Səhiyyə Nazirliyi keçmiş nazir müavininə bağlı olduğu deyilən şirkətə daha bir tender verdi
30-01-2024 02:47 / Bu xəbər 1017 dəfə oxundu
"Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsi laboratoriya reagentlərinin və ləvazimatlarının satın alınması üzrə elan etdiyi tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi "SEM-AZ” MMC olub.
"Analitik Ekspertiza Mərkəzi” ilə MMC arasında bağlanan müqaviləyə əsasən laboratoriya reagentlərinin və ləvazimatlarının satın alınmasına 278.389.14 AZN xərclənəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "SEM-AZ” MMC 15 may 2009-cu ildə qeydiyyata alınıb.
Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Akademik Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 37-də yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Anar Firkət oğludur.
Şirkətin nizamnamə kapitalı 100 AZN-dir.
Mediada gedən məlumatlarda SEM-AZ” "Arash Medical” MMC-yə yaxın şirkət hesab edilir.
Şirkətin qanuni təmsilçisi barədə isə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Anar Məmmədov bundan əlavə "SEM-AZ Laboratoriya Cihazları” MMC-nin qanuni təmsilçisidir.
Bundan əlavə hələ ötən ilin oktyabr ayında MMC "Analitik Ekspertiza Mərkəzi”nin Laboratoriya avadanlıqlarının və ehtiyyat hissələrinin alınması üzrə elan etdiyi daha bir tenderin qalibi olub.
Tərəflər arasında 497.223,68 AZN-lik müqavilə bağlanıb.
Bu isə Səhiyyə Nazirliyinə aid olan qurumların MMC-yə verdiyi tək tender deyil.
Məlumatlara görə, "SEM-AZ” MMC-nin Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərdə qalib seçilməsi "Arash Medical”a yaxınlığı ilə bağlıdır.
"Arash Medical” MMC-nin keçmiş spiker Oqtay Əsədovun qardaşı oğluna məxsus olması barədə iddialar var. Lakin bəzi mənbələrdə şirkətin səhiyyə nazirinin keçmiş müavini Elsevər Ağayevə bağlı olduğu bildirilir.