Sakinlər icra başçısını yerində tapa bilmədiklərini deyirlər

Sakinlər icra başçısını yerində tapa bilmədiklərini deyirlər

22-05-2023 14:26 / Bu xəbər 599 dəfə oxundu

Suraxanı rayon icra başçısı Əziz Əzizovun vaxtaşırı işə çıxmadığı bildirilir. 

Bu barədə "Arqument.az"a rayon sakinləri məlumat veriblər.

Onlar deyirlər ki, dəfələrlə icra başçısının qəbuluna getsələr də, onları müavin və ya köməkçi dinləyir, icra başçısı ilə görüşə bilmirlər.

"Hər dəfə deyirlər ki, icra başçısı tədbirdədir, əraziyə gedib, gözləyin, gələcək. Gözləyirik, başçı gəlib işə dəyir və tez də çıxıb gedir. Biz bu adamı yerində tapa bilmirik", - sakinlər belə deyirlər. 

Onların sözlərinə görə, Suraxanı Bakının ən az inkişaf etmiş rayonlarındandır. Burada sosial problemlər - su, qaz və digər sosial ehtiyaclar hər zaman yaşanır. 

Sakinərin müraciətindən sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısı ilə əlaqə saxlamağa çalışsaq da, onun heç bir əlaqə vasitəsinə rast gəlmədik. Hətta məlum oldu ki, qurumun rəsmi saytında da Əzizovun hər hansı bir əlaqə vasitəsi yoxdur, nə telefonu, nə də emaili qeyd olunub. Maraqlı odur ki, icra başçısının iş nömrəsi də yoxdur. 

Sakinlər isə iddia edirlər ki, bu, orta əsrlərin qaydalarıdır. 

İcra başçısının köməkçisi Nazim Fətullayevin iş nömrəsinə (452-21-23) də zəng etsək, telefonlara cavab verilmədi. 

Bundan başqa, ictimai-siyasi və humanitar məsələlər şöbənin də telefonları daxili nömrəyə yönətsə də, zənglərə cavab verilmədi.