Seçkilərdə iştirak edəcək müxalifət partiyaları namizədlərinin sayını müəyyənləşdiriblər

Seçkilərdə iştirak edəcək müxalifət partiyaları namizədlərinin sayını müəyyənləşdiriblər

10-12-2019 12:48 / Bu xəbər 417 dəfə oxundu

Hakim partiya gözləmə mövqeyindədir

ReAL Partiyası 9 fevral növbədənkənar parlament seçkilərində 42 dairə üzrə namizədlərini müəyyən edib.

Məlumatı partiyanın sədri İlqar Məmmədov yayıb.

İlqar Məmmədov güman edir ki, hazırkı siyahıya bəzi əlavə və dəyişikliklər də ola bilər. 

O, 42 dairənin 21-nin paytaxtdan, qalanının da rayonlardan müəyyən olunduğunu bildirib.

Müsavat Partiyasnın yetkilisi Gülağa Aslanlı 50 dairədən namizədlərinin bəlli olduğunu söyləsə də, hələlik müzakirələrin getdiyini əlavə edib: "Dekabrın 10-da, bu gün Sədrlər Şurasının toplantısında müzakirələr davam edəcək və partiya daha çox namizədlə seçkiyə qatılmağı planlaşdırır. Ancaq konkret rəqəm deyə bilməyəcəm”.

Ümid Partiyasının Ali Məclisi 72 nəfərin namizədliyini təsdiqləyib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.

Hakim Yeni Azərbaycan Partiyası hələ namizədlərin müəyyənləşməsi barədə konkret açıqlama yaymayıb.

Demokratik Qüvvələrin Milli Şurası seçki qanunvericiliyində dəyişikliklər olmadığı halda, prosesə qatılmağın əleyhinədirlər.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Meydan TV-yə deyib ki, onlar Milli Məclisin buraxılmasından əvvəl mövqelərini bildiriblər:

"Təklif etmişdik ki, Seçki Məcəlləsi təkmilləşsin. Yəni hazırkı seçki mühiti və qanunvericiliklə azad və demokratik seçkilər keçirilməsi mümkün deyil. Amma iştirak etməməyin formaları var. Bu məsələni yaxın günlərdə hərəkatın məclisində müzakirə edib, qərar verəcəyik. Bununla belə böyük ehtimalla seçkidə iştirak etməyəcəyik”

Milli Məclis dekabrın 2-də buraxılması üçün Prezidentə müraciət edib. Prezident müraciəti qəbul edib və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin olunub.