Şəmkirdə şantajda ittiham olunan polis əməkdaşından daha bir şikayət

Şəmkirdə şantajda ittiham olunan polis əməkdaşından daha bir şikayət

01-08-2022 14:01 / Bu xəbər 329 dəfə oxundu

Kamil Abdullayev: "Bizə də maraqlıdır ki, bu adamlar niyə cəzasız qalır?”

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları yenə də təsir dairələrində saxladıqları qadından istifadə edərək, şantajla rayon sakinlərindən pul tələb etməkdə ittiham olunurlar. 

Bir müddət öncə Şəmkirdə iş adamı Arzu Cabbarovun ölümündə adı hallanan polis əməkdaşı Etibar Yaqubovdan bu dəfə rayon sakini Kamil Abdullayev şikayətçidir.

"Etibar dedi ki, 1000 manat sən ver, 500 də qonşun…”

Şəmkirdə market işlətməklə ailəsini dolandırdığını deyən Kamil Abdullayev bildirib ki, iyulun 12-də tanışlardan birinin yas məclisinə getdiyinə görə mağazaya müvəqqəti nəzarət etməyi 14 yaşlı bacısı oğluna tapşırıb. 

Onun sözlərinə görə, həmin vaxt mağazaya Əfsanə adlı qadın gəlib və yeniyetməni ona sataşmaqda ittiham edib: "Həmin məqamda qonşumuz Kamil Əliyev də mağazada olub. Qadına deyib ki, "axı mən də burada idim, o uşaq sənə sataşmadı”. Bu hadisədən bir gün sonra mən marketdə olanda polis əməkdaşı Etibar Yaqubov gəldi, yanında da Ruslan adlı başqa bir polis vardı. Etibar başladı gündəlik nə qədər qazandığımı soruşmağa. Bir az bu mövzuda sorğu-sualdan sonra dedi ki, "sənin haqqında Daxili İşlər Nazirliyinin "102” xidmətinə şikayət olunub, mağazada qadına sataşmısınız. Məni də, qonşumuz Kamil Əliyevi də şöbəyə apardı…”

Kamil Abdullayev danışır ki, Şəmkir Rayon Polis Şöbəsində izahatında qadının şər atdığını, belə bir hadisənin baş vermədiyini deyib. 

O iddia edir ki, polislər bu məsələni bağlayıb, ondan əl çəkmələri üçün pul istəyiblər: "Etibar mənə dedi ki, "1000 manat sən ver, 500 də qonşun Kamil versin, bu söhbət bağlansın. Razılaşmadım, dedim ki, bir qəpik də verən deyiləm. Sahə müvəkkili dedi ki, "ilişəcəksən”. Polis şöbəsindən çıxanda növbətçi hissədən telefonumu aldım, çıxıb Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng eləmək istəyirdim ki, həmin o Əfsanə adlı qadından zəng gəldi. Məni hədələyib dedi ki, "sən elə bilirsən şöbədən canını qurtardın deyə, məndən də canını qurtara biləcəksən?” Sual olunur, o qadına kim xəbər vermişdi ki, mən polis şöbəsindən çıxdım?”

"Məndən pul tələb etməsini təsdiqləyən səs yazısı var”

Təkrar Şəmkir Rayon Polis Şöbəsinə qayıdıb, eyni sualı polis əməkdaşlarına da ünvanlayıb, yeri barədə Əfsanə adlı qadına kimlərin məlumat verdiyini soruşub. Lakin polis əməkdaşları onu sakitləşdirib.

"Etibar dedi ki, "narahat olma, biz ona tapşırarıq”. Mənim yanımda sahə müvəkkilinin telefonu ilə qadına zəng edib dedi ki, "bir də o əraziyə getmə”. Bir gün sonra Etibar marketə gəlib məndən 1000 manatı, qonşumuz Kamilgilə də gedib, 500 manatı tələb edib. Etibarın məndən pul tələb etməsini sübut edən səs yazısı da var”, – şikayətçi belə deyir.

