Şəhla Hümbətova və bir neçə vəkil Kollegiyaya bərpa olundu

Şəhla Hümbətova və bir neçə vəkil Kollegiyaya bərpa olundu

06-05-2021 00:46 / Bu xəbər 3472 dəfə oxundu

Anar Bağırov: "Bu qərarı mən təkbaşına qəbul etməmişəm"

Mayın 5-də Vəkillər Kollegiyasının Rəyasət Heyətində bir neçə vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə qaldırılan iddialar müzakirəyə çıxarılıb.

Kollegiya vəkil Şəhla Hümbətova ilə bağlı iddiasını geri götürüb.

Məlumatı kollegiyanın sədri Anar Bağırov Meydan TV-yə təsdiqləyib.

O bildirib ki, vəkil İradə Cavadova və Türkel Süleymanlı da Kollegiyaya bərpa edilib: "Ramazan bayramı ərəfəsində humanizm prinsiplərini əsas tutaraq, əvvəllər Rəyasət Heyətinin qəbul etdiyi qərarla bir neçə vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə qaldırılan iddiaları geri götürdük. Həmin şəxslər arasında İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlı da var".

O, digər vəkillər - Yalçın İmanov və Xalid Bağırovun bərpa edilib-edilməməsinə belə reaksiya verib: "Bilisiniz, bu qərarı mən təkbaşına qəbul etməmişəm, kollegial qərardır, bunu təkbaşına müzakirə edə bilmərəm".

İradə Cavadova2018-ci ilin iyununda, Şəhla Hümbətova 2019-cu ilin noybarında, Türkel Süleymanlı 2020-ci ilin martında Vəkillər Kollegiyasından çıxarılıb.

Şəhla Hümbətova 2020-ci ilin martında ABŞ Dövlət Departamentində illik Beynəlxalq "Cəsarətli qadınlar" mükafatına layiq görülüb.

2021-ci il martın 26-da ABŞ-ın Dövlət katibi Entoni Blinken "twitter" hesabında Şəhla Hümbətovanın Vəkillər Kollegiyadan uzaqlaşdırılması ilə bağlı narahatlığını ifadə edib.