Səməd Şıxı sərbəst buraxılıb
24-08-2024 23:24 / Bu xəbər 691 dəfə oxundu
Avqustun 23-də axşam saat 19.00 radələrində dostlarına mesaj yazaraq, hava limanında saxlandığını deyən ictimai fəal və yazar Səməd Şıxı bir sutka sonra sərbəst buraxılıb.
O, avqustun 24-də saat 19.00 radələrində yaxınları ilə əlaqə saxlayaraq, bu barədə məlumat verib.
Yaxınları Meydan TV-yə bildiriblər ki, Səməd Şıxı artıq evdədir.
Lakin o, son bir sutka ərzində başına gələnlər barədə müsahibə vermək istəməyib.
İctimai fəal buraxılmamışdan 2-3 saat əvvəl onun "Facebook” hesabından bir paylaşım olunub.
Orada göstərilib ki, bu günlərdə dövlətə xəyanət ittihamı ilə həbs olunan gənc politoloq, Çexiyadakı Çarlz Universitetinin doktorantı Bəhruz Səmədovun işi üzrə şahid qismində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadə verib.
İfadədə Bəhruz Səmədovun onu xaricdə müəyyən ermənilərlə görüşdürdüyünü və bütün maliyyə xərclərinin qarşılandığını deyib.
Statusda vurğulanıb ki, o, DTX-ya ifadə vermək üçün dəvət olunub, orada təzyiqə məruz qalmayıb.
Dostları hesab edir ki, bu paylaşımı DTX əməkdaşlarının özləri yazıb.
Onların sözlərinə görə, telefonu da hazırda Səməd Şıxıda deyil.
Bundan başqa( Səməd Şıxının yeri haqda bir sutka ərzində, hətta ailə üzvlərinə belə məlumat verilməyib.
Onun qanunsuz saxlanması barədə isə sosial şəbəkələrdə müzakirələr gedir.
Həmçinin Səməd Şıxı özü avqustun 23-də dostlarına Gürcüstana gedərkən hava limanında saxlandığını bildirmişdi.
Yayılan statusda isə onun DTX-ya dəvət olunduğu yazılıb.