Saytlara xaker hücumunu Mühafizə Xidməti təşkil edir
03-01-2015 14:13 / Bu xəbər 2617 dəfə oxundu
Bunu “a24.az”a Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) nəzdində olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin rəhbəri Tural Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq dövlət qurumlarında texniki-profilatik yoxlanış testləri aparılır: “Hazırda Bakı 2015 Avropa Oyunları ilə əlaqədar dövlət saytlarını, informasiya təhlükəsizliyini maksimum dərəcədə qormaq üçün müəyyən yollarla test edirik. Məqsədimiz Oyunlar zamanı heç bir problemlərlə qarşılaşmamağımızdır. Artıq dövlət saytlarına auditlər keçirilir. Bəzən mərkəz tərəfindən saytlara müxtəlif üsullu xaker testləri də keçirilir”.
T.Məmmədov vurğulayıb ki, bəzi dövlət qurumlarının hostinqi və digər informasiya təhlükəsizlik sistemləri mərkəzə verilməyib: “İnformasiya təhlükəsizlik sistemləri bizim xüsusi daxili mərkəzimizdə yerləşdirilən dövlət qurumlarının saytlarına nəzarət daha intensivdir. Amma serverlərini öz daxili mərkəzlərində saxlayan bəzi dövlət qurumlarının saytlarında da mütəmadi olaraq audit edib və yaranan boşluqlar haqqında onları məlumatlandırırıq”.
Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək.
Arqument.az












