"Saytlara giriş məhdudlaşdırılarkən müddət göstərilməlidir" - Əflatun Amaşov

02-12-2017 13:16 / Bu xəbər 1554 dəfə oxundu

''Elə başa düşülməməlidir ki, hansısa sayta giriş məhdudlaşdırılırsa, bununla da fəaliyyəti dayanır''

Qadağan edilən informasiya yayanlara tətbiq ediləcək cərimə məbləğləri müəyyənləşdi.

"Əlbəttə, yayılması qanunla qadağan edilən informasiya yayan saytlara giriş məhdudlaşdırılmalıdır. Ancaq məncə, bu məhdudlaşdırma fəaliyyəti tamamilə dayandırmaq şəklində anlaşılmamalıdır. Yəni elə başa düşülməməlidir ki, hansısa sayta giriş məhdudlaşdırılırsa, bununla da fəaliyyəti dayanır”.

Bunu Milli Məclisin iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov "KİV haqqında” qanuna dəyişiklik müzakirəsi zamanı deyib. 

O, hesab edir ki, qanunda müddət məsələsi də açıq əksini tapmalıdır. 

"Məsələn, 3 ya 6 aylıq, yaxud 1 illik müddətlər. Daha çox da ola bilər. Müddətlər törədilmiş əmələ adekvat seçilməlidir. Dünyada da belə bir praktikadan istifadə edilir. Hesab edirəm ki, biz də qanunun prinsipial əhəmiyyət daşıyan humanist mahiyyətinə söykənərək bunu tətbiq etsək, yaxşı olar”. 

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən,  Azərbaycanda internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı cəzaların müəyyənləşdirilib. 

Bu əmələ görə, fiziki şəxslər 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər isə 1500 manatdan 2000 manata qədər cərimələnəcək.

Bu cərimələr internet informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməyə görə də tətbiq ediləcək.

Bundan başqa, internet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimələnəcək.

Maddənin "Qeyd” hissəsində isə deyilir ki, bu maddədə göstərilən əməl Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq olunur.  

Bununla bağlı "Kütləvi informasiya vasitələri haqqında”, "Telekommunikasiya haqqında”, "Televiziya və radio yayımı haqqında” qanunlara da oxşar düzəlişlər edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. 

Azərbaycanda tənqidi mövqedə dayanan bir sıra saytlara, o cümlədən Meydan TV-nin, Azadlıq radiosunun saytlarına giriş tam məhdudlaşdırılıb.///meydan.tv