Sən bu ölkədə hələ nəyəsə ümid edirsən?

Sən bu ölkədə hələ nəyəsə ümid edirsən?

19-11-2017 18:29 / Bu xəbər 1432 dəfə oxundu

Hüseynbala Səlimov
 
Elə bir vaxt gələcək ki, başını götürüb qaçmağa yer də tapmayacaqsan. Bu ölkənin özündən özünə qaçmaq istəyəcəksən. Amma hara gedəcəksən, dəmir əllər uzanacaq ardınca, səni öz məngənəsinə alacaq, sıxacaq, sıxacaq...

Mənə elə gəlir ki, C.Londonun "Dəmir daban” romanını indi daha yaxşı başa düşürəm...

O vaxt, o uzaq uşaqlıqda heç ağlıma da gəlməzdi ki, bir vaxt oliqarxiyanın hökm sürdüyü ölkədə yaşayacam. O vaxt mən heç bilmirdim ki, totalitar bir dövlətdə yaşayıram. 
Vallah, bilmirdim bunu. Heç 37-dən–filandan da xəbərim yox idi. Amma Cənubi Azərbaycandan xəbərdar idim. "Heydərbabaya salam” haqqında da eşitmişdim. Hətta bir nəfər mənə oxumaq üçün üzü əllə köçürülmüş "Gülüstan” poemasını da vermişdi... 

O vaxt mən nə az, nə də çox, səkkizinci sinifdə oxuyurdum. Həmin vaxt bir cinayət işlətdim- bu ölkəni, bu torpağı və onun insanlarını sevdim... 

Həm də ağlıma gəldi ki, bu ölkə daha da yaxşı ola bilər, onun insanları lap mələk-misal ola bilərlər, yetər ki, hamı azacıq bunun üçün çalışsın, azacıq əziyyət çəksin. 
Ona görə də Moskvada tələbəliyi başa vuranda heç orada qalmaq haqqında düşünmədim də. Düz Azərbaycana gəldim və ilk zərbəmi aldım-düz altı ay məni get-gələ saldılar, axırda da elə bir "institut”a göndərdilər ki, onun adını hələ də dırnaqdan kənarda yaza bilmirəm...

Amma mən sınmadım. Həvəsdən düşmədim. Fikirləşdim ki, məgər sən özün bu ölkəni belə təsəvvür etmirdinmi? Qolunu çırmayıb onun gözəlləşməsi naminə gecə-gündüz calışmağa hazır deyildinmi? Hazır idin axı! Bilirdin ki, bu ölkədə səni gül-çiçəklə qarşılamayacaqlar, heç diplomuna da baxmayayacaqlar, daha doğrusu, baxıb bir az da sıxışdıracaqdılar. Amma sən bunların hamısına hazır idin. Hara gəldiyinin fərqində idin...

Bir də baxıb gördün ki, sən tək deyilsən. İnsan selinin meydanlara sığmayan vaxtı gəldi. Bu sel səni də ağuşuna aldı. Bu sel sənə ümid verdi, dayaq oldu və sən bir mitinqi buraxmadın, hamısına getdin, danışılanları, deyilənləri hava və su kimi uddun... Bir neçə il belə keçdi...

Nəhayət, bir gün meydandakıların hökumət evinə köçü başladı. Sən yenə də özün üçün heç nə istəmədin. Fikirləşdin ki, artıq düzələcək bu ölkə... Ölkə özü savadlıları, vətənpərvərləri axtaracaq...

Bu günlərin də bir ildən artıq çəkmədi. Bir ildən sonra müstəqil dövlətin başına onu sovet keçmişində sənin üçün cəhənnəmə çevirənlər gəldi. Amma sən yenə də sınmadın, əyilmədin. Aralana, başqa işlə məşğul ola, hətta bu ölkəni tərk edə də bilərdin. Amma etmədin. Ona görə ki, sən bu ölkəni sevmişdin. Sevmək də günahdırmı? 

Neçə il, düz 21 il belə gəlib keçdi. Sən bu illərdə onların sayının fərqində olmadın. İlləri öz məsləkinə, ideallarına xərclədin. Ağlına da gəlmədi ki, 21 il bir dahi ömrüdür. Sən bunun fərqində olmadın. Amma uşaqlıqda ayrıla bilmədiyin kitablardan biri də Evarist Qalua haqqında idi. Qalua cəmi 21 il yaşamışdı. Sən isə 21 ili küləklərə verdin, üfürdün getdi...

Bir də ayılıb gördün ki, "bir həsirsən, bir də məmmədnəsir”... Yaş keçib, saç ağarıb, az qala diş də tökülüb, amma sən piyadasan... Yenə də bunun fərqində olmadın. İnandın, ümid etdin, gözlədin, mübarizə apardın - bir yeri bağladılar, bir işığı tıxadılar, sən yenə də ümid etdin, başqa bir yerə getdin...

 
21 il belə gəlib keçdi. Qiymət verdilərmi sənə? Sən bunu heç ummadın da...

Bəxtəvərlərə baxıb köks ötürmədin, bədbəxtlərə, əzilənlərə baxıb ah çəkdin və yenə də inandın, ümid etdin, ümid verdin...
Düz 21 il oliqraxiyanın dəmir dabanını duydun, hiss etdin. Bir də gördün ki, o, sənin də dabanını tapdayır. Amma sınmadın, qaçmadın, "Mən kimdən artığam ki?” dedin...
Budur, artıq qaçmağa yerin də yoxdur. Bir də ayılıb gördün ki, heç kimə lazım deyilsən. Bir də ayılıb gördün ki, ürəyini məşələ çevirdiyin cəmiyyətə də heç lazım deyilsən. Sən onun üçün kiçik bir odun çöpüsən. Yanmırsansa, yandırmırsansa külünü sovurub özünü də bir tərəfə tullayırlar... Amma sən bu aqibətindən də ibrət götürmədin. Yenə də inandın, yenə də sevdin...

Artıq özün də sonuncu dayanacağa çox qalmadığını hiss edirsən, duyursan. Elə ürəyinin dərinliklərində məğlubiyyətini də hiss edir, başa düşürsən. Amma bu fikirləri özünə yaxın buraxmaq istəmirsən... 

Kim mane olur, kim qoymur səni? Bilmirsən? Yox, bilirsən! Bəlkə də səni üzü küləyə doğru qovan sənin o gənclik "eqo”ndur?
Sən sual verməyi sevərdin... Buyur, indi sonuncu sualını ver: "Sən bu ölkədə hələ nəyəsə ümid edirsən?”...

Musavat.com
27.12.2014