“Saxarov” mükafatı Venesuela müxalifətinin liderlərinə verildi

“Saxarov” mükafatı Venesuela müxalifətinin liderlərinə verildi

25-10-2024 15:47 / Bu xəbər 124 dəfə oxundu

Namizədlər arasında Qubad İbadoğlu da var idi

Avropa Parlamenti Andrey Saxarov adına "Düşüncə azadlığı” mükafatını Venesuela müxalifətinin liderlərinə verib.

Mükafat Venesuela prezidentliyinə keçmiş namizəd Edmundo Qonzales Urrutia və müxalif siyasətçi Mariya Korina Maçadoya təqdim olunub.

Parlamentin prezidenti Roberta Metsola oktyabrın 24-də Fransanın Strasburq şəhərində laureatları elan edib.

Metsola açıqlamasında bildirib ki, mükafat siyasətçilərə "Venesuelada azadlıq və demokratiyanı bərpa etmək üçün göstərdikləri cəsarətli mübarizəyə” görə verilib.

2024-cü ilin iyulunda Venesuelada prezident seçkiləri keçirilib.

Milli seçki şurası ölkənin hazırkı Prezidenti Nikolas Maduronun 51,2% səslə seçkilərdə qalib gəldiyini açıqlayıb.

Müxalifət isə hesab edirdi ki, onların dəstəklədiyi namizəd Edmundo Qonzales Urrutia 73% səslə seçkilərdə qalib gəlib.

ABŞ dövlət katibi Entoni Blinken də Amerika hökumətinin Edmundo Qonzalesi prezident seçkilərinin qalibi kimi tanıdığını bildirib.

"Böyük dəlilləri nəzərə alsaq, ABŞ və ən əsası Venesuela xalqı üçün aydındır ki, Edmundo Qonzales iyulun 28-də keçirilən prezident seçkilərində ən çox səs qazanıb”, – Blinken bəyanatında deyib.

2024-cü ilin avqustunda Venesuela Baş Prokurorluğu Mariya Korina Maçado və Edmundo Qonzaleslə bağlı istintaqa başlanıldığını açıqlayıb.

Baş Prokurorluğun bəyanatında bildirilib ki, Maçado və Qonzales seçkilərdə açıq şəkildə "polis və hərbi məmurları qanunlara tabe olmamağa təhrik ediblər”, "rəsmi səlahiyyətlərin qəsb edilməsi, qorxu və sui-qəsd üçün yalan məlumat yaymaq da daxil olmaqla” müxtəlif cinayətlərə işarə ediblər.

Hazırda Marina Korina Maçado Venesuelada gizlənir.

Edmundo Qonzales isə İspaniyada məskunlaşıb.

Oktyabrın 17-də Avropa Parlamentinin Xarici Əlaqələr və İnkişaf komitələrinin üzvləri gizli səsvermə yolu ilə 2024-cü il "Saxarov” mükafatının üç finalçısını seçmişdilər.

Onlardan biri azərbaycanlı, antikorrupsiya fəalı, professor Qubad İbadoğlu idi.

Andrey Saxarov adına "Düşüncə azadlığı” mükafatı 1988-ci ildə təsis edilib.

Hər il insan hüquq və azadlıqlarını müdafiə edən şəxslərə və təşkilatlara verilir.

Mükafatın həcmi 50 min dollardır.