Səməd Rəhimli: “Avropa Məhkəməsinin qərarına görə, Azərbaycan da Ermənistana təzminat ödəməlidir”
18-02-2021 12:57 / Bu xəbər 4180 dəfə oxundu
"Avropa Məhkəməsinin qərarı ilə Azərbaycan əvvəllər indiki Goranboyun cənubu, əvvəlki adıyla Şaumyan rayonunda yaşamış və müharibə çərçivəsində qaçqın düşmüş ermənilərə kompensasiya ödəməlidir”.
Hüquqşünas Səməd Rəhimli "Toplum TV”yə müsahibə verib.
O, I Qarabağ müharibəsindəki dağıntılara görə Ermənistanın Azərbaycana ödəməli olduğu iddia edilən təzminatla bağlı sualları beynəlxalq hüquq müstəvisində cavablandırıb.
- Səməd bəy, açıqlamalarınızın birində qeyd etmisiniz ki, Ermənistanın Azərbaycana I Qarabağ müharibəsinə görə təzminat ödəməsini təmin edəcək hüquqi mexanizmi yoxdur. Bu fikrinizi əsaslandıra bilərsinizmi?
- Ermənistanın Azərbaycana I Qarabağ müharibəsində 53,5 milyard dollar dəyərində ziyan vurması məsələsi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) "Azerbaijan Human Development Report 2000” sənədində qeyd edilib. II Qarabağ müharibəsindən sonrasa ictimaiyyətdə 50 milyard dollarlıq təzminat məsələsi qaldırılır. Lakin kompensasiya ödənilməsi üçün hüquqi əsas, yəni ziyan faktı yetərli deyil. Bunu təmin edəcək hüquqi mexanizm - təzminatın təyin və icra edilməsi məsələlərində tərəflər üzərində səlahiyyətə malik qurumlar olmalıdır, məsələn, məhkəmə, tribunal, komitə və sair. Dövlət daxilindəki mübahisələri, adətən, məhkəmələr həll edir. Beynəlxalq insan haqları hüququnun inkişafıyla fərdlərin dövlətlərə qarşı iddialarını araşdıran və qərar qəbul edən tribunallar da yaranıb, məsələn Avropa İnsan Hüquqları Məhkəməsi kimi. Amma bu qurum dövlətlərarası mübahisələri həll etmir. Qeyd edim ki, müharibə tərəfləri hüquqi mexanizm olmadan da özləri arasında təzminat məsələsini həll edə bilərlər. Amma bu artıq sülh danışıqlarının predmeti olur və bu halda da yenə hüquqi mexanizm mövcud olmur.
- Dediyinizdən belə anlaşılır ki, təzminat məsələsini tənzimləyən qurum yoxdur.
- Beynəlxalq Ədalət Məhkəməsinə müracət etmək olar. Amma bunun üçün tərəflərinin hər ikisinin birgə müraciəti olmalıdır, yəni həm Ermənistanın, həm də Azərbaycanın. Hazırda bunun perspektivi yoxdur, çünki Ermənistanın qoşulacağı inandırıcı deyil. Avropa İnsan Hüquqları Məhkəməsinə isə ancaq bir məzmunda – Ermənistanın insan hüquqlarını pozmasıyla bağlı fərdi qaydada müraciət etmək olar. Azərbaycandan olan məcburi köçkünlər Çıraqov və digərləri I Qarabağ müharibəsinə aid faktlarla bu quruma müraciət ediblər və məhkəmə 2015-ci ildə qəbul etdiyi qərarda göstərib ki, Ermənistan həmin şəxslərin hüquqlarını pozub.
