Seçim var: "Qorxuya bir dəfə qalib gəlirsən"

Seçim var:

13-10-2024 02:12 / Bu xəbər 815 dəfə oxundu

"Arqument.az" yazıçı Yelena Pasternakın "Seçim var" hekayəsini Azər İsmayılın tərcüməsində təqdim edir: 

(Hekayə)

Bizim məktəbdə valideynlərini itirmiş bir qız oxuyurdu. O, nənəsi ilə yaşayırdı. Nənəsi çox yaşlı və çox da dindar idi. Hər bazar günü o, nənəsi ilə eyni dərəcədə arıq, kövrək görkəmdə, qar kimi ağ baş örtüyü taxaraq evimizin yanından kilsəyə gedirdilər. 

Deyilənlərə görə, nənəsi ona televizora baxmağı, şirniyyat yeməyi və şeytanlar ağzına girməsin deyə ağzı açıq gülməyi qadağan edib və üzünü buzlu su ilə yumağa məcbur edirmiş. 

Qıza sataşırdıq. O, boz, uşaq gözləri ilə bizə baxıb deyirdi: "Allahım, onlara rəhm elə, nə etdiklərini bilmirlər”.

Heç kim onunla dost deyildi, hamı onun dəli olduğunu düşünürdü.
Onun adı Lina idi. Angelina.

Mən uşaq olanda məktəb yeməkxanalarında yeməklər dadsız idi. Ancaq cümə günləri kakao, xəmirdə sosis və ya kolbasa ilə şirələr və kiçik bir şokolad çubuğu verilirdi.
Bir gün yenə Linaya sataşdılar, kimsə onu itələdi, o, mənə dəydi, masaya kakao stəkanları olan nimçəyə yıxıldım və bütün bu şokolad fəvvarəsi iki yuxarı sinif şagirdinin üzərinə sıçradı.
- Belə…, - dedi onlar.
- Gəl qaçaq, - dedim və Linanın əlindən tutdum, sinifimizə qaçdıq.

Mənə elə gəldi ki, bir komançi dəstəsi və eyni zamanda bir bizon sürüsü bizi təqib edir, qışqırır.
Son iki dərs riyaziyyat idi.
Şüşə qapının arxasında iki hündür fiqur göründü.
Qapı azca açıldı və iki baş bir-bir içəri baxdı, sonra başlar pıçıldaşdılar.
Başa düşdüm ki, bizi (klassiklərdən sitat gətirmək üçün) istintaq, məhkəmə və edam gözləyir: 
- Əsas odur ki, gözə dəymədən gizlicə sinifdən çıxmaq, orada isə çardağa çıxışı bilirəm, hava qaralana qədər orada oturarıq, sonra evə qaçarıq, - dedim. 
- Xeyr, - deyə Lina cavab verdi: "Qızların getdiyi kimi gedəcəyik, hava qaralmamış və təvazökar".
- Amma, Lina, onlar ordadır. Bizi gözləyirlər, - deyə israr etdim. 
- Nə? Onlar bizim üçün nədir? Başımıza kefir tökəcəklər? Sənə qışqıracaqlar? Beşinci sinif qızlarını döyəcəklər? Nə?
-Yaxşı....
- Bizi döysələr də, bir dəfə döyəcəklər. Əgər getməsən, hər gün qorxacaqsan...

Hamı ilə birlikdə sinifdən çıxdıq: qızlar necə çıxırlarsa, elə - təvazökarlıqla. İki yuxarı sinif şagirdləri divara söykənib durmuşdular.
- Balacalar, hansınız itirmisiniz? - oğlanın əlində Mickey Mouse şəkilli cüzdanım və 10 rubl (hovuz və sənət studiyası üçün ödəmək üçün) var idi.
"Buyur", - o, pul kisəsini əlimə qoydu və - daha qaçma, - dedi. 
Evə gedirdim, çantamı yelləyərək yaşamağın nə qədər gözəl olduğunu düşünürdüm.
Hər şey necə də yaxşı həll olundu və nə yaxşı ki, mənim belə yeni bir rəfiqəm var.
- İcazə ver, anama zəng edim, o, nənənə zəng edib, sənin üçün icazə alsın və mənimlə cizgi filmlərinə baxmağa gedək? Yoxsa sənə olmaz baxmaq?
Lina gözlərini çevirdi: 
- Gedək nənədən qatılaşdırılmış südlü vafli alaq, bu gün bişirib...

Daha uzun illər dost olduq, həyat bizi müxtəlif qitələrə aparana qədər. Amma həmişə o bir dəfəni xatırlayıram.
Qüllədən hovuzun mavi güzgüsünə tullanmaq qorxudur, amma bir dəfə qorxuludur.
Yeni bir şey etmək qorxuludur.

Ən pisi nə olacaq? Deyəcəklər ki, mən axmağam? Bir dəfə deyəcəklər. Etməsəm, mən bunu hər gün özümə deyəcəyəm: bir dəfə qorxmaq, ya da hər gün.
Qorxuya bir dəfə qalib gəlirsən.
Ya da hər gün sənin içindəki qorxu sənin həyatını yaşayır...