Səfirliklər "GONGO" təşkilatlarla əməkdaşlıq etməməlidirlər
29-10-2024 00:56 / Bu xəbər 796 dəfə oxundu
""GONGO" QHT-ləri vətəndaş cəmiyyəti institutu adı altında cəmiyyətə sırımaq olmaz və bu prosesdə beynəlxalq təşkilatlar, ölkədə fəaliyyət göstərən səfirliklər rol almamalıdır".
Bunu "İşgəncələr əleyhinə Araşdırmalar Mərkəzi"nin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli deyib.
Hökumətin vətəndaş cəmiyyətinə münasibətini tənqid edən Cəfərli bildirib ki, beynəlxalq təşkilatlar, səfirliklər "GONGO" QHT-lərə donorluq etməməli, onları beynəlxalq tədbirlərə, forumlara dəvət etmək, onlarla görüşlər keçirmək praktikasına son qoymalıdır:
"Hökumət müstəqil və tənqidçi QHT-ləri qəbul etmir, hər fürsətdə onları sıradan çıxardır, rəhbərlərini qanunsuz olaraq həbs edir. Beynəlxalq təşkilatlar, səfirliklər də hökumətin himayəsində olan "GONGO" QHT-lərə donorluq edir və onlarla birlikdə müxtəlif tədbirlər keçirdir. Belə hallar cəmiyyətdə, ictimai sektorda ruh düşkünlüyü yaradır, atmosferi pozur və ortada olan 5-10 müstəqil, tənqidçi QHT-lərin sıradan çıxarılmasına xidmət edir. Beynəlxalq donor təşkilatlarının belə prinsipsizlik etmələri, nəticədə real vətəndaş cəmiyyəti (QHT) institutlarının sıradan çıxarılmasında hökumətə yardımçı olurlar. Bu praktikaya son qoyulmalıdır".
"Başa düşürük, donor təşkilatları donoru olduğu layihələrin icrası, risklik dərəcəsi daha çox düşündürür, buna görədə "GONGO" QHT-lərlə işləməkdə maraqlıdırlar. Çünki onlar hökumətin himayəsində, çətiri altında fəaliyyət göstərirlər və risklik dərəcəsi də, demək olar ki, yoxdur. Beynəlxalq donor təşkilatlar və bəzi səfirliklər GONGO QHT-ləri Vətəndaş Cəmiyyəti adına qəbul edir. Halbuki beynəlxalq təşkilatların onlarla tərəfdaşlıq etmələri, görüşlər keçirmələri, insan hüquqları və ayrı-ayrı sahələr üzrə müzakirələr aparmaları cəmiyyətdə insan hüquqlarına, demokratiyaya inamı azaldır və insanları ictimai - siyasi proseslərdən çəkindirir", - deyə Cəfərli bildirib.