Səhv salınan anlayışlar: həbs, yoxsa azadlıqdan məhrumetmə?
19-08-2020 09:50 / Bu xəbər 2168 dəfə oxundu
Bir çox hallarda mediada yayılan xəbərlərdə və sosial şəbəkə istifadəçilərinin paylaşımlarında "azadlıqdan məhrumetmə” və "həbs qətimkan” anlayışlarının səhv salındığı, bu anlayışlardan məzmununa görə düzgün istifadə edilmədiyi müşahidə olunur. Bu isə oxuyucularda görülən hüquqi tədbir haqqında yanlış təsəvvürlərin yaranmasına səbəb olur.
"Fakt Yoxla” azadlıqdan məhrumetmə və həbs qətimkan tədbirlərinin nə anlama gəlməsi barədə hüquqi analiz edib.
Həbs, qətimkan tədbirinin bir növüdür.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 7-ci maddəsində həbsin tərifi "təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılması” olaraq verilir.
Həbs qətimkan tədbirinin seçilməsinə səbəb şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla istintaqın normal gedişini təmin etməkdir.
O da qeyd olunmalıdır ki, həbs yalnız təqsirləndirilən şəxs barəsində seçilə bilər, yəni şəxs sadəcə şübhəlidirsə, o həbs oluna bilməz.
Qanunvericiliyə görə, təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirlərinin seçilməsi də mümkündür. CPM-in 154-cü maddəsinə əsasən, bu, ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma formasında ola bilər. Azərbaycan məhkəmə praktikasında həbsdən başqa, təqsirləndirilən şəxslər barəsində bir sıra hallarda polisin nəzarəti altına vermə, başqa yerə getməmək barədə iltizam, çox az hallarda isə ev dustaqlığı qətimkan tədbiri də seçilir.
Həbs bu sadalanan tədbirlərdən ən ağırı sayılır və yalnız məhkəmə qaydası ilə seçilə bilər. Həbs tədbiri ilə bağlı qərar təqsirləndirilən şəxsə istinad edilən əməl və onun bəzi hərəkətləri etməsi ehtimalından asılıdır. Cəzası 2 ildən artıq olan cinayətin törədilməsində ittiham olunan şəxsin barəsində həbs tədbirinin seçilməsi üçün geniş əsaslar mövcuddur. Həmin şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin, ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmasının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməsinin və ya cəmiyyət üçün təhlükə yaratmasının qarşısını almaq məqsədi ilə həbs edilməsi mümkündür.
Şəxs cəzası 2 ilədək olan cinayətin törədilməsində ittiham olunduqda isə onun barəsində həbs qətimkan tədbiri yalnız bir əsas üzrə seçilə bilər. Bu halda məhkəmədə şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi əsaslandırmalı və faktlarla sübut edilməlidir.
Bundan əlavə, əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə də həbs qətimkan tədbiri tətbiq edilə bilər.
Avropa İnsan Haqları Məhkəməsinin presedent qərarlarına əsasən, həbs qətimkan tədbirinin tətbiqinə bir qayda olaraq cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olur.
Beləliklə, həbs, istintaq dövründə, məhkəməyəqədər icraat mərhələsində seçilən qətimkan tədbiridir və müvəqqti xarakter daşıyır. "Azadlıqdan məhrumetmə” isə cəzadır, məhkəmə icraatının sonunda, təqsirləndirilən şəxsə irəili sürülmüş ittihamlara mahiyyəti üzrə baxılması yekununda məhkəmənin hökmü ilə verilir.
CPM-in 7-ci maddəsində verilən tərifə görə, məhkəmə hökmü şəxsin təqsirləndirildiyi əməllərdə onun təqsirli olub-olmaması, təqsirləndirilən şəxsə cəza tətbiq edilib-edilməməsi haqqında birinci və apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nəticəsində hakimin (hakimlərin) çıxardığı qərardır. Başqa sözlə, "azadlıqdan məhrumetmə” təqsirləndirilənin cinayətinin sübuta yetirilməsi nəticəsində verilir və şəxsin üzərində məhkumluq statusu yaradır. Məhkəmənin azadlıqdan məhrumetmə ilə bağlı hökmü qanuni qüvvəyə mindikdən sonra şəxs məntəqə tipli, ümumi, ciddi, xüsusi tipli cəzaçəkmə məntəqələrində və ya həbsxanada cəzasını çəkir.
Həbs qətimkan tədbiri isə istintaq dövründə seçilir və şəxs istintaq təcridxanasında saxlanılır. Bu tədbirin əsas nəqsədi təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla, ona istinad edilən cinayət əməli ilə bağlı sübutları toplamaqdır. Həbs seçilməsi üçün əsaslar aradan qalxdıqda, dəyişdirilə bilər.
Barəsində həbs qətimkan tədbiri seçilmiş hər şəxsə azadlıqdan məhrumetmə cəzası verilmir. Eyni zamanda hər azadlıqdan məhrum edilmə cəzası alan şəxsin də qətimkan tədbiri kimi barəsində həbs seçilməyə bilər.
Mənbələr:
1. Cinayət Prosessual Məcəlləsi, Maddə 7.0.38; 7.0.40; 7.0.45; 154.1; 154.2; 154.3; 155.1; 155.3;
2. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, Maddə 3.3
3. Avropa İnsan Haqları Məhkəməsi, "Letelye Fransaya qarşı” işi












