Seçkinin “sağalmayan yara”ları və ya keçmişə yenidən baxış

Seçkinin “sağalmayan yara”ları və ya keçmişə yenidən baxış

10-12-2020 13:34 / Bu xəbər 933 dəfə oxundu

Çoxdan idi ki, Azərbaycanın həm ictimai-siyasi həyatında, həm də iqlimində belə "isti qış" olmamışdı. 2019-cu ilin dekabrında gözlənilmədən Azərbaycanın qanunverici orqanı- Milli Məclis vaxtından əvvəl buraxıldı və dərhal yeni seçkilər təyin edildi. 

Əsas hüquq və azadlıqların təmin olunmadığı ölkələrdə seçkilər maraqsız keçir. Üstəlik, müxalifətdə olan siyasi qüvvələr passiv boykot yolunu tutanda. Amma bu seçkiyə xeyli sayda gənclərin, bitərəf tanınmışların və intellektualların qatılmağı sükutu pozdu. Ortaya təzə və təmiz bioqrafiyalı simalar çıxmışdı...

İmişlidə yaşayan Ziya Rzayev də bitərəfdir. O, sosial media üzərindəki paylaşımları ilə rayon əhalisi arasında fəal gənc kimi tanınır. İllər öncə yaşıdları ilə birgə "Ziyalı gənclər maarifçi klubu” təsis edib. 

Təşkilat dövlət qeydiyyatına alınmayıb, amma bu, gəncləri məqsədlərindən ayırmayıb- onlar vaxtaşırı müxtəlif tədbirlər keçirirlər.

Belə komandaya malik olma seçkidə üstünlükdür.

Ziya deyir ki, 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərdə 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürərkən komandasına arxalanıb. 

"Ziyalı gənclər”in əksəriyyəti seçki prosesinə ilk dəfə qatılırdılar. Az sonra şahidi olacaqdılar ki, reallıq heç də qanunlardan oxuduqları, təlimlərdən öyrəndikləri kimi deyil.

Seçki çoxdan başa çatıb. Cəmiyyət də rəsmi nəticələrlə barışıb. Seçilənlər iş başında. 4 dairədə nəticələr ləğv edilib, deputatlardan biri vəfat eib. Boşalmış yerlərə nə vaxtsa yeni seçki keçiriləcək. Amma çoxlarında buna maraq yox. Ümumilikdə isə seçkiyə. 

Ziya Rzayev hesab edir ki, cəmiyyət seçkidən növbəti dəfə itki ilə çıxdı: "Xüsusilə gənclər. Onların aldığı mənəvi-psixolji travmalar belə tez sağalmayacaq".

Azərbaycanda növbədənkənar keçirilmiş 6-cı çağırış Milli Məclisə seçkilərlə bağlı indiyədək rəsmi şəxslər, məhkəmələr, siyasi liderlər, politoloqlar, ictimai xadimlər, yerli və beynəlxaq təşilatlar, mətbuat orqanları, sosial şəbəkə istifadəçiləri xeyli sayda qiymətləndirmə mülahizələri səsləndiriblər. Bu yazı ən yaxın tariximizə bir gənc namizədlə xəyali səyahətdir. Hesab edirik ki, onun dedikləri oxucularda  maraq doğuracaq.

"Ölkədə etibarsızlıq mühiti var”

 "Çox zaman deyirlər ki, Azərbaycan cəmiyyəti demokratiyaya, seçkilərə hazır deyil. Amma bunun kökündə inamsızlıq, etibarsızlıq dayanır”, - deyir Ziya. 

Fikrini də belə əsaslandırır: "Bu qənaət həm cəmiyyətin, həm də idarəedənlərin davranışından yaranıb. İnsanlar indiyədək keçirilmiş seçkilərin saxtalaşdırıldığını görüblər. Buna görə düşünürlər ki, onların səslərinin əhəmiyyəti yoxdur. İdarəedənlər isə sanki cəmiyyətə etibar etmirlər. Hətta kiçik bir icmaya öz nümayəndələrini seçmək, bələdiyyələrini formalaşdırmaq imkanı verilmir”.

