Şahin Cəfərli: "Ola bilər ki, ABŞ kəşfiyyatı hansısa məlumatlar əldə edib"
20-05-2021 18:39 / Bu xəbər 1419 dəfə oxundu
"Dövlət Departamentinin xəbərdarlığı əsassız ola bilməz. Ola bilər ki, ABŞ kəşfiyyatı hansısa məlumatlar əldə edib".
Siyasi təhlilçi Şahin Cəfərli ABŞ Dövlət Departamentinin ölkə vətəndaşlarına etdiyi xəbərdarlığı "Toplum TV"-yə şərh edərkən belə deyib.
ABŞ Dövlət Departamenti mayın 19-da amerikalı vətəndaşlara Azərbaycan və Ermənistana səyahət etməməyi məsləhət görüb.
Bildirilir ki, ABŞ Azərbaycanla bağlı səyahət tövsiyələrini ən yüksək - 4-cü səviyyəyə (qırmızı) qaldırıb.
Səbəb kimi pandemiya, iki ölkə sərhədindəki gərginlik və terror təhlükəsi göstərilib. Həmçinin son hərbi əməliyyatlara görə Qarabağ regionuna və ətraf ərazilərə də səyahət etməmək tövsiyə edilib.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti isə Azərbaycanda hər hansı bir terror təhlükəsinin olmadığını açıqlayıb.
Şahin Cəfərli deyir ki, iki ölkə arasındakı münaqişənin yenidən alovlanması riski var: "ABŞ-da başa düşürlər ki, konfilikt hər an alovlana bilər. Bu baxımdan Amerikanın xəbərdarlığını əsaslı saymaq olar. Azərbaycan ərazisində terror hadisələrinə gəlincə, təbii ki, Amerikanın hansı informasiyalara əsaslandığı barədə əlimizdə hər hansı məlumat yoxdur. Ona görə də bu barədə informasiya olmadan qəti fikir söyləyə bilmərik”.
Dövlət Departamenti - Açıq mənbələrdən götürülüb
"Daha öncə - 25 sentyabr 2020-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədəki vətəndaşlara Abşeron yarımadasından kənarda səyahət etməməyi tövsiyə etmişdi. Aydın göründü ki, Amerikanın 25 sentyabrda verdiyi xəbərdarlığın əsası varmış. Çünki həmin vaxt Azərbaycan və Ermənistan orduları sərhədin mübahisəli zonasında faktiki olaraq qarşı-qarşıya dayanmışdılar. Qısa müddət sonra isə müharibə başlandı”, - deyə Şahin Cəfərli qeyd edib.
Ekspertin fikrincə, kəşfiyyat hansısa təsdiqlənməmiş məlumat əldə edəndə belə, Amerika səfirlikləri öz vətəndaşlarını hər ehtimala qarşı xəbərdarlıq edirlər: "Bunu öncədən ona görə edirlər ki, hansısa xoşagəlməz hadisələr baş verə və ABŞ vətəndaşlarının həyatına hansısa təhlükə ola bilər".
Siyasi şərhçi deyir ki, bu xəbərdarlıqlar ABŞ siyasətində praktikaya əsaslanır: "Amerika zaman-zaman bu cür xəbərdarlıqlarla çıxış edir. Bu təkcə bizim regionla bağlı deyil, dünyanın istənilən bölgəsinə aiddir. Kəşfiyyat hansısa bir məlumat əldə edən kimi dərhal öz vətəndaşlarına xəbərdar edirlər ki, ehtiyyatlı olsunlar. Amma bu, heç də o demək deyil ki, Amerikanın əldə etdiyi bütün məlumatlar təsdiqlənir. Müşahidə olunan odur ki, bir çox hallarda xəbərdarlıqdan sonra heç bir hadisə baş vermir. Amma müəyyən hallarda təsdiqini də tapır”.












