Səhmdarlar "Avtovağzal"ı məhkəməyə veriblər

Səhmdarlar

15-09-2020 13:23 / Bu xəbər 1535 dəfə oxundu

İşə sentyabrın 23-də baxılacaq

Salyan "Avtovağzal" ASC-də 14,1% paya sahib səhmdarlar rəhbərlik haqqında məhkəmədə iddia qaldırıblar.

Bu barədə Arqument.az-a səhmdarlar məlumat veriblər. 

Şikayətçilər - Əliyeva Püstəxanım İsmayıl qızı 4158 səhmə, Əliyev Saleh Hümmət oğlu 158 səhmə, Əliyev Şahin Hümmət oğlu 158 səhmə sahib olduqlarını deyiblər. 

Bu da ASC-dəki səhmlərin 14,1%-ni təşkil edir. 

Səhmdarlar dəfələrlə cəmiyyətin rəhbərliyindən hər hesabat dövründə onlara maliyyə, gəlirlər və xərclər barədə sənədlərin surətlərinin verilməsini tələləb etdiklərini bildirirlər. 

Onlar "Səhmdar cəmiyyəti haqqında" Qanunun 11-ci maddəsinə əsasən belə tələb irəli sürdüklərini deyirlər. Lakin rəhbərlik onların rəsmi müraciətinə cavab verməkdən imtina edib. 

"Cəmiyyətin fəaliyyətində gəlirlərin gizlədilməsi, sənədlərin saxtalaşdırılması ilə əlaqədar faktlar mövcuddur ki, bu həm dövlət büdcəsinə mənfəət vergisini az ödəmək, eləcə də səhmdarlara ödənilən dividentlərin gəlirlərə uyğun ödəməkdən yayınmaq məqsədi güdür", - onlar bildiriblər.

Səhmdarların dediyinə görə, qurumun rəsmi sənədlərdə göstərdikləri maliyyə dövriyyəsi faktiki dövriyyədən dəfələrlə azdır. 

İşə sentyabrın 23-də Salyan Rayon Məhkəməsində baxılacaq.

Salyan "Avtovağzal"ı səhmdarlarla məhkəmə çəkişməsini təkzib etməyib və işlə bağlı sentyabrın 23-də məhkəmə baxışının təyin olunduğunu təsdiq ediblər.