O hesab edir ki, 9 fevral seçkisi ortada olan bu inamsızlığı, etibarsızlığı aradan qaldırmaq üçün bir şans idi: "Cəmiyyətdə də fikir formalaşmışdı ki, artıq bu dəfə fərqli seçki olacaq. Buna səbəb Milli Məclisin vaxtından əvvəl buraxılması idi. Buraxılma zamanı deyilmişdi ki, bu parlament yeni dövrün çağırışlarına cavab vermir. Bəs tələb nə idi? Seçicilər davamlı olaraq bizdən azad, ədalətli seçki keçirməyi gözləyir. Bu, artıq ətrafımızdakı bəzi ölkələrdə baş verib: Ukraynada, Gürcüstanda. Sanki növbə bizə çatmışdı…” 

Demokratiya yolunda mücadilə aparılan ölkələrdə növbədənkənar seçki qərarı kütləvi etirazlar baş qaldıranda, təzyiq altında qəbul edilir. Buna cəmiyyətin hakimiyyəti, yaxud onun hansısa qolunu etimad testindən keçirməsi kimi yanaşılır. Amma Azərbaycanda son prezident və parlament seçkisinin növbədənkənar keçirilməsi "yuxarı”nın istəyilə olmuşdu.  

Buna görə siyasiləşməmiş çoxsaylı gənc namizədin bu prosesə elə "yuxarı”ların istəyilə qatılmağını iddia edənlər var. Amma Z. Rzayev "razılaşdırılmış namizəd” olmağı ilə bağlı deyilənləri qətiyyətlə inkar edir: "Mən bu prosesə qədər müxtəlif qeyri-hökumət təşkilatlarının layihəsini icra etmiş, əhalinin mütəlif təbəqələri ilə çalışmışdım. İstədim ki, seçki prosesində özümü sınayım. Bu, mənim üçün bir test, həm də təcrübə toplamaq idi. Hətta sosial şəbəkə üzərindən sorğu keçirdim ki, görüm bunu məni tanıyan insanlar necə qarşılayır. Namizədliyim yüksək səslə müdafiə olundu. Seçki dövründə isə müxtəlif təzyiqlərlə üzləşmişəm və bunu açıq şəkildə paylaşmışam”.

"3-5 dəqiqəlik çıxışa görə gərək evimi sataydım”

Ziya Rzayev hesab edir ki, seçkinin fərqli olacağına inamı rəsmilərin mesajları və ilkin mərhələdə davranışları möhkəmləndirmişdi: "Bu dəfəki seçkiyə yanaşma əvvəlkilərdən çox fərqli idi. İlkin mərhələdə- namizədlərin qeydə alınmasında, təşviqat dövründə hər şey normal gedirdi. Adama elə gəlirdi ki, sonadək belə davam edəcək”.

 O, təşviqat imkanlarının çox da geniş olmadığını deyir: "Seçicilərlə görüşməyə maneəçilik yox idi. Amma səsimizin daha çox adama çatması üçün televiziya ilə ödənişsiz efir vaxtı verilmədi. Ödənişli efir isə çox baha idi. Mənim kimi namizəd 3-5 dəqiqəlik çıxışa görə gərək evini sataydı”.

Namizədlərdən birinin İmişli Olimpiya kompleksinin qapalı zalınında seçicilərlə görüşü böyük səs-küyə səbəb oldu. Bu barədə mətbuatda, sosial şəbəkələrdə çox danışıldı. Rayonun büdcə təşkilatlarında işləyənlərin aldadılaraq bu məkana gətirildiyini iddia edənlər oldu. Seçki komissiyalarına şikayət edildi: "Elə bununla da mübarizə namizədlər arasında yox, cəmiyyətlə idarəedənlər arasında oldu. Yerli icra hakimiyyəti açıq şəkildə namizədlərdən birini dəstəkləməyə başladı. O zalı inzibati resurslarla dolduranlar, səsvermənin nəticələrinə də müdaxilə etdilər”.

Belədə sual yaranır: niyə baş verən qanunsuzluqlara qarşı cəmiyyətin müqavimət gücü yoxdur? Təkcə bir dairə üzrə 17 namizəd, min nəfərdən çox müşahidəçi qeydə alınmışdı. Bir halda ki çoxluq azad və ədalətli seçkilər istəyir. 

