Saleh Rüstəmovun həyat yoldaşı: "Alnıaçıq, ərizə yazmadan azadlığa çıxıb, qürur duyuram"

Saleh Rüstəmovun həyat yoldaşı:

28-05-2022 11:02 / Bu xəbər 870 dəfə oxundu

Prezident İlham Əliyev mayın 27-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb.

Əfv olunanlar arasında Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Saleh Rüstəmov da var.

S.Rüstəmon həyat yoldaşı hazırda Rusiyada yaşayan Aynur Rüstəmova sevincini "Toplum TV” ilə bölüşüb.

O çoxdan gözlədikləri  xəbəri bu gün aldıqlarını deyir: "Uşaqlar da, mən də hədsiz sevincliyik. Biz qərib ölkədəyik, səbirsizkliklə onun yolunu gözləyirik”.

A.Rüstəmova həyat yoldaşının heç bir müraciət olmadan azadlığa çıxdığını söyləyir: "Buna da şükür. Ərizə yazmadan azadlığa çıxıb. Ona dəfələrlə müraciət olunmuşdu ki, müraciət etsin. Alnıaçıq, ərizə yazmadan azadlığa çıxıb. Bu bizim üçün böyük şərəfdir”.

O, Azərbaycan xalqının S.Rüstəmovu çox müdafiə etdiyini bildirir: "Mən onunla qürur duyuram".

Saleh Rüstəmov - açıq mənbələrdən götürülüb 

S.Rüstəmovun hələ ki azad olunan kimi Rusiyada yaşayan ailəsinin yanına gedib getməyəcəyi barədə məlumatları olmadığını deyir: "Necə gələcəyi haqqında dəqiq məlumatımız yoxdur. Uşaqlar da qarşılamaq üçün getmək istəyirdilər. Orda azadlığa çıxacaq, yoxsa bura gələcək hələ ki məlumat verilməyib”.

Vəkil Bəhruz Bayramov "Toplum TV”yə  S.Rüstəmovun ailəsinin yanına getmək istədiyini bildirib. 

Lakin pasportunun müddəti bitdiyi üçün məsələ ilə bağlı diplomatik kanallarla danışıqlar getdiyini söyləyib. 

Hələlik isə danışıqların nəticəsinin məlum olmadığını əlavə edib.

AXCP üzvü Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilmişdi. 

O,  "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. 

S.Rüstəmov azadlığa buraxılması tələbilə 2021-ci il noyabrın 6-dan dekabrın 16-dək aclıq aksiyası keçirmişdi. 

Ölkədəki və beynəlxalq hüquq müdafiə təşkilatları Rüstəmovun həbsinin qanunsuz və siyasi sifarişli olduğunu bildirib, "Amnesty İnternational" təşkilatı onu vicdan məhbusu elan edib.