“Saleh Rüstəmovun həyatına yaranan təhlükəyə görə məsuliyyəti birbaşa İlham Əliyev daşıyır” Foto: arxiv

“Saleh Rüstəmovun həyatına yaranan təhlükəyə görə məsuliyyəti birbaşa İlham Əliyev daşıyır” Foto: arxiv

29-11-2021 13:20 / Bu xəbər 1186 dəfə oxundu

Milli Şura beynəlxalq təşkilatlara çağırış etdi

Demokratik Qüvvələrin Milli Şurası 23 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmovun həyatına görə İlham Əliyevin məsuliyyət daşıdığını bəyan edir.

Bu barədə Milli Şurasının noyabrın 28-də yaydığı bəyanatda deyilir.

Milli Şura Saleh Rüstəmovun sağlıq durumunun artıq kritik olduğunu qeyd edib: "Penitensiar Xidmətin həkimləri də təsdiq edib ki, Saleh Rüstəmovun orqanizmi artıq tükənib. Ombudsman özü Saleh Rüstəmovla telefonla danışaraq, ona vəziyyətinin kritik olduğu barədə həkimlərin rəyini çatdırıb, aksiyanı dayandırmağı xahiş edib. Ancaq Saleh Rüstəmov aksiyanı dayandırmayacağını bildirib. Beləliklə, Saleh Rüstəmovun həyatı real təhlükə altındadır”.

Bəyanatda Saleh Rüstəmovun AXC hakimiyyəti zamanı Gədəbəy rayonunun icra hakimiyyəti başçısı vəzifəsində işlədiyi xatırlanaraq əlavə edilib ki, o, rayonun Ermənistanın təcavüzündən qorunmasında müstəsna xidmət göstərib: "Başkənd qəsəbəsinin geri alınması əməliyyatına rəhbərlik edib. İcra hakimiyyətinin başçısı ola-ola əlində silah vətən torpaqlarının qorunması uğrunda döyüşüb, Birinci Qarabağ savaşının qazisidir”.

Milli Şura qeyd edir ki, Saleh Rüstəmov 2018-ci ildə şərlənərək həbs olunub: "Onu guya AXCP-ni maliyyələşdirməklə çirkli pullar yumaqda ittiham ediblər. Gerçəkdə isə Saleh Rüstəmov bir neçə il ərzində siyasi məhbus ailələrinə kiçik məbləğlərdə maddi yardım göstərib və buna görə də həbs olunub”.

"Saleh Rüstəmovun qanunsuz həbsdən azad edilməsi bütövlükdə Azərbaycan cəmiyyətinin mövqeyidir. Ötən 23 gün ərzində Saleh Rüstəmova dəstək məqsədilə Azərbaycanın öz sözünü deyə bilən əksər ictimai-siyasi xadimi açıqlamalar verib, çağırış edib”, - bəyanatda belə deyilir.

Milli Şura bəyan edir ki, Saleh Rüstəmovun həyatına yaranan təhlükəyə görə məsuliyyəti birbaşa ölkə başçısı İlham Əliyev daşıyır: "Hətta Azərbaycana qarşı cinayətdə iştirak edən və əsir götürülən erməni hərbçilərinə də humanistlik göstərib, onları geri qaytaran İlham Əliyev hökuməti Azərbaycan torpaqları uğrunda döyüşmüş Saleh Rüstəmovu sırf siyasi məhbus ailələrinə yardım etdiyi üçün 4 ilə yaxındır haqsız yerə həbsdə saxlayır. İndi də onun öz həyatı bahasına ədaləti bərpa etmək istəyinə heç bir reaksiya vermədən laqeyd yanaşır”.

Bəyanatda beynəlxalq qurumlara çağırış yer alıb: "Milli Şura beynəlxalq aləmi və Azərbaycan xalqını Saleh Rüstəmovun haqq etdiyi azadlığa buraxılması naminə öz səsini daha ucadan duyurmağa, İlham Əliyev hakimiyyətinə daha effektiv tərzdə və kütləviliklə təsir göstərməyə çağırır”.

Saleh Rüstəmov 23 gündür aclıq aksiyası keçirir. Oğlu Sezgin Rüstəmov həkimlərə istinadən Meydan TV-yə bildirib ki, atasının orqanizmi tükənmənin son həddinə çatıb.

Noyabrın 26-da vəkil Bəhruz Bayramov professor Adil Qeybullanın Saleh Rüstəmovu müayinə etmək üçün Penitensiar Xidmətə müraciət etsə də, hələ cavab yoxdur.

Onun azad edilməsi ilə bağlı ötən həftə QHT nümayəndələri, hüquqşünaslar, jurnalistlər çağırış etsələr də, heç bir rəsmi reaksiya verilməyib.

Noyabrın 27-də AXCP Gənclər Komitəsi, Müsavat Gənclər Təşkilatı, D18 Hərəkatı, NİDA Vətəndaş Hərəkatı, AXCP Gənclər Komitəsi və REAL Gənclər Birliyinin təşəbbüsü ilə "Saleh Rüstəmovun Hüquqlarının Müdafiəsi Komitəsi” yaradılıb. Komitə Saleh Rüstəmovun hüquqlarının müdafiəsini koordinasiyalı şəkildə təşkil edib, müvafiq addımlar atacaq.

Xalq Cəbhəsinin hakimiyyəti dövründə (1992-1993) Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov 2018-ci ilin mayında AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunub.

O, 1998-ci ildə oğlunun xəstəliyi ilə əlaqədar Rusiyaya gedib və o vaxtdan ailəsilə birlikdə orada yaşayırdı.

2018-ci ilin mayında bacı-qardaşını görmək üçün Azərbaycana gələn sabiq icra başçısı qardaşı və onun ailəsilə maşında gedərkən Şəmkirdə saxlanılıb. Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. 

İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib.

Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. 

Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. 

Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.(Meydan TV)