"Hətta azad düşüncəli insanlarımız belə təsir altındadır”

Ziya "çoxluq” barədə fərqli düşünür: "Seçki prosesi bizə bir də onu öyrətdi ki, insanlarımızın bir  qismi azad və müstəqil fikirli deyillər. Buna görə çox asanlıqla təsir altına düşürlər. Bir neçə şəxs xeyli sayda adamın vəsiqəsini toplaya bilirdi. Səsvermə günü insanlar qrup halında məntəqələrə gətirilirdi. Baxırdın ki, adamları evindən çıxarıb maşına oturdaraq məntəqəyə daşıyırlar. Ən pisi o idi ki, həm təşviqat tədbirinə, həm də səsverməyə zorla gətirilən adamlarda buna etiraz yox idi”.

Ziya deyir ki, seçki prosesinə qoşularkən ətrafında 50 nəfər olub. Amma səsvermə günü onlardan meydanda cəmi 25 nəfərədək qalıb: "Ətrafıma bilikli, azad düşüncəli, müstəqil gənclər toplasam belə, bir müddətdən sonra gördüm ki, onların bir qismi müxtəlif təsirlərlə bu prosesdən kənarlaşıblar. Onlara ailələrindən, yaxın qohumlarından təsirlər vardı. Hətta bir neçəsini təhlükəyə atmamaq üçün mən özüm komandadan kənarlaşdırmalı oldum”.

O, insanların təsirə məruz qalmağında savadsızlığın da rol oynadığını vurğulayır: "İnsanlarımızın bir qismi yazıb-oxuma problem yaşayırdı. Aralarında gənclər də vardı. Namizdliyimin müdafiəsi üçün çox çətinliklə onardan imza almışdıq. Səsvermə günü də biz onları başqa şəxslərin köməyi ilə səs verdiklərini görürdük”. 

Ziya xüsusi olaraq vurğulayır ki, onun üçün seçki səsvermənin rəsmi nəticələri elan edilməzdən əvvəl bitib: "Günün sonunda daha böyük gərginliyə gəlib çıxmışdıq. Səslər sayılarkən heç də bütün müşahidəçilərimizə şərait yaradılmadı ki, bu prosesi izləyə bilsinlər. Onlara səsvermənin nəticələrinə dair protokol da verilmədi. Məqsəd hamıya aydın idi: nəticələr seçki məntəqəsindən kənarda namizədlərdən birinin lehinə saxtalaşdırılacaq və o, qalib ediləcəkdi. Bizim üçün seçki bu saxta nəticələr elan edilənədək bitmişdi”.

Polisdən protokol tələbi?!

Dairə Seçki Komissiyasının inzibati binası önündə qələbəlik idi. Kənd məntəqələrindən qutuların, seçki sənədlərinin qaçırılması barədə məlumalar gələndən sonra bütün namizədlər, ictimai fəallar, onların tərəfdarları bu yerə toplanmışdı. 

Birdən onların gözünə məntəqə seçki komissiyalarından birinin sədri göründü. Hamı onun üstünə düşüb protokol tələb etməyə başladı. Hətta içərisində sənədlər olan seçki qutusunu  onun əlindən alaraq qaçırmaq istəyənlər oldu. Amma sənədlərin mühafizəsinə məsul olan polis nəfəri buna imkan vermədi. 

Bu dəfə qutunu möhkəm əlində saxlayan polis əməkdaşından protokol tələb edildi. O isə ucadan deyirdi: "Mən Daxili İşlər Nazirliyinin polis nəfəriyəm. Mən seçki keçirmirəm”.

Qəzəblənmiş kütlənin qarşısını almaq üçün əvvəlcədən İmişli şəhərinin "Olimpiya” idman kompleksində yerləşdirilmiş çevik polis alayı yeridildi. Dubinkalar işə düşdü və etiraz yatırıldı.

Daxili İşlər Nazirliyi çevik polis alayının İmişlidə xüsusi əməliyyat keçirməyi ilə bağlı ictimaiyyətə məlumat verməyib. 

Mətbuatda dərc edilən bu xəbər  isə rəsmi qaydada nə təkzib, nə də təsdiq olunub.