Kamil Abdullayev əlavə edib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı Etibar Yaqubovun adını bir müddət əvvəl Arzu Cabbarovun ölüm işiylə əlaqədar mətbuatdan oxuyub. 

Həmin işdə də iddia olunur ki, polis əməkdaşları Yeganə adlı qadını təlimatlandırıb, müxtəlif iş adamlarıyla görüşməyə göndərir, sonra da həmin şəxsləri şantaj edib pul alırdı.

"Həmin hadisədə cəzalansaydı, indi bizə qarşı belə eləməzdi”

Arzu Cabbarovun ölümündən sonra Yeganə Yusifova özü də bunu Meydan TV-yə müsahibəsində etiraf etmişdi

O bildirmişdi ki, növbəti qurban Arzu Cabbarov olub, onunla görüşdükləri vaxt polis əməkdaşı qəfil daxil olub, çəkiliş etməyə başlayıb və bu zaman iş adamı ilə aralarında mübahisə yaranıb. Polis dava zamanı sınmış qapı şüşəsilə Arzu Cabbarova zərbələr endirib. Zərbələrdən biri onun arteriya damarına düşüb. 

Yeganə Yusifovanın sözlərinə görə, həmin vaxt hadisə yerində olanlardan biri də Etibar Yaqubov idi.

Sonradan adıçəkilən qadının atası Dilqəm Yusifov bildirmişdi ki, qızı həqiqəti danışmasın deyə, günlərlə Şəmkir Rayon Polis Şöbəsində saxlanılıb, Arzu Cabbarovun onun özüylə mübahisə zəminində damarını doğrayıb intihar etnəsi haqda yalan ifadə verməsi üçün işgəncələrə məruz qalıb. 

Ardınca polislərin Gəncədə kirayə tutduqları evdə gizlədilib. O müddətdə dolanışıq üçün Yeganə Yusifovanın bank kartına pul köçürənlərin biri Etibar Yaqubov olub.

On gün əvvəl Daxili İşlər Nazirliyi Yeganə Yusifovanın özünün dələduzluq ittihamıyla həbs olunması haqda məlumat yaydı. 

Məlumatda iddia olunur ki, adıçəkilən qadın vətəndaşlardan sosial mənzil, pensiya, işə qəbul, sosial yardım düzəltmək, həmçinin fala baxmaq adıyla pul alaraq, onları aldadıb. O, ümumilikdə 21 nəfərin 56 min 940 manat pulunu ələ keçirməkdə ittiham olunurdu.


Kamil Abdullayev

Yeganə Yusifova özü də əvvəldən müsahibəsində etiraf etmişdi ki, onlar polis şöbəsinə şikayətlər olub. Bundan sonra polislər onu özlərilə əməkdaşlığa cəlb edib, müxtəlif şəxslərlə görüşdürüb, şantajla onların pulunu alıblar.

Daxili İşlər Nazirliyi isə Yeganə Yusifovanın istər polislərin ondan şantaj vasitəsi kimi istifadə etməsi, istərsə də Arzu Cabbarovun ölümünün səbəbi haqda dediklərini təkzib etmişdi.

Kamil Abdullayev deyir ki, öz başına gələnlərdən sonra Arzu Cabbarovala bağlı bir müddət əvvəl mediadan oxuduqlarını xatırlayıb və mərhum iş adamının ailəsini axtarıb tapıb: "Onlardan soruşdum ki, Etibar Yaqubov və digər polislərdən şikayətlərilə bağlı durum nə yerdədir. Etibar Yaqubov həmin hadisədə cəzalandırılsaydı, indi bizə qarşı belə eləməzdi. Bunlar özlərini nə qədər arxayın hiss edirlər ki, barələrində prokurorluqda araşdırma getdiyi halda, yenə də əməllərindən qalmırlar. Bizə də maraqlıdır ki, bu adamlar niyə cəzasız qalır? Aydın məsələdir ki, cəzasızlıq mühiti də yeni-yeni cinayətlərə yol açır”.

