Saxlanılan jurnalist: "Dedilər ki, göstəriş belədir"

Saxlanılan jurnalist:

23-05-2019 18:58 / Bu xəbər 1579 dəfə oxundu

Mayın 23-də jurnalistlər Prezident Administrasiyasının qarşısında etiraz edən "Futbol+” əməkdaşlarını çəkərkən saxlanılıb. 

Jurnalistlər Türkan Bəşir, Fərqanə Novruzova və Aytac Tapdıq saxlanılıb. 
 
Jurnalistlər 9-cu polis bölməsinə aparılıb.
 
Hazırda jurnalistlər sərbəst buraxılıblar.
 
Jurnalist Aytac Tapdıq öz feysbuk adresində saxlanılamsı ilə bağlı yazıb: "Saat 12-də Prezident Administrasiyasının qarşısındakı parkda sadəcə DURDUĞUM üçün saxlanıldım. Heç bir çəkiliş etməmişəm. "Futbol+” qəzetinin əməkdaşlarını gözləyirdim. KİVDF artıq bu ildən maliyyələrini kəsdiyi üçün Prezident Administrasiyasına müraciətə gəlmişdilər. Fikir polisləri nə üçün orada dayandığımı yəqin edərək məni zorakılıqla polis maşınına mindirib 9-cu Polis Bölməsinə gətirdilər. Tamamilə qanunsuz şəkildə 3 saatdan çox saxlanıldım. Digər jurnalistlər - Fərqanə Novruzova və Türkan Bəşiri "İçərişəhər” metrosu ilə üzbəüz dayandıqları, heç bir çəkiliş etmədikləri halda zorakılıqla saxlayıblar. Fərqanə Novruzovanın jileti də cırılıb". 

"Bölmədə bizə konkret şəkildə bildirdilər ki, artıq rəsmi icazə olmadan (yeni heç bir şəkildə) çəkiliş etməyə imkan verməyəcəklər. Zorakılıq etməkdən çəkinməyərək bölməyə gətiriləcəyik. Bunu açıq-aşkar dedilər. "Əvvəllər icazə vardı, ancaq indi yoxdur. Göstəriş belədir” dedilər. Heç bir halda Prezident Administrasiya qarşısında çəkiliş etmək bir qırağa, bunu istəmək də saxlanılmaqla nəticələnəcək. Bölmənin rəisi bildirdi ki, hər kəs gəlir orada şikayət edir, prezidentimizə qarşı çıxırlar. "İstefa” deyə çığırırlar. Bu da bizim nüfuzumuza ziddir. Qısası, stopumuz götürülsə də, ölkədaxili sərhədlərimiz daralır", - jurnalist bildirib. 
 
Jurnalist hüquq müdafiəçilərini birgə şikayət hazırlamağa çağırıb: "Bizi sərhədləmələrinə, qanunsuzluqlarına qanuni don geyindirməklərinə yol verməməliyik".

toplum.tv