Səhiyyə nazirinin müavini ilə şöbə müdirinin adı 30 min manatlıq qalmaqalda

Səhiyyə nazirinin müavini ilə şöbə müdirinin adı 30 min manatlıq qalmaqalda

05-11-2024 15:18 / Bu xəbər 565 dəfə oxundu

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2023-cü il dekabrın 25-dən 2024-cü il fevralın 24-dək olan müddətdə ölkədə fəaliyyət göstərən plastik və estetik cərrahiyə ilə qanunsuz məşğul olanların araşdırmasını apardığını açıqlayıb.

Mərkəzin məlumatında bildirilir ki, ümumilikdə 35 plandankənar yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb.

Eyni zamanda, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib.

Əlavə olunub ki, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə cərimə tətbiq edilib.

"Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq edilib. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək”, - qurumun məlumatında qeyd olunub.

Sosial şəbəkələrdə saxta yollarla plastik və estetik cərrahiyyə şəhadətnaməsi alan tibbi işçilərinin siyahısı yayılıb.

Bildirilib ki, siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb.

Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciət edərək edib.

Bildirib ki, belə hallarla qarşılaşdıqları halda Mərkəzə müraciət etmək tövsiyə olunur.

"Nazir müavini və şöbə müdiri 30 min manat alıb"

Hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova 50-yə yaxın plastik cərrahın siyahısını yayıb.

O bildirib ki, siyahıdakı həkimlərin heç biri rezidentura təhsili almayıblar: "Bunlar Səhiyyə Nazirliyinə 30.000 AZN rüşvət verib və "möcüzəvi" şəkildə ixtisas dəyişiblər”.

Onun yaydığı sənədlərdə imza Səhiyyə Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazir müavini İlqar Qasımova aiddir.
Jurnalist qeyd edib ki, 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub.

Qanuna görə, rezidenturanı bitirməyənlər ixtisaslı həkim kimi fəaliyyət göstərə bilməzlər: "Təsəvvür edin gedib bir-iki gün xaricdə "təhsil" alır, sonra isə böyük fəxrlə geri qayıdıb "Beynəlxalq sertifikatlı estetik cərrah" olduqlarını iddia edirlər".

Rəsmi qurumlar nə deyir?

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Meydan TV bildirilib ki, Analitik Ekspertiza Mərkəzi nazirliyin qurumudur və onun rəsmi mövqeyi var.

Nazirlik jurnalistin adını çəkdiyi elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazir müavini İlqar Qasımovla bağlı fikirləri şərh etməyib.

Bildirib ki, bu məsələyə Analitik Ekspertiza Mərkəzindən münasibət öyrənilməlidir.

Analitik Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətin Məcidli isə Meydan TV-yə deyib ki, qurum bu məsələ ilə bağlı rəsmi açıqlamasını yayıb: "Biz bu məsələ ilə bağlı ümumi mövqeyimizi yaymışıq. Belə şikayətlər varsa, istənilən şəxs Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər və məsələ araşdırılacaq".

Analitik Ekspertiza Mərkəzi də sənədlərdə imzası olan nazir müavini və şöbə müdiri ilə bağlı suala cavab verməyib.