Seçki komissiyalarının üzvləri məvaciblərin azlığından narazıdırlar

Seçki komissiyalarının üzvləri məvaciblərin azlığından narazıdırlar

15-08-2024 15:46 / Bu xəbər 718 dəfə oxundu

Bir sıra Seçki Dairələri üzrə fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri onlara verilən məvacibdən narazıdırlar.

Lənkəran, Salyan, Neftçala və Gəncədən olan vətəndaşlar "Arqument.az"ın sosial media hesablarına yazıblar ki, onlara verilən məvacib olduqca azdır. 

Şikayətçilər qeyd ediblər ki, məzuniyyət vaxtı müəllimləri seçki prosesinə cəlb etsələr də, onlara verilən məvacib minimum əməkhaqqının heç yarısı da etməyib: "Məntəqə seçki komissiyasının üzvlərinə 133, katiblərə isə 150 manat verilib". 

Onlar bunu "dilənçi payı" adlandırıblar və Dairə Seçki komissiyalarına şikayət etdiklərini deyiblər, amma onlara deyilib ki, qərarı Mərkəzi Seçki Komissiyası verib: 

"Bir həftə öncə pullarımızı verdilər. 133 manat dilənçi payıdır. Şikayət də etdik, dedilər bizlik deyil, MSK-ya deyin. Ölkədə minimum əməkhaqqı 345 manat olduğu halda, MSK-nın verdiyi 1 aylıq əməkhaqqı 133-150 manatdır. Bu, biabırçılıqdır.İndi düşünün ki, biz iki ay vaxtımızı ayırıb seçki prosesi ilə məşğuluq. Bu pulla nə etmək olar? Hələ təlimlərə, tədbirlərə qatılırıq, çoxu yollarda xərclənir. İstəyirik ki, MSK bu məsələyə yenidən baxsın".

"Arqument.az" Mərkəzi Seçki Komissiyasıdan məsələyə münasibət öyrənə bilməyib.