Səlim Müslümov işi: Sanatoriyalardan qayıdan milyonluq “otkat”lar

23-11-2022 00:33 / Bu xəbər 570 dəfə oxundu
Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazir Səlim Müslümovun məhkəməsi şahid ifadələriylə davam edib.
Məhkəmə iclasında Ehtiram Əhmədov ifadə verib.
Şahidin deməsinə görə, "Sehrli Naftalan” sanatoriyasının əməkdaşı olduğu vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttiylə sanatoriyaya olan hər "putyovka”dan müəyyən məbləği "otkat” şəklində qurumun iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya verib: "Sanatoriyanın müdiri Dilsuz Əzizov otkat pulları mənə verirdi, mən də aparıb Şəlalə Cəfərovaya çatdırırdım”, - deyən şahid illər ərzində qayıdan otkatların məbləğini də açıqlayıb – 1 milyon manat...
Naftalanın möcüzəli otkatları
Daha sonra Qoca Əmiraslanov dindirilib. Bu şahidin adı ittiham aktında "Möcüzəli Naftalan”dan nazirliyə qayıdan 1 milyon manat otkat epizodunda çəkilir. O, məhkəmədə deyib ki, sanatoriyanın keçmiş müdiri Elşən Əmiraslanovun oğludur. Atası otkat işlərini ona həvalə edibmiş.
Nazirlikdən sanatoriyaya köçürülən 3 milyon manatdan 1 milyon manatın otkat şəklində nazirliyə qayıtması işlərini atası ona həvalə edib: "Sanatoriyaya göndərişlər olurdu. Bir "putyovka” 600-700 manata idi. Hər "putyovka”dan 150 manat "otkat” kimi nazirliyə qaytarılırdı.
Mən o pulları nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcovun vasitəsi ilə maliyyə və icmal büdcə şöbəsinin müdiri Şəlalə Cəfərovaya ötürürdüm. Sonuncu dəfə 29 min 509 manat "otkat” verilməli idi. Ancaq Səlim Müslümov işdən çıxarıldığı üçün vermədik”.
Şəlalə Cəfərova haradadır?
Hakim Qoca Əmiraslanovun istintaqa verdiyi ifadəsini də elan edilib. O, ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, köçürülən 499 min manatdan 125 min manatı, 480 min manatdan 120 min manatı, 970 min manatdan 240 min manatı, 1 milyon 300 min manatdan 319 min 500 manatı, 500 min manatdan 200 min manatı, 355 min manatdan isə 75 min manatı Şəlalə Cəfərovaya çatdırılıb.
Şahid ifadələrində adı çəkilən Şəlalə Cəfərova indi də nazirlikdə məsul vəzifədə çalışır.
Kürdəmirdə yerləşən sanatoriyada işləmiş Elçin Ağayev məhkəmədə deyib ki, nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova 4 il ərzində çatdırdğı "otkat”ların cəmi məbləği 204 min manat olub. Həmin pullar da "putyovka”lar üçün köçürülən vəsaitlərdən nağdlaşdırılıb.
Nəyə rüşvət demək olar, nəyə yox?
Şahid qismində dindirilənlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Şöbəsinin Qaz, Zaqatala və Balakən üzrə keçmiş müfəttişi Arif Məmmədov olub.
Deməsinə görə, ərazi üzrə müəissələrdə yoxlama aparılarkən nöqsanlar aşkar edilib və aktlaşdırılıb. Ancaq o, bu nöqsanların ört-basdır edilməsi üçün heç kimə rüşvət verməyib.
Hakim şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan edəndə məlum olub ki, o, nöqsanların ört-basdır edilməsi üçün ərazi üzrə onlara nəzarət edən rəis müavini Anar Quliyevə 3 min 500 manat rüşvət verdiyini ifadəsində göstərib.
Arif Quliyev deyib ki, verdiyi həmin pul rüşvət yox, müəyyən xərclər olub: "Nöqsan deyəndə ki biz elə onların öz tapşırıqlarını yerinə yetirmişdik. Anar Quliyev rayona gələndə ona qonaqlıq vermişik, bir də müəyyən xərclər olub, ancaq buna rüşvət deməyək”.
Məhkəmə daha bir neçə şahidi dindirib. Həmin şahidlər də otkatlardan, rüşvətlərdən danşıblar. Hakim növbəti məhkəmə iclasını noyabrın 28-nə təyin edib.
Keçmiş nazirsə hələ də şahid ifadələrini sakitcə dinləyir.
Cinayət işinin tarixçəsi
Səlim Müslümovu 2021-ci ilin fevralında DTX həbs edib. Mənimsəmə, rüşvətalma, vəzifədən sui-istifadə cinayətlərində təqsirli bilinir. İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı həbsdə olduğu müddətdə keçmiş nazir tərəfindən Maliyyə Nazirliyinin depozit hesabına ödənilib.
Bundan sonra o, "səhhətindəki problemlərə görə” adı altında ev dustaqlığına buraxılıb. Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınır və qurum qalan 7 milyon manatın da keçmiş nazir tərəfindən ödənilməsini tələb edir.
Hakim ötən məhkəmə iclasında Səlim Müslümova ifadə verməyi təklif etsə də, sonuncu imtina edib. Deyib ki, özünü təqsirli bilmir, əməllərini isə səhlənkarlıqdan ibarətdir.