"Şəmkir Rayon Prokurorluğu cinayətin ört-basdır edilməsi prosesində iştirak edib”

Mərhum Arzu Cabbarovun həyat yoldaşı Zəminə Əhmədova deyir ki, vəkili istintaqa 10-dan artıq vəsatət, o cümlədən polis əməkdaşlarının bu işdə rolunu təsdiqləyən çoxsaylı faktlar, səs yazıları təqdim edib. 

Onun sözlərinə görə, təqdim olunan faktlar polislərin Arzu Cabbarovla bağlı öncədən plan qurmasını, hadisədən sonra Yeganə Yusifovanı gizlətməsini, ondan həqiqəti danışmamağı tələb etməsini təsdiqləyir.

Zəminə Əhmədova deyir ki, prokurorluq bütün bu faktları obyektiv araşdırmaq niyyətində deyil, prosesin gedişi belə düşünməyə əsas verir: "Prokurorluq formal istintaq aparıb, axırda da cinayət işinə xitam vermək niyyətində görünür. Şəmkir rayon prokuroru Azər Hətəmov və müstəntiq Nicat Məmmədli ilk gündən gözəl bilirdilər ki, Yeganə Yusifova Şəmkir polisində qanunsuz saxlanılır, ona cinayəti törədənlər tərəfdən təsir olunur. Bunun qarşısını nəinki almayıblar, əksinə, özləri də cinayətin ört-basdır edilməsi prosesində iştirak ediblər. İndi də eyni addımları Baş Prokurorluğun İstintaq İdarəsi atır”.

Zəminə Əhmədovanın vəkili İlqar Rüstəmov bu iş üzrə istintaqa yetərincə tutarlı sübutlar təqdim etdiklərini deyir. 

Vəkil də Şəmkir Rayon Prokurorluğunda aparılmış ilkin istintaqdan narazıdır. Müdafiəçi bildirib ki, istintaq sirri olduğuna görə bu barədə çox danışa bilmir: "İş üçün əhəmiyyətli elə hallar var ki, cinayət baş verəndən dərhal sonra – ilk günlərdə onları müəyyən etmək mümkün olardı. Biz Yeganə Yusifovanın hadisədən sonra təxminən 6-7 gün Şəmkir Rayon Polis Şöbəsində qanunsuz saxlandığını təsdiqləyən sübutları təqdim etmişik. Ola bilməz ki, rayon prokurorluğu bunu bilməyəydi. Ona görə də hesab edirəm ki, Şəmkir Rayon Prokurorluğuyla bağlı da xidməti araşdırma aparılmalıdır”.

Daxili İşlər Nazirliyi: "Həm qadının şikayəti üzrə, həm də səs yazısıyla bağlı araşdırma gedir”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Kamil Abdullayevin şikayətilə əlaqədar bildirilib ki, bu məsələ ilə bağlı hazırda araşdırma aparılır. Çünki Şəmkir rayon sakini olan bir qadın polis şöbəsinə şikayət edərək bildirib ki, Şəmkirdəki mağazalardan birində yetkinlik yaşına çatmayan bir nəfər və orada olan Kamil adlı adlı şəxs onun haqqında nalayiq ifadələr işlədib gülüblər: "Qadının şikayəti əsasında da Şəmkir Rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb. Hazırda araşdırmalar davam etdirilir”.

Polis əməkdaşı Etibar Yaqubovun pul tələb etməsilə bağlı Kamil Abdullayevin təqdim etdiyi səs yazısına gəlincə, Daxili İşlər Nazirliyindən bildirilib ki, bununla əlaqədar da müvafiq araşdırma başlayıb: "Araşdırmaların nəticəsindən asılı olaraq hər iki məsələyə hüquqi qiymət veriləcək”.

Sözügedən səs yazısında tərəflərdən biri istənilən pulun düzəlib-düzəlmədiyini soruşur. Digər tərəf isə bunun mümkün olmadığını, cəmi 100 manatı olduğunu deyir.
 
Mənbə: Meydan TV