Şahin Cəfərli: “Seçkinin tarixini bir il irəli çəkə bilərlər”
22-03-2021 23:55 / Bu xəbər 6871 dəfə oxundu
Siyasi şərhçi Şahin Cəfərlinin "Toplum TV”yə müsahibəsi
- Son 5 ayda Gürcüstanda siyasi böhran yaşanmaqdadır. Bugünlərdə müxalifət partiyaları ölkənin bütün regionlarında aksiyalar təşkil edəcəklərini açıqladılar. Sizcə, bu, böhranın həllinə kömək edə bilərmi?
- Gürcüstandakı siyasi böhranın həlli üçün Avropa Birliyi tərəflər arasında vasitəçiliyə başlayıb. Əvvəlcə qurumun prezidenti Gürcüstana səfər edib həm müxalifət, həm də hakimiyyət nümayəndələri ilə görüşlər keçirdi. O getdikdən sonra birliyin xüsusi nümayəndəsi Kristian Daniel Gürcüstana səfərində tərəflər arasında razılığa gəlmək üçün vasitəçilik etdi. Hələ ki bu mərhələdə razılığa gəlmək mümkün olmadığından nümayəndə Gürcüstanı tərk etməli oldu. Hazırda isə müxalifət regionlarda etiraz aksiyaları təşkil edəcəyini deyir. Hətta müxalifət mayın 15-də paytaxtda da böyük etiraz aksiyası keçirəcəyini açıqlayıb. Avropa Birliyi kimi böyük bir təşkilatın Gürcüstan kimi kiçik tərəfdaş ölkədə yaranan problemi həll edə bilməməsi qurumun öz nüfuzuna da kölgə saldığı üçün yaxın həftələrdə AB-nin prosesə yenidən müdaxilə etməsi gözlənilir.
- Gürcü Arzusu Partiyasını Rusiyaya yaxınlığıyla tanınır. Sizcə, Rusiya hakim partiyaya dəstək verə, prosesə müdaxilə edə bilərmi?
- Məncə, hakim partiyanı birmənalı olaraq Rusiya yönümlü adlandırmaq doğru olmaz. Bidzina İvanişvilinin orda böyük biznesi və Gürcüstan müxalif çevrələrinin iddiallarına görə, hələ də "Qazprom”da səhmləri var, bu da onun Rusiyayla müəyyən bağlılığı olması deməkdir. Amma məhz bu partiyanın hakimiyyətdə olduğu ötən 8 ildə Gürcüstanda Avroatlantik məkana inteqrasiya istiqamətində ciddi addımlar atılıb, Avropa Birliyi ilə assosasiya sazişi imzalayıb. Fikrimcə, Rusiyaya yaxınlıqla bağlı iddiaların Gürcüstanın xarici siyasətinə təsiri yoxdur. Bununla yanaşı, Rusiya Gürcüstanda siyasi böhranın davam etməsində və dərinləşməsində maraqlıdır. Çünki siyasi böhran davam etdikcə, Gürcüstanın Avroatlantik məkana inteqrasiyası da zəifləyir. Ümumiyyətlə, öz daxilində problemlərini həll edə bilməyən ölkənin həmin məkana inteqrasiyası mümkün deyil.
- Müxalifət nümayəndələrin həbsiylə bağlı narazılıqlar, etiraz aksiyaları, yüksək vəzifəli məmurlara qarşı etimadsızlıq iqtidarı güzəştə, məsələn, erkən seçkilərə getməyə razı sala bilərmi?
- Düşünürəm ki, Gürcü Arzusu Partiyası müəyyən güzəştlərə məcbur olacaq, daha xarici təzyiqlərlərə görə. Dediyim kimi, Avropa Birliyi ciddi-cəhdlə böhranı yoluna qoymağa çalışır. Böhrandan çıxışsa hakimiyyətin güzəştləri olmadan mümkün deyil. Bu güzəştin erkən seçki olub-olmayacağını demək çətindir. Çünki iqtidar qəti şəkildə bundan imtina edib, deyir ki, seçkilər normal keçirilib, saxtakarlıq haqqında beynəlxalq qiymətləndirmə yoxdur. Güzəştlər daha çox siyasi məhbusların azad olunması, demokratik islahatların keçirilməsi, seçki qanunvericiliyində və məhkəmə-hüquq sistemində dəyişikliklər edilməsi ola bilər. Növbəti seçki 2024-cü ildə keçirilməlidir. Gürcü Arzusu Partiyası güzəşt olaraq bu tarixi bir az əvvələ, məsələn, 2023-cü ilə çəkə bilər.