"Belə seçimlə biz hara gedirik?”

Nəticələr növbəti gün açıqlanacadı. Amma hamı artıq hər şeyi bilirdi. Ziya deyir ki, indiki vaxtda bu seçkinin digər nəticələri barədə düşünülməlidir: "Bir az əvvəl dedim axı, bizim üçün seçki yekun protokollar məntəqələrdə verilməyəndə bitmişdi. Elə onda bildik ki, növbəti dəfə xalqa, onun seçiminə etibar edilmədi. İndi seçkinin ayrı-ayrı namizədlərin topladığı səslərə və kimin qalib elan edlməsi barədə  nəticələrindən danışmağın mənası yoxdur. Bundan önəmli olan dövlətin, cəmiyyətin bu seçkidən itkiləri və qazancıdır. Belə seçimlə biz hara gedirik?”

"Bu, indiyə qədər keçirilmiş seçkilərin ən yaxşısı idi”

Son seçkinin söz-söhbəti də az olmadı. Mərkəzi və dairə seçki komissiyalarına ünvanlanan şikayətlərdə iddia olunurdu ki, nəticələr namizədlərdən birinin lehinə saxtalaşdırılıb, buna görə seçici iradəsini əks etdirmir. 

79 saylı İmişli seçki dairəsi üzrə Dairə Seçki Komissiyası 13 fevral 2020-ci il tarixli 32/74 saylı qərarında bu iddiaları əsassız hesab edib: "Bütün seçki məntəqələrində vətəndaşların sərbəst səs vermələri üçün qanunvercilikdə nəzərdə tutulmuş qaydada normal şərait yaradılmışdı. Səsvermə günü seçicilərə hər hansı bir kənar təsir göstərilməyib, seçki məntəqəsinə gələn hər bir seçici sərbəst şəkildə səsvermə hüququnu həyata keçirib”.

"Bu indiyə qədər keçirilmiş seçkilərin ən yaxşısı idi. Kompaniyaya start veriləndən ta sonadək hər şey şəffaf keçdi. Bütün namizədlər üçün eyni şərait yaradılmışdı. Mənim üçün seçki çox normal keçdi və nəticələri ədalətlidir”.

Bu sözləri isə 79 saylı İmişli seçki dairəsi üzrə qalib namizəd elan edilən, hazırda Milli Məclisin deputatı Razi Nurullayev seçkidən dərhal sonra bildirib. 

Mərkəzi Seçki Komissiyası şikayətlərin bəzilərini qismən təmin edərək, 5 seçki məntəqəsi üzrə səsvermənin nəticələrini etibarsız saydı. Amma bu, dairə üzrə liderin dəyişməyinə səbəb olmadı. Qərardan narazı qalan namizədlərdən biri ölkə daxili bütün hüquq müdafiə vasitələrini tükəndirərək Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. 

Qeyd edək ki, buna qədər keçirilmiş seçkilərlə bağlı Avropa məhkəməsi həmin dairə üzrə azı 4 namizədin seçki hüquqlarının pozulmasına dair qərar çıxarıb. Azərbaycan hökuməti onlara "mənəvi zərərə görə” təzminat ödəyib.

"Özünü bir parçası hesab etmədiyin cəmiyyətdə yaşamaq xoş deyil”

Nərmin (ad şərtidir) "Ziyalı gənclər maarifçi klubu”na ilk qoşulanlardandır. O, müstəqilliyimizlə yaşıddır. Uşaq ikən valideynləri ayrıldığından həyatın sərt üzünü erkən görüb.

O, hazırda bir özəl təşkilatda çalışır. Amma vaxtının çoxunu ictimai işlərə və sosial mediaya ayırdığını deyir. Nərmin əsasən ictimai vəkil kimi tanınır- tam savadsız adamlara ərizə və şikayət hazırlamaqda, ilkin hüquqi yardım göstərməkdə kömək edir. Son parlament seçkisində ilk dəfə özünü müşahidəçi kimi sınayıb. 

