Səmimi şübhə, yoxsa məqsədli inanc?!

Səmimi şübhə, yoxsa məqsədli inanc?!

24-04-2019 00:43 / Bu xəbər 2621 dəfə oxundu

Ayşən Hüseynova

"Bizim bütün ləyaqətimiz düşüncəmizdədir”, – bunu - fransiz şairi Blez Paskal deyirdi. 

Başqa fikrini isə belə ifadə edirdi: "İnsan çox güman ki, düşünmək üçün yaradılıb, onun bütün üstünlüyü, bütün xidməti bundadır; onun əsas vəzifəsi lazımı şəkildə düşünməkdir... Ancaq insanlar nə haqda düşünür?”.

Əslində, ikinci aforizmin sonuncu cümləsi Paskalın birinci aforizmini tamamlayır.

Doğrudan da, insanın düşüncələri onun ləyaqətinin göstəricisidir? Ləyaqət və düşüncə arasında bağlılıq var?  Onda belə çıxır ki, biz düşüncələrimizi idarə etməliyik. Nəyi düşünmək olar, nəyi olmaz?

Paskala görə, insan biliyinin hüdudu yoxdur, çünki dərketmə obyekti olan təbiət sonsuzdur”.

Bunu başqa cür ifadə edək: düşüncələrimizin hüdudu yoxdur, bizi əhatə edən reallıq kimi... Dərketmə obyekti olan təbiət sonsuzdursa, onu dərk etməyə çalışan insan beyni daha mürəkkəb və hüdudsuzdur. 

İnsan hər şey barədə düşünə bilər. Varlığını və var olma səbəbini sorğulamaqdan başlayaraq ən xırda detallara qədər getməkdə sərbəstdir insan. Ləyaqət, əxlaq, inanc və bu kimi məkana və məqama görə dəyişə bilən nisbi anlayışlar düşünmənin, sorğulamanın qarşısına keçməməlidir. 

Düşünmək və sorğulamaq birbiriylə vəhdət halındadır. Bir şeyi sorğulamaq və bir şey haqda düşünmək (fərq etməz bu nə ilə bağlıdır) gerçək olanı axtarma yoludur. Davamlı hər şeyi sorğulayan və hər şey barədə düşünən bir insan dinclik içində olmaz, doğrudur, çünki bu insan hər şeydən şübhə edəndir. Ətrafındakı hər şeyə qarşı bir sorğu içindədir. İnanan insanın psixoloji vəziyyəti sorğulayan insanınkından daha dinc və pozitivdir. 

Bəs belə vəziyyətdə olduğu halda insan niyə sorğulayır? Çünki belə bir insan sorğulamadan yaşaya bilməz. O, heç vaxt inanan insan olmayıb və olmayacaq. O, sorğulayandır, öz-özünü yeniləyəndir. 

"Sizi ac qalmaq narahat etmirsə, küt qalmaq da narahat etməyəcək”, – S. Jobs deyirdi. İnsan da buna görə sorğulayır. Bilgisiz qalmaq, sizə təqdim olunan limitli həyat tərzini yaşamaq, yəni başqalarının sizin üçün yazdığı həyatı yaşamaq sizə o "saxta” dincliyi və nikbinliyi verirsə, onda siz "nikbin” qalmağa davam edin. 

İnsan daima özünü tətmin etmə duyğusunda olur. Sorğuladıqca beynindəki sual işarələri azalır və həqiqətə yaxınlaşdığını hiss edir. 

"Elmi aspektdən yanaşma inancı azaldır!”  Bir şeyə kor-koranə inanmaq və düşünərək inanmaq arasındakı fərq; düşünərək gəldiyimiz nəticələrə olan inancımız kor-koranə olan inancımızdan daha güclü olar. Kor-koranə olan bir inanma onsuzda tam bir iman deyil. Çünki nəyə nə üçün inandığımızı bilmirik.

"Paskal mərci” deyə bir arqument var. Paskal zənn edirdi ki, Allahın olması və olmaması ilə bağlı müxtəlif görüşlərdə olmaq olar. Lakin Allahın varlığı sübut olunarsa, inamsızların itkiləri daha böyük olacaq. Yəni Allaha inanmaq bütün hallarda daha sərfəlidir. Bir sözlə, sərfəli olanı seç! 

Doğrudan da nəyəsə inanıb-inanmamaq seçimlə olur?

Təkamülçü bioloq, ateist alim Richard Dawkins "Allah – illuziya kimi” əsərində həmin yanaşmanı belə izah edir: "Nəyəsə inanıb-inanmamaq seçimlə olmur. Məsələn, mən sadəcə nəyəsə inanmağa qərar verdiyim üçün o həmin nəyəsə inana bilmərəm. Mən öz qərarımın əsasında kilsəyə gedə, Bibliya oxuya və ona inandığıma and içə bilərəm. Amma bütün bunlar məni inanclı insan etməyəcək".

Bunları nəzərə alaraq Paskalın fikrinə yenidən qayıtsaq, aydın olur ki, fikir sadəcə buna xidmət edir: özünü inanclı göstərmək daha sərfəlidir.

Bəs birdən Allah başa düşsə ki, biz ona sadəcə sərfəli olduğu üçün inanırıq? Bəlkə, Allah üçün səmimi şübhə məqsədli inancdan daha dəyərlidir?

Psixologiya elminə görə, inanmağı da seçimlə etmək olar (təlqin və başqa üsullarla), yetər ki, sən inanmaq istə! 

İnanmağın əsas şərti inandığımız şeyin bizə görə ağla batan olmasıdırsa, onda hansı təlqindən söz etmək olar?  İnanmağı istədiyimiz şey məntiqimizə ziddirsə, ona inana bilərikmi? 

İnanmaq nə seçimlə, nə də təlqinlə olar. İnanclı və inancsız insan yoxdur, düşünən və düşünməyən insan var.