Səlim Müslümovun "əlil biznesi"

Səlim Müslümovun

01-05-2021 13:42 / Bu xəbər 4712 dəfə oxundu

"Əlilliyin yenidən yoxlanılması dövrü aylar çəkir. Bu müddətdə gerçəkdən əlil olanların itirdikləri pensiya və ya müavinətlərin ödənişi dayandırılır".

Bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. 

Ekspert sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun vəzifədə olduğu müddətdə - 22 oktyabr 2013-cü ildən 21 aprel 2018-ci ilədək aparılan "əlil biznesi"ni açıqlayıb: "Foto bölməsindəki cədvələ hər 10000 nəfərə düşən ilkin əlil təyinatı alanların sayında dəyişikliyin müsbət trendinə diqqət etsəniz, görəcəksiniz ki, onun nazir olduğu dövrdə əlillərin sayında əhəmiyyətli artım baş verib. Əlillik dərəcəsi alanların hamısı dövlətin sosial müdafiə proqramından yararlanıb, onlara ya pensiya, ya da müavinət verilib. Məsələ burasındadır ki, əlilliyi olmayanlar əlillik dərəcəsi alıb, əlilliyi olanlar isə əlillik dərəcəsi almaqda çətinliklərlə qarşılaşıb. Onlar həmin dövrdə bu hüquqdan istifadə edib, sosial müdafiə proqramlarından yararlana bilməyib".

Qubad İbadoğlu qeyd edib ki, hazırda bu səbəbdən bütün əlillər yenidən 3-4 pilləli yoxlanışlardan keçirilir: "Bu dövrdə onlara ödənişlər dayandırılır. Yenidən yoxlama və əlillik dərəcəsi təyinatının verilməsi aylarla çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bildirib ki, "2021-ci ilin I rübünün nəticələrinə əsasən, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olunub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır. Ona görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır. Heç kəs cəzalanmadan saxta əlillik ləğv edilir, onlara ödənilən pullar geri qaytarılır".