Deyir ki, seçkiyə yaxşı hazırlaşıb, amma səsvermə günü öyrəndiklərinin tam əksini görüb: "Bizə davamlı təlim keçildi. Seçki qanunvericiliyi çox genişdir. Öyrəndikcə adama maraqlı gəlirdi. Mən düşünürdüm komissiyalar intellektual və çox hazırlıqla gənclərdən təşkil olunar. Amma seçki günü məntəqələrdə yaşlı və təsadüfi adamları gördüm, bəziləri hələ də kiril əlifbasından istifadə edirdi. Sanki onları saxtakarlıqda rol almaq, ya da sadəcə susmaq üçün seçmişdilər. Müşahidəçilərin çoxu da səsvermə prosedurunu, öz hüquq və vəzifələrini lazımınca bilmirdi”.

Nərmin bildirir ki, ona ən çox təsir edən insanlardakı asılılığı görmək olub: "Mən dəhşətə gəlirdim- seçkiləri saxtalaşdırmağa nə qədər adam cəlb edilmişdi. Əksəriyyəti büdcə təşkilatlarında işləyənlər idi. Məmurları başa düşmək olar, onlar öz saxtakar əməllərini davam etdirmək üçün dəyişiklik istəməzlər. Bəs quru maaşa qulluq edənlərdə nədir bu mütilik? Məntəqədən qəfil seçki sənədlərini götürüb qaçan qadın vardı. Sonradan öyrəndim ki, illərdir bir kənd məktəbində müəllim işləyir. Adam bunu özünə necə rəva görüb, doğrudanmı bu hərəkəti etməyə məcbur idi?!”

Gənc xanım özünü nə qədər müstəqil mövqeli hesab etsə də, təsirlərdən kənarda qala bilmədiyini etiraf edir. Elə bu səbəbdən də müşahidəçiliyini sonadək davam etdirmədiyini söyləyir: "Saat heç 11 olmamışdı ki, qohumlarımın zəngi başladı. Anamı da rahatsız etdilər. Yazıq qadın axırda məcbur olub dayım oğlu ilə olduğum məntəqəyə gəldi. Gözünün yaşını axıtdı ki, mən bu qədər nadan yığnağı ilə bacara bilmirəm. Fikrimdən dönməyəcəkdim, Ziya özü məsləhət gördü ki, prosesdən kənarlaşım. Seçkidən sonra qohumların ailəmizə münasibəti tamam dəyişdi. Heç vaxt qapımızı açmamış bir uzaq qohumumuz deyib ki, bu qız nəsli güzada verər. İndi hamı bizimlə masafə saxlayır. Özünü bir parçası hesab etmədiyin cəmiyyətdə yaşamaq adama xoş deyil. Bu baxışları, bu üzləri görməmək üçün adam ölkədən baş götürüb uzaqlara getmək istəyir…”

"Azadlıqların məhdudlaşdırılması cəmiyyətdə radikallaşma yaradır”

Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli seçkinin azadlıqlarla bağlı olduğunu deyir: "Beynəlxaq təşkilatlar istənilən ölkədə keçirilən seçkini qiymətləndirərkən ilk növbədə həmin ölkədə azadlıqlara münasibəti öyrənir. Fundamental azadlıqların təmin olunmadığı ölkədə doğru seçim ola bilməz. Azadlıqların məhdudlaşdırılması cəmiyyətdə radikallaşma yaradır. Eksterimal vəziyyətdə qəzəblənmiş kütlənin qarşısına sözü keçərli kimsə çıxmalıdır. Çox da uzağa getməyək, iyulun 14-dən 15-nə keçən gecə Bakıda "Orduya dəstək” aksiyasını yada asalaq. On minlərlə insan parlament binası önündə toplandı, amma onların qarşısına bir hökumət təmsilçisi, ya bir deputat çıxmadı. Bilirdilər ki, sözləri eşidilməyəcək, kütlə onları fitə basacaq. Həqiqi seçilmişlər bizə buna görə lazımdır”.

