll etsin.
- Bu durum Türkiyənin daxilində və xarici siyasətində hansı dəyişikliklərlə nəticələnə bilər? Xarici düşmən faktorunun hakimiyyətə faydalarını nəzərə alsaq, budəfəki gərginlik Ərdoğana nələr vəd edir?
- Ərdoğan çox çevik siyasətçidir, çox asanlıqla manevr edə bilir. Tutaq ki, bu gün bir söz deyir və ya hansısa addımı atırsa, sonrakı gün tamamilə əksini edə bilir. Bu baxımdan onun rahatlığı var. Türkiyədə Ərdoğanı dəstəkləyən kütlə də onun hərəkətlərini sorğulamır. Onlar "Ərdoğan nə edirsə, düz edir” mövqeyindədirlər. Onu tənqid edənlərsə sadəcə müxalifət partiyaları və onların tərafdarlarıdır. Ona görə də düşünürəm ki, baş verənlər Ərdoğanın seçiciləri arasında hər hansı narazılığa səbəb olmayacaq.
- NATO-nun baş katibinin hər iki ölkəyə çağırışını necə qiymətləndirirsiz? Türkiyəni və digər müttəfiqləri daha münasib yolu tapmağa çağırdı. Daha münasib yol nə ola bilər?
- Belə çağırışlar NATO-nun baş katibinin vəzifə borcudur. İttifaqın bütövlüyünü təmin etmək, ittifaqdaxili həmrəyliyi qorumaq onun vəzifələri sırasına daxil olan məsələlərdir. Baş katib ittifaqın önəmli ölkələri arasında bu cür problemlərin baş verməsindən narahat olur və bunun qarşısını almağa çalışır.