Sakinlər: "Yasamalda Mikayıl Müşfiqin abidəsi yerləşən park satılıb"

Sakinlər:

04-09-2021 16:12 / Bu xəbər 2209 dəfə oxundu

Yasamalda Mikayıl Müşfiqin abidəsi yerləşən park növbəti dəfə zəbt olunub.

Bu barədə "bizimxeber.az" məlumat yayıb.

Bildirilir ki, bundan öncə də bu ərazi zəbt olunub, hətta şairin heykəli də aşırdılmışdı. 

Məlumata görə, Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı şairin abidəsi götürülmüşdü. Daha sonra Prezident İlham Əliyevin tapşırığı ilə abidə əvvəlki yerinə qaytarılıb, amma son günlər yenidən park zəbt edilib. 

Mikayıl Müşfiqin abidəsi yerləşən parkın ərazisini "EveRest” adlanan restoranın sahibinin zəbt etdiyi deyilir. 

Məlumatda qeyd olunur ki, "EveRest” restoranının açıq havada zəbt etdiyi ərazi qeyri-qanunidir.

Yasamal sakinləri də bu iddianı təsdiqləyirlər: ""EveRest” restoranının sahibi Mikayıl Müşfiqin abidəsini zəbt etmək, qeyri-qanuni yolla varlanmaq üçün hər ay Yasamal Rayon İcra Hakimiyyətinə 2000 manat məbləğində pul ödəyir. Məsələ ilə bağlı dünən Yasamal Rayon İcra Hakimiyyətinə rəsmi sorğu vermişik. İcra Hakimiyyəti onlara qarşı olan iddianın əsassız olduğunu isbatlamaq üçün biabırçılığa son qoymalı, parkın qanunsuz zəbt olunan hissəsini azad etməli, vətəndaşların istifadəsinə verməlidir. Əgər heç bir reaksiya olmayacaqsa, o zaman deyilənlər öz təsdiqni tapmış olacaq. İstənilən halda, Prezidentin ziyarət etdiyi abidənin ərazisini hansısa restorana icarəyə vermək, sözün elə əsl mənasında harınlıqdır".

Sakinlər deyiblər ki, Mikayıl Müşfiqin heykəlinin yarım əsrədək yaşı var və "Azərbaycan Respublikasının ərazisində olan, dövlət tərəfindən qorunan tarixi və mədəni abidələr” siyahısına daxildir.

Yasamal Rayon İcra Hakimiyyəti 05 iyul 2021-ci il tarixində problemlə bağlı sorğuya belə cavab verib: "”EveRest” restoranı icra hakimiyyətindən, Ticarət departamentindən və digər aidiyyatı qurumlardan heç bir icazə almadan park ərazisini zəbt edib və qanunsuz ticarətlə məşğul olub, bu hal aradan qaldırılacaq”.

Sakinlər isə deyirlər ki, İcra Hakimiyyəti heç bir addım atmayıb: "Gördüyümüz mənzərə sözün əsl mənasında Yasamal rayonunda olan dərəbəyliyi, açıq özbaşınalığı ifadə edir. Belə ki, restoran park ərazisinin daha böyük hissəsini zəbt edib".