- Son hadisələrdə müxalifət partiyaları oxşar mövqedən çıxış etsələr də, tam birlik nümayiş etdirə bilmədilər. Onların təşəbbüsü ələ alması nə dərəcədə realdır?
- Son seçkilərdən sonra Gürcüstan müxalifəti bir araya gəlib - hətta təkcə Qərb yönümlü deyil, Rusiya yönümlü qüvvəllər də, məsələn, parlamentin keçmiş sədri Nino Burcanadze də. Seçki saxtakarlığına qarşı müxalifətin qərarı yekdil oldu və bu ittifaq hələ də davam etməkdədir. Amma müxalifətin birliyi strateji xarakter daşımır, daha çox erkən seçkilərin keçirilməsi tələbilə yaranıb. Bununla belə, Gürcüstan müxalifətinin problemləri davam etməkdədir. Məsələn, vahid liderləri yoxdur. Mixail Saakaşvili bu rolda çıxış etmək istəsə də, onun liderliyini ancaq Vahid Milli Hərəkat Partiyası qəbul edir. Fikrimcə, Saakaşvili faktoru müxalifət daxilində zaman-zaman problemlər yaradan və hətta onlara mane olan faktora çevrilib. Saakaşvili uzun müddətdir ki, ölkədə deyil, Gürcüstan reallıqlarından uzaq düşüb.
Onun hər seçki öncəsi fəallaşması müxalifətin uğuruna kölgə salır. Çünki hakim partiya Sakaşvili əlehdarlarını öz ətrafına toplaya bilir. Əslində, Gürcü Arzusu Partiyasının uğurunun səbəblərinindən biri elə budur. Saakaşvili bir qədər prosesdən kənarlaşsa, Gürcüstan müxalifəti daha çox uğur qazana bilər. Mənim qənatimcə, heç Qərb də bundan məmnun deyil. Onlar da düşünür ki, Saakaşvili daxili proseslərə daha çox pozucu təsir göstərir.
- Son zamanlara qədər Gürcüstandakı proseslər bizim ictimaiyyətdə demokratiya nümunəsi kimi qiymətləndirilirdi. sayılıb. Son hadisələrsə Gürcüstanda demokratik mühitin zəifləməsinə işarə edir. Bunun Azərbaycana nə kimi təsiri ola bilər?
- Gürcüstandakı proseslərin Azərbaycana birbaşa təsir edəcəyindən danışmaq doğru olmaz. Amma bu ölkənin demokratiya istiqamətində irəliləməsi, əlbəttə ki, hər zaman bizim ictimayyətə təsir göstərib. Son illər Gürcüstan həmin istiqamətdən kənarlaşıb və bir qədər geriləyib. Hazırda mən bu ölkəni yarı demokratik, yarı avtoritar ölkə kimi xarakterizə edərdim. Baxmayaraq ki, İvanişvili Baş nazir vəzifəsindən, partiya sədrliyindən istefa verib, hətta siyasətdən getdiyini bəyan etdiyini deyib, amma pərdə arxasından prosesləri idarəetməyə davam edir. Gürcüstanda heç kimə sirr deyil ki, iqtidar partiyasını kənardan hələ də o idarə edir. Bütün bunlar da Gürcüstanın rifahına xidmət etmir. Bununla yanaşı, hesab edirəm ki, Qərb Gürcüstanı özbaşına buraxmayacaq. Necə ki Ukraynada islahatların keçirilməsi üçün hökumətə təzyiq göstərirlər, eləcə də Gürcüstan hökumətinə təzyiqləri artıracaqlar.