Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı

Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı

05-03-2021 12:53 / Bu xəbər 2263 dəfə oxundu

Məhkəmə Kollegiyanın iddiasını təmin edib

Bakı İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasına baxıb.

Məhkəmə Kollegiyanın iddiasını təmin edib. Hakim Aytən Oruczadənin sədrliyi ilə keçirilən iclasda Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb.

Bu barədə Meydan TV-yə Şəhla Hümbətovanın vəkili Elçin Sadıqov məlumat verib.

Kollegiya məhkəməyə müraciətində bildirib ki, Şəhla Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib.
 
Bu əsasla da onun Vəkillər Kollegiyasındakı fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilib.
 
"Əslində isə üzvlük haqqının ödənilməməsi ilə bağlı müvəkkilimə məlumat verilməyib. Vəkillər Kollegiyasının çıxardığı qərardan 2 gün sonra isə Şəhla Hümbətova üzvlük haqqını tam ödəyib”, - Elçin Sadqıov belə deyib. 

Şəhla Hümbətova Meydan TV-yə bildirib ki, qərar siyasidir, məhkəmə də siyasi qərarı icra edib.

Onun sözlərinə görə, insan hüquqları ilə məşğul olan vəkilləri Kollegiyadan uzaqlaşdırmağı dövlət orqanları tələb edir: "Əvvəllər bunu açıq şəkildə icra edirdilər. Amma indi Kollegiya da bu siyasi sifarişi müxtəlif bəhanələrlə pərdələyərək gerçəkləşdirir".

Qərar kollegiyanın 2020-ci il noyabrın 28-də keçirdiyi iclasda qəbul edilib.

Şəhla Hümbətova 2018-ci ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı həbs edilən bir neçə şəxsin vəkili olub.

2020-ci il martın 4-də ABŞ Dövlət Departamenti Şəhla Hümbətovaya "Cəsarətli qadınlar” mükafatını (IWOC) təqdim edib.