Şəhla Hümbətova: "Açıq desinlər ki, müdafiə etmək və müdafiə olunmaq hüququ ləğv olunur"

Şəhla Hümbətova:

25-06-2021 16:41 / Bu xəbər 4356 dəfə oxundu

Vəkil Şəhla Hümbətova məhkəməyə əsassız vəsatət və şikayət verən vəkillərin 500 manat həcmində cərimələnməsi barədə Milli Məclisin çıxardığı qərarı tənqid edib. 

Ş. Hümbətova qanun layihəsinin qəbulunu "müdafiə institutunun məhv edilməsinə yönəlmiş qərar" mənasına gəldiyini deyib. 

Milli Məclisin bu gün, iyunun 25-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddədə əksini tapıb.

Qərara əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Qərarda deyilir ki, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Ş. Hümbətova məsələ ilə qədər "Feysbuk"da yazı yazıb. Həmin yazını təqdim edirik: 

"Vəkili vəsatətə görə cərimələk təklifini kim irəli sürüb, bilən varmı? "Xoş” sözlərlə yad edək.

Müdafiə institutunun məhv edilməsinə yönəlmiş bu qərar bizim reallıqda o qədər absurddur ki, hətta birinci oxunuşdan keçməsinə inanmağım gəlmirdi. Amma deyəsən, ölkəni Şimali Koreyaya çevirməkdə israrlıdırlar...

Vəkilin işi müdafiə etməkdir və o, müdafiəni əsasən vəsatət verməklə həyata keçirir, çəkişmə prinsipi əsasında. İstənilən vəsatət (vicdanlı işdən söhbət gedir) işin hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəlib və bu məqsədlə verilir (işi uzatmaq, hüquqdan sui-istifadə etmək məqsədi ilə verənlərdən söhbət gedirsə, onun üçün qanunda çoxdandır maddə var, yenisinə ehtiyac yox idi). 

Müstəqil, qərəzsiz məhkəmə olmayan yerdə bu normanın necə işləyəcəyini təsəvvür etmək çətin deyil. Bizim hakimlər vəsatətlərin mütləq əksəriyyətini sadəcə "əsassızdır” deyib rədd edirlər. 

Deyim, necə baş verir bu: vəkil vəsatət verir, nə məqsədlə verdiyini əsaslandırır, hakim prokurorun fikrini soruşur, prokuror durur deyir: "Əsassızdır, təmin edilməsin”. Hakim də ardınca təkrar edir: "Əsassızdır, təmin edilmir". Lap yaxşı, deməli, vəsatət əsassız olanda onu təmin etmirsən, vəssalam.

Bəs cərimələmək nədir? Odur ki, indi vəkil 500 manatlıq damokl qılıncı altında vəsatət verməkdən çəkinəcək, ağzına su alıb kukla kimi yerində oturacaq , çəkişmədən, təşəbbüs göstərmədən, mübarizə aparmadan. Kimə və nəyə lazımdır belə vəkil, belə müdafiə? Formal olaraq adı işdə getsin deyə?

Konstitusiya hər kəsə öz hüquqlarını məhkəmədə şəxsən və ya vəkil ilə müdafiə etmək, keyfiyyətli hüquqi yardım almaq hüququ verir. Bunun üçün isə çəkişməli məhkəmə prosesi zəruridir. 

Vəsatət verməyə görə 500 manatadək cərimə hədəsi ilə çəkişmə prinsipini sıfırlayanlar açıq desinlər ki,  müdafiə etmək, müdafiə olunmaq hüququ ləğv olunur. Hansı vəkil bir vəsatətə 500 manat ödəmək istəyər və ya hansı müvvəkilin qonorara bu cərimələri də əlavə etmək imkanı var? (Hələ bu 500 manatın iqtisadi cəhətdən əsaslandırılmasını demirəm, vətəndaşa 200 manat maaş ver, vəkilin saatını 6 manat dəyərləndir, sonra da bir vəsatətə 500 manat cərimə yaz.)

Bu, bir də o deməkdir ki, iş daxili məhkəmələrdə uğursuz bitəndən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət göndərmək şansı sıfıra bərabər olur, işin perspektivi ölür. Çünki AİHM şikayətində vəkilin rədd edilmiş vəsatətlərinə istinad edib işin ədalətli araşdırılmamasından və müdafiə hüququnun pozulmasından, müdafiə tərəfinin dəlillərinə münasibət bildirilməməsindən və s şikayət edirik. İndi nə yazacağıq şikayətə? 

AİHM soruşacaq ki, sən nə vaxt tələb etdin, məhkəmə araşdırmadı? "Filan vəsatəti vermək istəyirdim, cərimədən qorxdum, vermədim", - biz də indi belə deyəcəyik? 

Anlayırısınızmı, bu təklifin nəticələri nə qədər zərərlidir və haralara aparıb çıxarır.

Milli Məclisdə oturanlanlara xatırlatmaq istəyirəm ki, vəkilin öz peşə fəaliyyətini hər hansı təzyiq, təsir, hədə, qanunsuz müdaxilə və məhdudlaşdırma olmadan həyata keçirmək öhdəliyi var. Vəsatət verməyə görə cərimənin tədbiq edilməsi məhz hədə ilə müdafiə hüququnun məhdudlaşdırmaq deməkdir".