Şamaxı sakinləri: Döngələri ləğv etməklə minlərlə insanı əziyyətə salıblar

Şamaxı sakinləri: Döngələri ləğv etməklə minlərlə insanı əziyyətə salıblar

21-02-2020 21:11 / Bu xəbər 431 dəfə oxundu

Sakinlər beton yol ayrıclarından yaşayış yerlərinə olan döngələrin bərpa olunmasını istəyir

"Getdik dərdimizi icra başçısına deyək, qəbul elədi, qulaq asdı, dedi, bu qərarı mən verməmişəm, mən qarışa bilmərəm. Dedik, bir halda ki, bu işləri yoluna qoymaq sizlik deyil, o zaman biz də hökumətin diqqətini çəkmək üçün elə həmin yola çıxıb etiraz edərik. Başçı qəbul vaxtı orada olan polis rəisini və prokuroru bizə göstərib dedi, hünəriniz var, bir addım atın, hamınızı tutub atsınlar içəri. Dərdimizi deməyə getdiyimiz icra başçısı da bizi həbslə hədələyir”.

Ötən ilin sonunda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməklə istifadəyə verilib. Yolun 118-ci kilometrliyinin ərazisinə düşən yaşayış massivinin (Şamaxının girişinə yaxın ərazi) sakinləri 3 aydır ki, əziyyət çəkdiklərini deyirlər. Onlar Meydan TV-yə danışırlar ki, təmir zamanı yoldan yaşayış ərazilərinə olan döngələri ləğv edərək, yerlərini dəyişiblər. Nəticədə Şamaxıdan həmin əraziyə gələrkən əvvəllər qət etdikləri yoldan bir neçə dəfə uzun məsafə getməli olurlar.

"Əhali hərtərəfli zərər çəkir”

"Maşınlar Şamaxıdan çıxıb, qısa yol qət edib bizim əraziyə dönürdü. İndi o yolu dəfələrlə uzadıblar. Məsələn, mən rayondan un alıb gətirirəm. Unun kisəsinə 25 manat verirəm, üstündə 8 manat da maşına ödəyirəm, bir kisə un 33 manata başa gəlir. Halbuki, əvvəllər maşına 2 manat verirdim, un 27 manata başa gəlirdi. Yaşayış yerlərinə olan döngələrin məsafəsini uzatdıqlarından maşınlar da gedişhaqqını bir neçə dəfə artırıblar. Bir sözlə, əhali hərtərəfli zərər çəkir”, - sakinlərdən biri deyir.

Sakinlərin deməsinə görə, yerli televiziyaların müxbirləri onların şikayətləri əsasında bir neçə dəfə əraziyə gələrək əhalini danışırıblar, çəkilişlər aparıblar, ancaq bu çəkilişlərin heç biri işıqlandırılmayıb.

"Başçıdan kömək istədik, o isə bizi hədələdi”

"Gəlirlər, adamlar toplaşır, danışdırırlar, çəkirlər, gedirlər, sonra da deyirlər ki, bizlik deyil, qorxuruq. Başçı da əhalini dinləmir. Yığışıb gedirik, kömək istəyirik, bizi sağında, solunda oturtduğu polis rəisiylə, prokurorla hədələyir. Biz deyirik, kömək edin, minlərlə insan əziyyət çəkir, deyir, səsini çıxardana 30 sutka həbs verdirərəm. Prezidentə yazmışıq, ondan da xəbər yoxdur. Bəs bu xalq dərdini kimə desin? Axı söhbət 5-10 nəfərin yox, minlərlə insanın əziyyət çəkməsindən gedir. ASAN Xidmətə, xəstəxanaya, Olimpiya Komleksinə, yanacaqdoldurma məntəqəsinə getmək istəyənlər də döngələrin bağlanması üzündən əziyyət çəkir”, - adını açıqlamaqdan çəkinən başqa bir sakin deyir.

Keçid də yoxdur

Başqa bir problem isə magistral yolda keçidlərin olmamasındandır. Sakinlər yolun qarşı tərəfinə keçmək üçün beton yol ayrıcının üzərindən tullanıb, o baş – bu başa sürətlə şütüyən avtomobillərin arasından keçib getməli olur:

"Qadın, uşaq, qoca, cavan – hamı o boyda magistral yolu beton ayrıcların üstündən hoppanıb keçib gedir. Bu yolun hər iki tərəfində əhali yaşayırsa, deməli, bu iki tərəfin əlaqəsi üçün keçid də qoyulmalıdır. İnsanların həyatını göz görə-görə təhlükəyə atıblar”.

Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, icra başçısı bu məsələ ilə bağlı qeyd olunan ərazidən bir neçə sakini qəbul edib, dinləyib. Sakinlərə narazılıqları ilə əlaqədar aidiyyəti üzrə qurumlara məktubla müraciət olunacağı, şikayətlərin araşdırılacağı deyilib.

Yeri gəlmişkən...

Bakı-Şamaxı-Yevlax yolunun yenidən qurulmasına görə dövlət büdcəsindən bir neçə dəfə vəsait ayrılıb. Bakı-Şamaxı avtomobil yolunun iki zolaqdan dörd zolağa genişləndirilməsi üzrə üçüncü magistral yol layihəsinin (Third Highway Project) icrası isə Dünya Bankından (DB) alınan kreditlər hesabına gerçəkləşdirilir. DB-nin məlumatına görə, 2019-cu ilin sonuna qədər bu layihəyə 307 milyon dollar (əlavə maliyyələşdirmə də daxil olmaqla, bank qarşısındakı ümumi öhdəliklərin təxminən 82%-i) məbləğində kredit ayrılıb. İşlər ötən ilin sonunadək yekunlaşmalıydı. Azərbaycan hökuməti qalan kredit vəsaitindən istifadə etmək və tikinti işlərini başa çatdırmaq üçün layihənin bir illik uzadılmasını istəyib.

"İlkin olaraq layihə altı ay müddətinə (30 iyun 2020-ci il) uzadılıb, bu müddət ərzində qənaət edilmiş vəsaitlərdən istifadə etmək qərarı verilsə, layihənin daha da uzadılması məsələsinə baxıla bilər. Amma təcrübəyə görə, qənaət olunan vəsait müvafiq qərar qəbul olunarsa, bu layihə bitdikdən sonra layihənin ümumi məqsədlərinə cavab verən işə yönəldilə, eləcə də ləğv oluna bilər. Konkret qərar DB və hökumət arasındakı müzakirələrin nəticələrindən asılı olaraq veriləcək”, – "Report”un məlumatına görə bankdan belə deyilib.

Meydan.Tv