Vətəndaş cəmiyyəti nümayəndəsi son vaxtlar Belarusda baş verən hadisələrə diqqət çəkir: "Oradakı etiraz təkcə seçkinin nəticələrinin saxtalaşdırılmasına deyil, bütövlükdə hüquq və azadlıqların məhdudlaşdırılmasınadır. Son vaxtlar diktatura rejimlərindən demokratiyaya keçid belə baş verir. Seçki yolu ilə hakimiyyət dəyişikliyi mümkün olmadıqda xalqın meydana çıxmaqdan başqa yolu qalmır. Belarusda ayrıca bir təşkilatın, ya bir siyasi liderin ətrafında bu qədər həmrəylik yarana bilməzdi. Bu, ümümxalq etirazıdır.  Xüsusilə gənclər bu etirazın lokomotividir. Onlar öz ölkələrində azad yaşamaq, sivil dünyaya inteqrasiya olunmaq istəyirlər”. 

"Sosial ədalətsizliyə dözümsüzlüyünə görə gənclik sosiumda zəif halqadır”

Həkim-psixiatr, sosial və tibbi psixoloq Abdulla Şıxlinski hesab edir ki, seçmək və seçilmək hüququnun təmin olunmamağı cəmiyyət üçün ağır nəticələr doğurur: "İnsan zəkası, təfəkkürü yaranandan bəri onun əsas üç sosial tələbatı olub: insan şəxsiyyətinə hörmət, sosial ədalət, seçmək və seçilmək hüququ. Bu üç şərtdən biri pozulursa, şəxsiyyət öz yaşadığı cəmiyyətə hörmət etmir. İlk dövrlərdə cəmiyyətin müəyyən qüvvələrinə qarşı olan narazılıq sonradan genişlənir və böyük insan kütlələrinə qarşı olan narazılığa çevrilir. 

Şəxsiyyətlərarası münasibətlər inciklik fenomeninin irradiasiyasıdır. Bu psixoloji hadisə daha çox dağıdıcı tərzdə gənclər arasında müşahidə edilir. Gənclik sosial ədalətsizliyə dözümsüzlüyünə görə sosiumda zəif halqadır. Cəmiyyətdə gördükləri ədalətsizliklər gəncləri öz xəyallarında yaşatdığı ideallardan uzaqlaşdırır, onların cəmiyyətdəki dayaq nöqtələrini itirir. Sosial ümidsizlik, sosial diskomfort son nəticədə davamlı aqressiya formalaşdırır. 

Alman filosofu Leybnisə görə, cəmiyyətin müsbət dinamik inkişafına ümidini itirmiş insan kütləsi keçilməz maneələri adlaya bilməyəndə "küncə qısılmış ov heyvanı” vəziyyətində qalır. Bu vəziyyətdə kütlə acizləşir, giriş və çıxış yollarını səhv salır, "sosial tələ”yə düşür”.

Ekspertin qənaətinə görə, belə vəziyyətdə kütlə içərisində sosial etiologiyaya malik olan müxtəlif psixi pozğunluqlar inkişaf edir: "Sosial adaptivliyini itirmiş, heç bir müqavimət qüvvəsinə malik olmayan, sistem təfəkkürü sarsılmış bu insan kütləsi heç bir hadisənin daxili mahiyyətini dərk edə bilmir. Seçmək və seçilmək hüququnun olmaması, sosial ədalətsizlik və insan şəxsiyyətinə hörmət kateqoriyalarının uzurpasiyası (qeyd: uzurpasiyası- hakimiyyətin saxtalaşdırılması) bu cür reqressiv dinamikada inkişaf edərək cəmiyyətin ən mobil hissəsi olan gəncləri heç nəyə yaramayan areaktiv (qeyd: areaktiv -müqavimət qüvvəsi zəifləmiş) bir insan kütləsinə çevirir. Bunun acınacaqlı nəticəsi kimi onlar arasında müəyyən hadisələrə və predmetlərə qarşı fanatik baxış, rasionallığın itməsi kimi insan şəxsiyyətini deqradasiyaya aparan meyillər formalaşır.”
 
"Azadlıqlar olmadan azad seçkidən söhbət gedə bilməz”

...Sonda Ziya Rzayevdən soruşuruq ki, növbəti seçkidə iştirak edəcəkmi?” O, bunun ölkədəki ab-havadan asılı olacağını deyir:  "Ölkədə köklü dəyişikliklər baş verməsə, azadlıqlar təmin olunmasa, azad seçkidən də söhbət gedə bilməz. Mən bu şərtlərlə bir də belə prosesə qoşulmaq istəməzdim”. 

Məsud Turan