Samir Aşurovun məhkəməsi başlayır

Samir Aşurovun məhkəməsi başlayır

09-08-2022 21:37 / Bu xəbər 916 dəfə oxundu

Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra həbs olunan daha bir siyasi fəalın məhkəməsi başlayır. 

Söhbət xəsarət yetirmə ittihamıyla həbs olunan Samir Aşurovdan gedir. 

Onun işi üzrə Nizami Rayon Polis İdarəsində 4 aya yaxın aparılan istintaq başa çatıb və cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, onun işini Məhəmməd Əkbərovun sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq.

Samir Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.

İttihama əsasən, Samir Aşurov aprelin 19-da Nizami rayonu ərazisində səkidə gedərkən qarşıdan gələn Elşən Nəbiyev adlı şəxsə çiyni ilə toxunduğuna görə aralarında mübahisə yaranıb. 

Samir Aşurov onu döyüb, daha sonra üstündəki bıçaqla xəsarət yetirib.

Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova hər iki ittihamın əsassız olduğunu, həyat yoldaşının şərləndiyini bildirib: "Samir Aşurovla zərərçəkmiş kimi təqdim olunan şəxsin arasında istintaqın sonunda üzləşmə keçirilib. Açıb qarnındakı izi göstərib ki, guya Samirin vurduğu bıçağın yeridir. Yalandır, ola bilsin, əvvəl kimsə onu bıçaqlayıb, onun yeridir. Birincisi, çoxdankı yara izidir. İkincisi və ən əsası, Samir onu vurmayıb, heç üstündə bıçaq olmayıb. Samir yolda sakitcə gedərkən o, özünü yerə yıxıb, qışqırmağa başlayıb. Sadəcə, Samiri şərləmək üçün ondan alət kimi istifadə edirlər. Bu da sifarişlə böhtan atır…”

Nuranə Aşurova avqustun 9-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirib: "Dəfələrlə BMT-yə müraciət etmişəm, heç bir reaksiya verilmir. Samir Aşurov siyasi mühacir kimi Almaniyaya getmişdi. Azərbaycanda onun həyatına təhlükə olduğu aydın idi. Çox təəssüf ki, onu deportasiya elədilər və gözlənilən baş verdi – onu şərləyib həbs elədilər. 4 aydır ki, Şüvəlandakı istintaq təcridxanasında saxlanılır. BMT sığınacaq üçün müraciət etmiş şəxsin başına gələnlərə biganə yanaşır. Bu bina niyə tikilib? BMT nə işlə məşğuldur?”

Nuranə Aşurova vurğulayıb ki, həyat yoldaşının cəzalandırılmasının səbəbi Azərbaycan hökumətini tənqid etməsi, siyasi məhbuslara azadlıq tələbilə Almaniyada keçirilən etiraz aksiyalarında fəal iştirak etməsidir.

Samir Aşurov hələ Azərbaycana qaytarıldığı ilk günlərdə həbs təhlükəsi altında olduğu haqda dəfələrlə sosial media hesabında yazmışdı.

O, barəsində həbs qətimkan tədbiri seçilərkən Nizami Rayon Məhkəməsində hakimə hadisənin necə baş verdiyini danışıb. 

Deyib ki, aprelin 19-da axşam saatlarında metronun "Neftçilər” stansiyasının yaxınlığında evinə gedərkən bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. 

Arxasınca da qışqırıb və dərhal polislər gələrək onu tutub: "Cibimə bıçaq qoydular. Çıxarıb atdım. Əvvəl sağ cibimə qoymuşdular, sonra gətirib sol cibimə qoydular. Götürüb 24-cü bölməyə apardılar”.

Samir Aşurov martın 28-də Almaniyadan Bakıya qaytarılıb, aprelin 19-da isə həbs olunub.

Son dövrlərdə Almaniyadan deportasiya edilən fəalların bir neçəsi ölkəyə qayıtdıqdan az sonra həbs edilib. 

Onların əksəriyyətinə narkotik ittihamı verilib, lakin onlar ittihamı rədd edir və etirazlarına görə qisas almaq məqsədilə şərləndirklərini deyirlər.