Sənin ilin…

Sənin ilin…

19-01-2021 18:43 / Bu xəbər 943 dəfə oxundu

…Təsəlli vermə, bilirik itkisiz olmur, ömrümüz yoxluqlar içindədir, görə-görə gəlirik. 

İki gözümüzün birdən güldüyü olmadı, dözdük, dərdlə qaynayıb-qarışdıq, baş-başa yaşadıq. Amma iç-içə olsaq da, itkiyə, yoxluğa, ayrılığa alışmadıq, hər dərdi siftə dərd, dərdin siftəsi kimi çəkdik, Aynur…

Sənin yoxluğunla başlayan il boyunca dostlar bir-birini ovundurdu, birgə ağrıdıq, yandıq, dözdük, amma itkiyə alışmadıq, təsəlli tapmadıq.

Xeyir-şəri urvatsız eləyən bir mərəz içində varlığımız alt-üst oldu. Sənin müsibətin kölgədə qalmadı amma. Qara xəbərindən başlamışdı il.

Çox dost-qardaş itirdik bir ildə, ağladıq. Ən çox səni andıq amma. İlk itkimiz olmuşdun.

Tapdanmış yurdumuz şəhid qanı ilə halala çıxdı, iki gözümüzün biri güldü. Ən böyük yoxluğa – yurdsuzluğa son qoyan il yurd kimi əziz adamı aparmışdı.

İl sənin ilindir, Aynur…

Sən bir gün işə çıxmayanda darıxırdıq. Gör necə qəribsəyirik…

Ziyarətinə gələ bilmirik, yolumuz bağlıdır – yasaq var.

Sənsiz ərsəyə gəlmiş kitabının başına toplaşa bilmirik – yasaq var.

Məclisinə, ilinə yığışa bilmirik – yasaq var.

Nisgilliyik. Alışa bilmirik bu yoxluğa, təsəlli vermə…

Hikmət Sabiroğlu

1976-cı il yanvarın 27-də doğulan Aynur Mirhəsən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 

"Yeni Müsavat”, "Üç nöqtə”, "Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub.

2016-cı ildən Türkiyənin İstanbul şəhərində neyromarketinq üzrə ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda, ata yurdu olan Şamaxı yaxınlığındakı Qayıblı qəbiristanlığında dəfn olunub.

Ölümündən sonra jurnalistin "Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb.
 
Mənbə: novator.az