Sanitar qovşağa görə töhmət alan müəllim danışır

Sanitar qovşağa görə töhmət alan müəllim danışır

13-01-2023 02:28 / Bu xəbər 847 dəfə oxundu

Bir neçə gün öncə sosial şəbəkələrdə Leyla müəllimin məktəbi tənqid edən videosu trend oldu. 

İmişli rayon Aranlı kənd orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəbin sanitar qovşaq problemini işıqlandıraraq dərsləri boykot etmişdi. 

Müəllim bu etirazından sonra ona töhmət verildiyini deyir: 

"3 dənəsi var idi, sonra elə oldu ki, biri uçdu. Onu ləğv elədilər, oldu 2 dənə. İkincisi də uçmağa başlamışdı, pis günə qalmışdı, onu da mənim söz-söhbətimdən sonra bir az əl gəzdirdilər, oldu 2. Əsəbləşib şagirdlərə dedim ki, bu ayaqyolu bərpa olunmalıdır, yığışdıraq də bu söhbəti. Nə vaxta qədər uşaqların valideynləri yenidən onlara paltar gətirəcək ki, müəllimə, geyindir, dərsinə davam elə?”.

Müəllim danışır ki, videonu çəkdiyi gün valideynə zəng edib yenidən məktəbə çağırıb. Deyib, ayaqyolu olmadığından uşaq narahatdır. 

Valideyn gəlib, uşağı evə aparıb, təkrar məktəbə qaytarıb. Bundan sonra başqa uşaqlar da eyni problemi yaşayıb: "Ondan sonra da artq əsəbləşdim, özümdən çıxdım, ağladım, video çəkiliş elədim. Çəkiliş zamanı orada bildirdim ki, mənim maaşımı kəssələr də, razıyam, təki bu problem həll olunsun, sonra biz birlikdə qayıdarıq. Onlar da mənə töhmət verdilər ki, sən dərsdə olmamısan. Halbuki ərizə də yazmışdım. Ərizəni də ona görə yazdım ki, bununa bağlı söhbət aparmaq üçün rayona getmişdim”.

Leyla müəllimə məktəbin digər problemlərini də dilə gətirib. O deyib ki, 1970-ci illərdən istifadəyə verilmiş bu məktəbə hələ indiyə qədər bir mismar belə vurulmayıb: "Hər gün yeni problemlər üzə çıxır. Məktəbdə gördünüz ab-havanı, məktəb demək olarsa… Hamı bizim məktəbi görəndə xoşa gəlməyən ifadələr işlədir ki, bu məktəb məktəb deyil. Məktəbimizdə olan problemləri gördüyünüz kimi işıqlandırmışam, bu, cüzi işıqlandırma idi. Əvvəlki videolarımda da bu, göz qabağındadır”.

Leyla Nəcəfquliyeva deyib ki, dərs dediyi sinfi də valideynlərin dəstəyi ilə özü düzəldib. Digər sinif otaqları daha bərbad gündədir. İstilik sistemi demək olar ki, yoxdur.

"Hazırda əllərim çox donub. Şəraitsiz yerdə dərs keçdiyimiz üçün uşaqlarda tez-tez bu problemlər yaranır və mən də qərara gəldim ki, bu yayılsın”, – müəllimə deyir.

Leyla müəllimə məktəbin problemləri həll olunana qədər susmayacağını bildirir.

Məktəbin əlverişsiz şəraitindən şagirdlər də şikayətçidir.  

Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazovun dediyinə görə, məktəbin təmiri yaxın zamanlarda planlaşdırılır. 

O həmçinin deyir ki, Leyla müəlliməyə məsələni ictimaişləşdirdiyinə görə töhmət verilməsi iddiaları əsassızdır.

Mil-Muğan Regional Təhsil İdarəsinin yaydığı məlumata görə, ötən il qurumun tabeliyində olan 11 məktəbdə sanitar qovşaq yenilənib, yaxud təmir edilib. Həmçinin 13 məktəbdə mobil sanitar qovşaq quraşdırılıb.