Şəhidə statusun verilməməsi Lənkəranda etiraza səbəb olub

Şəhidə statusun verilməməsi Lənkəranda etiraza səbəb olub

22-11-2020 16:14 / Bu xəbər 1116 dəfə oxundu

Lənkəranın Osaküçə kəndinin əhalisi şəhidə status verilməməsi ilə bağlı etiraz edib. 

Bu barədə "Feysbuk" istifadəçiləri videogörüntü paylaşıblar. 

Jurnalist Azər Kazımlı isə "Feysbuk" hesabında yazır ki, şəhid Əflatun Fərəcovun nəşi kəndə gətirilib və sakinlərə onun bədbəxt hadisə nəticəsində - avtomobil qəzasında həlak olduğu bildirilib.

Onun sözlərinə görə, kənd sakinlərinə deyilib ki, hərbçi avtomobil qəzasında həlak olduğu üçün ona şəhidlik statusu və müvafiq kompensasiya verilməyəcək: "Bundan sonra kənd sakinlərinin gətirilən tabutu açmasından sonra aydın olub ki, Əflatun Fərəcovun bədənində güllə yaraları var". 

Sakinlər iddia edir ki, hərbçinin atası və anası olmadığına görə onun barəsində belə bir açıqlama verilib.

Sosial şəbəkədə paylaşılan videodan görünür ki, bu hadisədən sonra kənd sakinləri Əflatun Fərəcovun nəşi olan avtomobili müşaiyyət edərək şəhər icra hakimiyyətinin binasına doğru hərəkət ediblər. Yolda polislə sakinlər arasında qarşıdurma yaranıb. 

Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı isə "Toplum TV"-yə açıqlamasında deyib ki, qarşıdurma zamanı yaralanan və saxlanılan olmayıb: "Deyəsən, yaralanan və həbs olunan yoxdur. Anlaşılan insanları dilə tutub sakitləşdirməyə üstünlük veriblər". 

O bildirib ki, kənd sakinlərinin yürüşünə polis mane ola bilməyəndən sonra icra başçısı Taleh Qaraşov sakinləri qarşılayıb. 

Əflatun Fərəcovun şəhid olması aktlaşdırılıb və yalnız bundan sonra dəfn olunub. 

Lənkəran Şəhər İcra Hakimiyyətindən "Toplum TV"yə bildirilib ki, ətraflı məlumat qurumun "Feysbuk" səhifəsində paylaşılacaq. 

Paylaşılan məlumatda isə qeyd olunur ki, Əflatun Fərəcov haqqında sosial şəbəkə paylaşımları həqiqəti əks etdirmir: "Qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi ümumiyyətlə şəhər icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan, İcra hakimiyyətini status verməməkdə ittiham etmək tamamilə əsassızdır". 

Həmçinin məlumatda bildirilir ki, döyüşlərdə həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən Əflatun Fərəcovun dəfn mərasimi  şəhər icra hakimiyyətinin rəhbərliyi, şəxsən icra başçısı başda olmaqla hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib.
 
Elməddin Şamilzadə