Şəki Apelyasiya Məhkəməsi də mingəçevirlilərin əleyhinə qərar çıxardı

Şəki Apelyasiya Məhkəməsi də mingəçevirlilərin əleyhinə qərar çıxardı

23-02-2020 01:47 / Bu xəbər 535 dəfə oxundu

 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizədlər Qurbanəli Yusibov və Salamov İbrahimin Mərkəzi Seçki Komissiyasının qərarından verdikləri şikayətə Şəki Apelyasiya Məhkəməsində hakim Mübariz Hüseynovun sədrliyi ilə keçirilən iclasda baxılıb. 

Şikayətçilərin verdiyi məlumata görə, məhkəmə MSK- nın qərarını qüvvədə saxlayıb və onların 47 saylı Mingəçevir SD- nin nəticələrinin etibarsız sayılması tələbini rədd edib: "Məhkəməyə müraciətimizdən cəmi 25 dəqiqə sonra proses başladı və şikayətimizə baxıldı. Məlum idi ki, MSK ilə əlaqə saxlayıblar və qərarı qüvvədə saxlamaq təlimatı alıblar. Bu qədər qısa müddətdə faktlarla tanış olmaq, videoları izləmək mümkün olan iş deyil. Ona görə də, hakimlər bizim iddialarımızı ehtimal hesab etdilər və şikayatimizi əsassız adlandırdılar. Biz YAP namizədi Aydın Mirzəzadənin xeyrinə total saxtakarlıqla nəticələnən 47 saylı Mingəçevir Seçki Dairəsinin nəticələrinin ləğv edilməsini tələb edirik və qərardan Ali Məhkəməyə müraciət edəcəyik". 

"Biz müstəqil namizədlər Mingəçevir insanını seçkilərə dəvət edəndə söz vermişdik ki, sizin səslərinizi qoruyacağıq. Ona görə də, hüquq çərçivəsində, sivil qaydada nə mümkündürsə edəcəyik ki, mingəçevirlilərin oğurlanan səsləri özlərinə qaytarılsın. Bu seçkilərə öz karyeramız və istiqbalımız üçün qatılmamışdıq, nələrisə dəyişəcəyimizə inanmışdıq və ona görə də, bu mübarizəni sonuna qədər davam etdirəcəyik", - namizədlər bildirib.

 Qeyd edək ki, Məzahir Pənahovun rəhbərlik etdiyi iclasda Qurbanəli Yusibov bütün faktları açıqlasa da, dairənin deyil, 3 məntəqənin (9, 17 və 21 saylı MnSK) ləğvinə qərar verilib.