Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edilib

Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edilib

01-11-2019 13:25 / Bu xəbər 1965 dəfə oxundu

Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. 

Samir Nuriyev 9 mart 1975-ci il tarixində Bakı şəhərində anadan olub.

O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib. 

1996-2003-cü illərdə Samir Nuriyev müxtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, o cümlədən 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.

2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib. 

Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub. 

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. 

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.