2017-ci ildə isə Avropa Məhkəməsi həmin iş üzrə kompensasiya ödənilməsinə dair qərar çıxarıb və kompensasiyanın miqdarını maddi və mənəvi tələblər üzrə 5 min avro müəyyən edib. Məhkəmə kompensasiya məbləğini onunla əsaslandırıb ki, zaman keçdiyi üçün maddi tələbləri hesablamaq mümkün deyil, yaxud çətindir və diskresion səlahiyyətinə istinadən bu məbləğdə təzminat təyin etməyi münasib sayıb. Avropa Məhkəməsi həmçinin qeyd edib ki, qalan kompensasiya məsələləri danışıqlar prosesində həll edilməlidir. Yəni nəzərə almaq lazımdır ki, bu məhkəməsinin təyin edəcəyi kompensasiya məbləği az olur. Və daha bir vacib məqam - hesablanmış 50 milyard dollarlıq kompensasiya miqdarının əksər hissəsi fərdlərə aid ziyan deyil, dövlət mülkiyyətinə dəymiş zərərdir. Həmin vaxt Azərbaycanda özəlləşdirmə həyata keçirilməmişdi. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsi ziyanın məbləğini Ermənistanın Konvensiyanı ratifikasiya etdiyi 2002-ci il tarixindən hesablayır və məcburi köçkünlərə dəymiş zərərin dəqiq hesablanmasının zaman amilinə görə mümkün olmadığını, yaxud çətin olduğunu bildirir. Ona görə də istər dövlət mülkiyyətinə, istərsə də məcburi köçkünlərə dəymiş zərərin tam həcmdə hesablanmasının real olmadığını və 50 milyard dollarlıq kompensasiyanın Avropa Məhkəməsi vasitəsilə ödənilməsinin mümkün olmadığıı demək lazım gəlir.
- Bildiyim qədərilə, Ermənistan da Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
- Elədir, məhkəmə I Qarabağ müharibəsiylə bağlı yalnız azərbaycanlı məcburi köçkünlərin lehinə qərar çıxmayıb. Həmçinin Azərbaycana qarşı əvvəllər Goranboyda yaşamış və müharibə nəticəsində qaçqın düşmüş ermənilərin də tələbi Avropa Məhkəməsi tərəfindən təmin edilib. Bu qərar da 2015-ci ildə qəbul edilib ("Sarqsyan Azərbaycana qarşı” işi). Həmin iş üzrə də kompensasiya 5 min avro təyin edilib və qərarın icrası üzrə iş Avropa Şurası Nazirlər Komitəsində davam etdirilir. Azərbaycan əvvəllər indiki Goranboy - əvvəlki Şaumyan rayonunda yaşamış və müharibəyə görə qaçqın düşmüş ermənilərə kompensasiya ödəməlidir.
- BMT-nin Kompensasiya Şurası da bu məsələdə hər hansısa hüquqi rola sahib ola bilməz?
- Hüquqi mexanizmlərin olmamasıyla bağlı açıqlamama etiraz edənlər bu qurumu xatırlatmışdılar. Qeyd edim ki, Kompensasiya Şurası BMT-nin Təhlükəsizlik Şurası tərəfindən İraqın Küveyti işğal etməsi ilə əlaqədar təsis edilib və yalnız Körfəz müharibəsində dəymiş ziyanlara aiddir, yəni bizim o quruma müraciət etməmiz mümkün deyil. Azərbaycan üçün analoji kompensasiya şurası yaradılmayıb. Bundan əlavə, belə bir perspektiv də yoxdur və ya çox az ehtimal olunur. Nəzərə alaq ki, Təhlükəsizlik Şurasında Fransa kimi dövlətlər var. Onların bunu dəstəkləməsi real deyil. I Qarabağ müharibəsində dəymiş zərərin ödənilməsiylə bağlı hüquqi perspektivlər yuxarıda sadaladıqlarımdan ibarətdir. Bir daha təkrar edim ki, gələcək sülh danışıqları çərçivəsində təzminat məsələlərinin qaldırılması kompensasiyanın ödənilməsini təmin edəcək hüquqi mexanizm olması mənasına gəlmir.